GİLZAİLƏR (özlәrini q a l c ı, k i l c i adlandırırlar) – Əfqanıstanın ş.-indә (Zabul vә Qazni әyalәtlәri) vә Pakistanın şm.-q.-indә (ş.-dә Süleyman d-rınadәk) puştuların әsas tayfa birliklәrindәn biri. Köçәri G. yayda şm.-a Kuhistana, hәmçinin Bәdәxşan vә Fәryab әyalәtlәrinә yaylaqlara köçürlәr. Sayları 2 mln. nәfәrdәn çoxdur (2006). Qәrbi, yaxud Turan (xәruti, tuxi, hotәki, әndәri vә s. tayfalar) vә şәrqi, yaxud Buran (süleymanxeyl, әlixeyl, tәrәki vә s. tayfalar) qruplara bölünürlәr. Gilzai puştu dialektindә danışırlar. Dindarları müsәlmandır.
G. 11–13 әsrlәrdә Qәznә yaylasında köç edәn xәlac, yaxud hilci türk tayfasından törәmişlәr. Dehli sultanlığında (1451– 1526) Lodilәr sülalәsinin banilәri olmuşlar. 17 әsrin ortalarından G. Sәfәvilәrin hakimiyyәti altına düşmüşlәr. 18 әsrin әvvәllәrindә İrandakı daxili çәkişmәlәrdә mühüm rol oynamışlar. 1709 ildә hotәki tayfasının başçısı Mir Veys puştu tayfalarının Sәfәvilәrә qarşı üsyanına başçılıq etmiş, paytaxtı Qәndәhar ş. olan Gilzai әmirliyini yaratmışdı. 1722–29 illәrdә G. Sәfәvilәrin paytaxtı İsfahanı, hәmçinin Kirmanı vә Fars әyalәtlәrini işğal etmişlәr. 1738 ildә G. Nadir şahın hakimiyyәti altına düşmüşlәr. 1747 ildә G. Dürrani dövlәtinin tәrkibinә daxil olmuşlar. 19–20 әsrlәrdә G. Britaniya müstәmlәkәçilәrinә qarşı mübarizәdә vә İngiltәrә–Əfqanıstan müharibәlәrindә aparıcı rol oynamışlar. Əfqanıstanın rәhbәrlәri N.M.Tәrәki, H.Əmin vә M.Nәcibulla, hәmçinin taliblәrin başçısı M.Ömәr G.-dәndirlәr.