GİRLANDAYO (Ghirlandaio) Domeniko (әsl adı vә soyadı Domeniko di Tommazo di Kurrado di Doffo Biqordi, Bigordi) (1449, Florensiya – 11.1.1494, orada) – erkәn İntibah dövrü italyan rәssamı. Mozaika, intarsiya texnikasında işlәmiş, kitab miniatürlәri, zәrgәrlik әsәrlәri yaratmış olsa da, yaradıcılığında freska vә dini boyakarlıq әsas yer tutmuşdur. Zәrgәrlik emalatxanasında tәhsil aldığı ehtimal edilir, 1460-cı illәrin sonu – 70-ci illәrdә A. del Verrokyonun emalatxanası ilә bağlı olmuşdur. Yaradıcılığında hәmçinin A. del Pollayolo vә A.Baldovinettinin tәsiri hiss olunur. G.-nun sәnәdlәrlә әsaslandırılmış ilk әsәri Xaç ataları vә Romadakı Vatikan sarayının Latın kitabxanasındakı (1475–76) antik filosofların freskalarıdır. Romadan qayıtdıqdan sonra G.Passinyanodakı Badiya komunasının yemәkxanasındakı (refektori) “Gizli şam yemәyi” (1476), Florensiyadakı Onyisanti kilsәsinin monastrındakı (1480), San-Ciminyanodakı Kollecata kilsәsinin Santa-Fina kapellalarındakı (tәqr. 1475) freskaları işlәmişdir. Tәqr. 1480 ildә Romadakı Santa-Mariyasopra-Minerva kilsәsindә Françeska Tornabuonin baş daşı üçün freska yaratmışdır. 1480–90-cı illәrin freska silsilәsi G. yaradıcılığının әn әhәmiyyәtli hissәsini tәşkil edir. 1481–82 illәrdә P.Perucino, K.Rosselli, S.Bottiçelli ilә birgә Vatikanda Sikst kapellasının divar naxışlarını işlәmişdir. Florensiyaya qayıtdıqdan sonra Vekko sarayındakı Sala-del-Oroloco (Sala-dei-Cilyi) (1482–84), Santa-Trinita kilsәsindәki Sassetti kapellasının (1478–85; Müq. Fransiskonun hәyatına hәsr olunmuşdur), Santa-Mariya-Novella kilsәsindәki Tornabuoni kapellasının (1486–90; hәmçinin dini şәkillәr vә vitrajlar üçün rәsmlәr) divar naxışlarını hazırlamışdır. G.-nun çoxsaylı dini rәsmlәri (“Madonna körpә vә müqәddәslәrlә”, tәqr. 1483, Uffitsi qalereyası, Florensiya; “Kahinlәrin tәzimi”, 1487, orada) üslubi baxımdan onun monumental әsәrlәrinә yaxındır; onlarda Niderland rәssamlığının tәsiri açıq hiss olunur. Sonrakı әsәrlәrindә Leonardo da Vinçinin rәsmlәrindәki üsullara bәlәdlik duyulur. G. bir sıra dәzgah portretlәrinin müәllifidir: Lukretsii Tornabuoni (1488, Tissen-Bornemisa toplusu, Madrid), “Baba vә nәvә” (tәqr. 1490, Luvr, Paris). G.-nun әsәrlәrinә dolğun tәhkiyә, әnәnәvi ikonoqrafiyanın müasir detallar vә antik abidәlәrdәn olan nümunәlәrlә birlәşmәsi xasdır; onun üslubu aydın hәndәsi kompozisiya quruluşu, hәcmin heykәltәraş plastikliyi, çoxlu rәnglәrdәn istifadә olunması ilә fәrqlәnir. G. rәngkarlıq yaradıcılığında daim hazırlıq rәsmlәrindәn istifadә edәn ilk renessans boyakarlarından biridir. G. müxtәlif dövrlәrdә qardaşları David Girlandayo (1452–1525) vә Benedetto Girlandayonun (1458–97, yaxud 1459–99), B.Maynardi, F.Qranaççinin dә daxil olduğu böyük emalatxanaya başçılıq etmişdir. Mikelancelo 1488 ildә G.-nun emalatxanasında işlәmişdir.