GİNEKOLÓGİYA (yun. γυνή, yiyәlik halda γυναιχός – qadın + ... logiya) – klinik tibbin sahәsi; qadın orqanizminin anatomik-fizioloji xüsusiyyәtlәrini, qadin cinsiyyәt sisteminin xәstәliklәrini öyrәnir vә onların diaqnostikası, müalicәsi vә profilaktikası üsullarını işlәyib hazırlayır. Hamilәlik vә doğumla әlaqәdar mәsәlәlәri mamalıq öyrәnir vә o, G. ilә birlikdә vahid fәnn tәşkil edir. G.-nın tarixi qәdim zamanlardan başlayır. Qәdim Misirin, Hindistanın, Qәdim Yunanıstanın yazılı abidәlәrindә bәzi qadın xәstәliklәrinin tәsviri vardir. Lakin 19 әsrә qәdәr G. tәbabәtin ümumi istiqamәtindә mamalığın tәrkib hissәsi kimi inkişaf etmişdir. Elmi G.-nın inkişafının anatomik-fizioloji әsasları A.Vezalinin, T.Bartolininin, Q.Fallopinin, R. de Qraafın vә 16–17 әsrlәrin digәr alimlәrinin әsәrlәrindә verilmişdir. Qadın xәstәliklәri haqqında ilk dәrslik 16 әsrdә meydana çıxmışdır; onun müәllifi Valya- dolid Un-tinin prof. L.Merkado (1520– 1606) olmuşdur. Tibbin müstәqil sahәsi kimi G. 19 әsrin ortalarında formalaşmışdır. G.-nın tәşәkkül tapmasına vә inkişafına V.Freynd (1833–1917), F.Vinkel (1837–1911), K.Krede, K.Şryoder, A.Heqar (1830–1914), A.Doderleyn (1860–1941) (Almaniya); E.Keberle (1828–1915), J.E.Pean (1830–98) (Fransa); E.Vertheym (1864–1920), F.Şaut (1849–1919) (Avstriya), C.Simpson, R.L.Teyt (1854–99), T.S.Uells (1818–97) (Böyük Britaniya); E.Mak–Dauell (1771–1830), C.M.Sims (ABŞ) әhәmiyyәtli töhfәlәr verilmişlәr. 19 әsrin axırlarında Avropada vә Amerikada cәrrahi G.-nın effektli üsulları işlәnib hazırlanmış, çoxlu diaqnostik vә cәrrahi alәtlәr tәklif edilmişdir (E.Vertheym, F.Vinkel, A.Heqar, C.M.Sims, J.E.Pean, K.Şryoder vә b.).
Azәrbaycanda G. elminin inkişafında F.İ.İlyinin, S.Nәzәrlinin, A.Şahtaxtinskayanın, M.K.Mahmudbәyovanın, T.C.Mehdiyevanın vә b.-nın böyük xidmәtlәri olmuşdur. 20 әsrin ortalarında endokrinolo- ji G. әhәmiyyәtli dәrәcәdә inkişaf etmişdir vә onun tәşәkkül tapmasında Z.Aşheym (1878–1965), B.Sondek (1891–1966) (Almaniyada), A.Butenandt, E.Doyzi vә b.-nın böyük rolu olmuşdur. Yumurtalıqların, hipofizin hormonlarının sintezi, hipotalamohipofizar sistem anlayışının formalaşması tәkcә menstrual dövrә, onun inkişaf prosesi, pozulma sәbәblәri haqqında biliklәrin dәrinlәşmәsinә deyil, hәm dә onların müalicәsinә vә profilaktikasına dair effektli üsullar tәklif etmәyә imkan vermişdir. Hormonal asılı xәstәliklәrin (mioma vә endometrioz) inkişafı, endometriyanın hiperplaziyası vә uşaqlığın xәrçәngönü vәziyyәti haqqında müasir mәlumatlar formalaşmışdır. G.-nın inkişafında hәmçinin yeni vizualizasiya üsullarının US-müayinәsi, kompüter (rentgen) vә maqnit-rezonans tomoqrafiyanın mühüm rolu olmuşdur. Qadın vә kişi sonsuzluğunun müalicәsindә ekstrakorporal mayalanmanın (“sınaq şüşәsindәn uşaq”) işlәnib hazırlanması ilә prinsip etibarilә yeni imkanlar yaranmışdır, onun kömәyilә sonsuzluğun hәr hansı bir formasında hamilә qalmaq mümkündür (bax Süni mayalanma). Kişi vә qadın qametlәrinin konservasiyası, onların uzun müddәt saxlanılması, donor materialının istifadәsi üsulları işlәnib hazırlanmışdır. Insan blastosistlәrindәn kötük hüceyrә alınması üsulu vә digәr hüceyrә texnologiyaları tәklif olunmuşdur.
20 әsrin ortalarından başlayaraq G. әhali sayına tәsir etmәk imkanları әldә etmişdir. 1952 ildә ilk hormonal kontraseptivlәr alınmışdır; bundan sonra onların azdozalı preparatları hazırlanmış; bir çox kontraseptiv müalicә keyfiyyәti qazanmışdır. Müasir kontrasepsiya bazasında uşaq doğulmasının sayı vә vaxtı haqqında mәsәlәlәrin ailәnin özünün hәll etmәsinә imkan verәn ailәnin planlaşdırılması konsepsiyası tәklif edilmişdir. 1980 illәrdәn bәri cәrrahi G.-da endoskopiya geniş yayılmışdır. Ginekoloji cәrrahi әmәliyyatlar reproduktiv funksiyaların saxlanması vә bәrpası üçün xüsusi vacib orqanların saxlanmasına imkan verir.
Müasir G.-nın mühüm vәzifәsi qadınların 45–50 yaşdan sonra sağlamlığının mühafizәsi olmuşdur. Əvәzedici hormonoterapiya әmәk qabiliyyәtinin saxlanılmasına, osteoporozun, urogenital pozuntuların qarışısının alınmasına imkan verir. Reproduktiv sistem pozulmalarının molekulyargenetik sәbәblәrinin tәdqiqat işlәri sәmәrәli surәtdә inkişaf edir.