GİPPİUS Zinaida Nikolayevna (8.11.1869, Belyov ş., Tula vil. – 9.9.1945, Paris) – rus yazıçısı, dramaturq, tәnqidçi, rus simvolizminin nümayәndәsi. Alman әsilli hüquqşünas ailәsindә doğulmuşdur. Kiyevdә qızlar in-tuna vә Moskvada gimnaziyaya daxil olsa da, xәstәliyinә görә tәhsilini yarımçıq qoymuş, evdә lisey müәllimlәrindәn dәrs almışdır. Kiçik yaşlarından şeir yazmağa başlamışdır.1888 ildә “Şimal xәbәrlәri” jurnalında dәrc edilәn “İthaf” vә “Nәğmә” şeirlәri ilk mәtbu әsәrlәridir. İlk nәsr әsәrlәri “Yeni insanlar” (1896), “Ayna” (1898) adlı kitablarında toplanmışdır. 1904 ildә çap olunan “Şeirlәr toplusu. 1889–1903” adlı ilk şeir kitabı rus poeziyasında modernizmi zәnginlәşdirmişdir. Dövrünün inqilabi hәrәkatının iştirakçılarından bәhs edәn “Al-qırmızı qılınc” (1906) hekayәlәr toplusunun, “Lalәlәrin rәngi” (1908) dramının müәllifidir. G. 1920 ildәn Parisdә yaşamışdır. Onun tәşәbbüsü әsasında xaricdә rus mәdәniyyәtinә maraq oyatmaq, müxtәlif mühacir әdәbi dairәlәri birlәşdirmәk mәqsәdilә Parisdә “Yaşıl çıraq” (1927–39) cәmiyyәti yaradılmışdır. “Sonuncu dairә” (1972, bitmәmişdir) poeması, esse vә әdәbi-tәnqidi mәqalәlәri var.