GİNDES Yevsey Yakovleviç (17.10.1872, Kiyev – 5.9.1954, Bakı) – Azәrb. hәkimi, pediatr, sәhiyyә tәşkilatçısı, ictimai vә dövlәt xadimi. Tibb e.d. (1941), Əmәkdar elm xadimi (1928), Əmәk Qәhrәmanı (1933). Kiyev Un-tinin tibb fakültәsini bitirmişdir (1897). Əvvәllәr prof. Çernovun klinikasında işlәmiş, 1903–05 illәrdә Kiyevdә Aleksandrov xәstәxanasında uşaq yoluxucu xәstәliklәri şöbәsinә rәhbәrlik etmişdir. Hәmin vaxtda Kiyev Bakteriologiya İn-tunda tәdqiqatlar aparmış, aldığı nәticәlәr vә müşahidәlәr әsasında uşaq xәstәliklәrinә dair mәqalәlәr yazmışdır (“Uşaqlarda inaq zamanı intubasiya haqqında”, “Kiyev şәhәri uşaq әhalisinin tibbi-sanitariya vәziyyәtinin öyrәnilmәsinә dair materiallar” vә s.). G. Bakıda 1905 ildә fabrik-zavod xәstәxanasının müdiri olmuş, 1907 ildә kasıb ailәlәrdәn olan uşaqlar üçün ilk körpәlәr evi yaratmış, 1911 ildә Zaqulbada fәhlә uşaqları üçün sümük vәrәmi sanatoriyası açmış, vәrәmlә mübarizә Ümumrusiya Cәmiyyәtinin Bakı şöbәsini, uşaqları mühafizә cәmiyyәtini, sağlamlıq vәziyyәtinә görә dәrslәrindә geri qalan uşaqlar üçün yardımçı siniflәr tәşkil etmişdir. 1918–19 illәrdә Azәrb. Demokratik Cümhuriyyәtinin sәhiyyә naziri, 1920 illәrin әvvәllәrindә Azәrb. Resp.-sı Xalq Maarif Komissarlığının hәddi-buluğa çatmayan cinayәtkarlar üzrә Komitәsinin sәdri olmuşdur. 1918–22 illәrdә Bakıda uşaq xәstәxanasının baş hәkimi olmuş vә onun tәşәbbüsü ilә xәstәxana Pediatriya İn-tuna, sonralar isә Ana vә Uşaqları Mühafizә ET İn-tuna çevrilmişdir (1932 ilә kimi hәmin müәssisәlәrin daimi rәhbәri olmuşdur). 1919 ildәn Bakı Dövlәt Un-tindә, sonralar isә Azәrb. Tibb İn-tunda mühazirәlәr oxumuşdur. 1945 ildәn etibarәn Hәkimlәri Tәkmillәşdirmә İn-tunun uşaq xәstәliklәri klinikasının rәhbәri işlәmişdir. G. uşaqlarda hәzm sistemi xәstәliklәrinin profilaktikası üçün südsüz qidalanmanı, toksikozlar zamanı damcı üsulu ilә qidalanmanı tәklif etmişdir; uşaqlarda avitaminozun yeni simptomlarını tәsvir etmişdir; uşaqların müalicәsi zamanı onların tәkcә fiziki vәziyyәtinin deyil, hәm dә psixoloji vәziyyәtinin nәzәrә alınmasının vacib olduğunu sübut etmişdir.