GİNEKOMASTİYA (yun. γυνή, yiyәlik halda γυναιχός – qadın + μαστός – döş) – kişilәrdә süd vәzilәrindәn birinin vә ya hәr ikisinin hәddindәn artıq böyümәsi. Hәqiqi (süd paycıqları axacaqlarının hiperplaziyası vә vәzinin birlәşdirici toxumasının hipertrofiyası nәticәsindә böyümә) vә yalançı G., yaxud dәrialtı toxumada piyin çox toplanması zamanı baş verәn psevdoginekomastiya (adәtәn, piylәnmә zamanı) fәrqlәndirilir. Hәqiqi G. çox vaxt oğlanlarda cinsi yetişkәnlik dövründә, habelә estrogenlәrin, androgenlәrin, prolaktinin vә qonadotrop hormonların (mәs., hermafroditizm, Klaynfelter sindtomu zamanı) sintezinin disbalansı, ağ ciyәrlәrin bronxogen xәrçәngi, prostat vәzisinin adenoması zamanı, intoksikasiya, yaxud maddәlәr mübadilәsinin pozulması ilә gedәn xәstәliklәrdә (zülal aclığında, şәkәrli diabetdә, diffuz toksiki urda, ağ ciyәrlәrin vәrәmindә, qara ciyәrin xroniki xәstәliklәrindә vә s.) baş verir.
M ü a l i c ә s i: әsas xәstәliyin aradan qaldırılması; süd vәzisi böyük hәcmdә olduqda vә konservativ müalicә nәticә vermәdikdә – cәrrahiyyә әmәliyyatı.