GİNZBURQ Vitali Lazareviç [21.9 (4.10). 1916, Moskva – 8.11.2009, Moskva] – rus nәzәriyyәçi-fiziki vә astrofiziki, REA akad.(1966). London Kral Cәmiyyәtinin (1987), ABŞ Milli EA (1981) vә b. dünya EA üzvü. SSRİ Dövlәt mükafatı (1953), Lenin mükafatı (1966), Nobel mükfatı laureatı (2003, A.A.Abrikosov vә E.C.Leqqet ilә birlikdә). MDU-nu bitirmişdir (1938). 1940 ildәn REA P.N. Lebedev ad. Fizika İn-tunda fәaliyyәtә başlamışdır, İ.Y.Tamm ad. nәzәri şöbәnin müdiri vәzifәsindә çalışmışdır (1971–1988). Qorki Un-tinin (1945–1961) vә eyni zamanda Moskva Fizika-Texnika İn-tunun (1968 ildәn) prof.-u vә kafedra müdiri olmuşdur.
Əsas elmi tәdqiqatları radiodalğaların atm.-dә vә plazmada yayılma nәzәriyyәsinә, kosmik şüaların mәnşәyinә, elementar zәrrәciklәrә, şüalanma nәzәriyyәsinә, ifratkeçiriciliyә, ifrataxıcılığa, plazma fizikasına, astrofizikaya, kristallooptikaya vә s. aiddir. 3/2 spinә malik zәrrәciklәrin relyativist kvant modelini vә “relyativist fırlanğıc” modelini tәklif etmişdir (İ.Y.Tammla birlikdә). Plazmada, ionosferdә vә Günәş tacında radiodalğaların yayılması nәzәriyyәsini inkişaf etdirmişdir. Vavilov–Çerenkov şüalanmasının kvant nәzәriyyәsini qurmuşdur (1940). Keçid şüalanması nәzәriyyәsini yaratmışdır (İ.M.Frankla birlikdә, 1945). Termonüvә sintezi üçün deyterid litium-6-dan istifadә etmәyi tәklif etmişdir (1948). Landaunun orta sahә nәzәriyyәsinin tәtbiq edilәbilmә kriteriyasını tәyin etmişdir. 1950 ildә L.D.Landau ilә birlikdә fenomenoloji ifratkeçiricilik nәzәriyyәsini yaratmışdır (Ginzburq–Landau nәzәriyyәsi). Yarımfenomenoloji ifrataxıcılıq nәzәriyyәsini işlәyib hazırlamışdır (L.P.Pitayevski ilә birlikdә, 1958). Termonüvә reaksiyalarına (1950–51), eksitonlar nәzәriyyәsinә vә kristallooptikaya, kosmik şüaların mәnşәyinә vә onların maqnittormoz şülanmasına, qamma vә rentgen astronomiyasına, Van-der-Vaals qüvvәlәri nәzәriyyәsinә, yüksәk temp-rlu ifratkeçiriciliyә vә s. aid işlәrin müәllifidir. REA-nın M.V.Lomonosov ad. Böyük qızıl medalı ilә (1995) vә b. ölkәlәrin mükafatları ilә tәltif edilmişdir.