GİNANDROMORFÍZM (yun. γυνη – qadın, άνδρός – kişi vә μορφή – forma, görünüş) – bir orqanizmdә hәm kişi vә hәm dә qadın cinsi xromosom dәstinin olması. Cinsi mozaiklik. Terminin müasir anlamını 1915 ildә G.-i “hermafroditizm” vә “interseksuallıq” anlayışlarına ayırmış alman genetiki R.Holdşmidt tәklif etmişdir. G. bütün ayrıcinsiyyәtli orqanizm növlәrindә inkişaf anomaliyası kimi mümkündür. G.-in sәbәblәri hüceyrәnin bölünmәsi zamanı cinsi xromosomlardan birinin itmәsi, yaxud ikinüvәli yumurtahüceyrәnin әmәlә gәlmәsidir. Lateral G. zamanı bәdәnin sağ vә sol tәrәflәrinin, ön-arxa G.-indә ön vә arxa yarısının hüceyrәlәri fәrqlәnir. Cinsi xromosomun itmәsi zamanı orqanizmin inkişafının gecikmiş mәrhәlәlәrindә bir cinsin hüceyrәlәri digәrinkindәn xeyli az olduqda mozaik G. inkişaf edir vә bu hüceyrәlәr qrupu bәdәnin hәr yerindә ola bilәr. G.-in baş vermәsi cinsiyyәt orqanları vә әlamәtlәrinin inkişafının hormonal tәnzimlәnmәsi dәrәcәsindәn asılıdır. Cücülәrdә bu cüzidir, lateral G. bәdәnin bir yarısında yumurtalıqların, digәrindә toxumluqların inkişafı daxil olmaqla bütün әlamәtlәrә görә bәdәnin hәr iki hissәsindә aydın görünәn cinsi fәrqlәr müşahidә edilir (vaxtilә bu, irsiyyәtin xromosom nәzәriyyısinin tәsdiqi idi). İnsanda Y xromosomu itdikdә bәdәnin bir hissәsi XY (kişi cinsi), digәr hissәsi X0 (qadın cinsi) hüceyrәlәrindәn ibarәt olur: lateral G. zamanı bәdәnin bir yarısında toxumluq (xaya) vә toxumçıxarıcı yollar, digәr hissәsindә inkişafdan qalmiş yumurtalıq, uşaqlıq borusu vә uşaqlıq formalaşmışdır; xarici cinsiyyәt orqanları qarışıq tiplidir.