GİMNASTİKA (yun. gymnastikê; gymnazò – mәşq edirәm, hәrәkәt edirәm) – insanın hәrtәrәfli, ahәngdar fiziki inkişafına vә sağlamlığının möhkәmlәndirilmәsinә xidmәt edәn, güc, çeviklik vә dözümlülüyü artıran fiziki hәrәkәtlәr sistemi. G. növlәri üç qrupda birlәşir: 1) әsas G. (gigiyena G.-sı); 2) idman G.-sı (akrobatika vә bәdii G.); 3) yardımçı G. (istehsalat gimnastikası vә müalicә G.-sı).
Ə s a s G. ümumi fiziki inkişafa, gündәlik fәaliyyәtdә lazım olan başlıca vәrdişlәrin tәkmillәşmәsinә kömәk edir. Mәktәbәqәdәr vә mәktәbyaşlı uşaqların, hәmçinin ümumi fiziki hazırlığı çatışmayan uşaqların fiziki tәrbiyәsindә mühüm vasitә olan әsas G.-da mürәkkәb olmayan sәrbәst hәrәkәtlәr, mütәhәrrik oyunlar, tullanmalar tәtbiq edilir. Fәrdi vә qrup mәşğәlәlәri formasında keçirilәn g i g i y e n a G.-sı sağlamlıq mәqsәdi daşıyır. Sәhәr G.-sı gigiyena G.-sının әn geniş yayılmış növüdür.
İ d m a n G.-sı hәrәkәtlәrin yüksәk koordinasiyasını, böyük fiziki qüvvә, cәsarәt vә qәtiyyәt tәlәb edәn xüsusi hәrәkәtlәrdәn ibarәtdir. Buraya kişilәr üçün sәrbәst hәrәkәtlәr, idman atında, halqalarda, bruslarda, turnikdә hәrәkәtlәr vә s., qadınlar üçün isә müxtәlif hündürlükdә bruslarda, tir üzәrindә hәrәkәtlәr, sәrbәst hәrәkәtlәr vә s. daxildir. B ә d i i G. ilә yalnız qadınlar mәşğul olurlar.
Y a r d ı m ç ı G. idmanın bu vә ya digәr növündә nailiyyәt qazanmaq üçün zәruri olan xüsusi keyfiyyәtlәrin inkişafına vә tәkmillәşdirilmәsinә kömәk edir. Yardımçı G.-ya hәmçinin istehsalat G.-sı vә müalicәvi bәdәn tәrbiyәsinin әsas tәrkib hissәsi olan müalicә G.-sı daxildir.
Azәrb.-da G. idman növlәrinin yaranma tarixi 20 әsrin 40-cı illәrinә tәsadüf edir. Azәrb. Gimnastika Federasiyası (AGF) 1956 ildә Bakıda yaradılmış, 1992 ildә yenidәn tәsis edilmişdir. Beynәlxalq Gimnastika Federasiyası (FIG) vә Avropa Gimnastika Federasiyasının (FEG) üzvüdür (1993). AGF özündә 4 idman növünü (bәdii gimnastika, kişi idman gimnastikası, akrobatika gimnastikası vә tamblinq) birlәşdirir. Azәrb.-da bәdii gimnastika idman növü 1920–50 illәrdә, kişi idman gimnastikası vә akrobatika 1920–30 illәrdә, tamblinq isә 2000 ildәn yayılmağa başlamışdır. V. Belenki 25-ci Yay Olimpiya Oyunlarının (1992, Barselona) qızıl medalını qazanmışdır (әtraflı mәlumat üçün bax “Azәrbaycan” xüsusi cildinin Bәdәn tәrbiyәsi vә idman bölmәsinә vә Azәrb. Milli Ensiklopediyasının Azәrb. Gimnastika Federasiyası mәqalәsinә).