GİNZBURQ-LANDAU NƏZƏRİYYƏSİ – ifratkeçiricilik hadisәsini izah etmәk üçün V.L.Ginzburq vә L.D.Landau tәrәfindәn 1950 ildә yaradılmış fenomenoloji nәzәriyyә. İfratkeçiriciliyin TS keçid temp-ru әtrafında baş verәn proseslәrә tәtbiq edilir. Nәzәriyyәnin әsasında ifratkeçiricilәrin nizamlılıq parametrinin kvant tәbiәtini nәzәrә alan 2-ci növ faza keçidlәri üçün Landaunun orta sahә konsepsiyası durur. Nizamlılıq parametri dedikdә “ifratkeçirici elektronların” “effektiv” kompleks dalğa funksiyası nәzәrdә tutulur. Maqnit sahәsinin tәsiri kvant mexanikasının qaydalarına uyğun olaraq sәrbәst enerji funksionalının qradiyent hәddinә sahәnin daxil edilmәsi yolu ilә aparılır. Sәrbәst enerjinin minimumluq şәrtindәn nizamlılıq parametrinin koordinatlarından vә maqnit sahәsindәn asılı olan Ginzburq-Landau tәnliyi alınır. G-L.n.-dә makroskopik ölçülü uzunluqla bağlı iki xarakterik parametr: maqnit sahәsinin ifratkeçiriciyә nüfuzetmә dәrinliyi (δ) vә nizamlılıq parametrinin modulunun mәkanca dәyişmәsinin xarakterik uzunluğu (ξ koherentlik uzunluğu) istifadә olunur. İfratkeçirici materialı xarakterizә edәn mühüm parametrlәrdәn biri TS әtrafında temp-rdan asılı olmayan Ginzburq-Landau parametridir (ϰ= δ/ξ). Maqnit sahәsindә ifratkeçirici vә normal fazaların sәrhәdindә baş verәn sәthi gәrilmә, ϰ <1/√ 2 (1-ci növ ifratkeçiricilәr) şәrti ödәnildikdә müsbәt, ϰ > 1/√ 2 (2-ci növ ifratkeçiricilәr) olarsa, mәnfi qiymәtlәr alır. G-L.n.-nin kömәyi ilә ilk dәfә Meysner effektini vә maqnit sahәsindә yerlәşdirilmiş ifratkeçirici plyonkaların xassәlәrini izah etmәk mümkün oldu. G-L.n. әsasında A.A.Abrikosov 1957 ildә 2-ci növ ifratkeçiricilәrin qarışıq (burulğanlı) nәzәriyyәsini yaratmışdır. 1959-cu ildә ifratkeçiriciliyin mikroskopik Bardin-Kuper-Şriffer modeli (BKŞ modeli) yaradıldıqdan sonra da G-L.n. öz әhәmiyyәtini itirmәdi. Belә ki, ТS әtrafında BKŞ modeli fenomenoloji G-L.n. ilә yaxşı uzlaşır vә G-L.n. ifratkeçıricılәrin termodinamik vә maqnit xassәlәrini, onlarda baş verәn burulğanlı halları effektiv tәdqiq etmәyә imkan verir.