GİROSKOPİK CİHAZLAR – giroskopdan istifadәyә әsaslanan cihazlar; quraşdırıldığı obyektin vәziyyәtini vә ya hәrәkәtini xarakterizә edәn kәmiyyәtlәri tәyin etmәk, hәmçinin obyektin, yaxud ondakı cihaz vә quruluşları stabillәşdirmәk üçündür. Tәyinatına görә G.c. bu qruplara ayrılır: obyektin bucaq meylinin tәyini (giroazimut, girobussol, giroşaqul); obyektin bucaq sürәti vә bucaq tәcilinin tәyini (girotaxometr vә s.); obyektin irәlilәmә hәrәkәtinin xәtti sürәtinin tәyini (xәtti tәcili ölçәn giroskopik inteqrator); obyekti vә ya ondakı cihaz vә quruluşları stabillәşdirmәk (girostabilizator) vә naviqasiya mәsәlәlәrinin hәlli üçün G.c. (girokompas, avtosükan, giromaqnit kompası). G.c. dәniz donanmasında, aviasiya, raket vә kosmos texnikasında müxtәlif idarәetmә vә naviqasiya mәsәlәlәrinin hәllindә, hәmçinin bir sıra xüsusi işlәrdә (markşeyderiya, geodeziya, topoqrafiya vә s.; mәs., girobussol) tәtbiq edilir. G i r o s t a b i l i z a t o r iş prinsipinә görә bilavasitә tәsirli, güc vә indikatorlu girostabilizatora ayrılır. Bilavasitә tәsirli girostabilizatorda üç sәrbәstlik dәrәcәsi olan giroskopun stabillәşdirici xassәsindәn bilavasitә istifadә olunur. Güc girostabilizatoru, tәrkibindә giroskoplardan әlavә xüsusi mühәrriklәr olan elektromexaniki qurğudur. İndikatorlu girostabilizatorlar avtomatik tәnzimlәmә sistemidir; bu sistemin hәssas elementi stabillәşdirici obyektdә (mәs., platformada) qurulmuş giroskopik qurğulardır. G i r o m a q n i t k o m p a s ı (GK) azimut vә üfüqi korreksiya sistemlәri ilә tәchiz olunmuş vә üç sәrbәstlik dәrәcәsi olan astatik giroskopdan ibarәtdir; iş prinsipi giroskopun korreksiyasına (maqnit kompasının göstәricilәrinә görә) әsaslanır. Hәssas elementi maqnit әqrәbi olan azimut korreksiyası giroskop oxunu maqnit meridianı müstәvisindә, üfüqi korreksiya isә daxili kardan halqasının xarici kardan halqasına perpendikulyar vәziyyәtdә saxlayır. Azimut korreksiya sistemi maqnit әqrәbi, potensiometr vә moment vericisindәn, üfüqi korreksiya sistemi isә potensiometr vә moment vericisindәn ibarәtdir. GK-nın korreksiya sisteminin iş prinsipi rәqqaslı korreksiyalı giroşaqulda olduğu kimidir vә giroskopun işinin maqnit kompası göstәricilәrinә görә korreksiyasına әsaslanır. Gәmilәrin vә uçuş aparatlarının әtalәt naviqasiya sistemlәrindә hәqiqi şaqulini vә ya horizontun müstәvisini tәyin edәn g i r o ә t a l ә t l i ş a q u l d a n istifadә edilir. Kosmik aparatın sürәt vektorunun orbit müstәvisinә nәzәrәn meyl bucağını tәyin edәn cihaz g i r o o r b i t a n t adlanır; iş prinsipinә görә rәqqaslı girokompasa oxşayır. Obyektin olduğu yerin koordinatlarını (coğrafi enliyi, uz. vә s.) vә onun hәrәkәt parametrlәrini (istiqamәt, sürәt, uçuş hünd. vә s.) tәyin edәn cihaz g i r o o r i y e n t a t o r d u r; әsas hissәlәri giroәtalәt şaqulu vә giroazimutdur. Yer obyektinә olan istiqamәtin hәqiqi (coğrafi) azimutunu tәyin etmәk üçün g i r o t e o d o l i t tәtbiq olunur. Teodolitdәn vә astronomik meridian istiqamәtinin giroskopik vericisindәn ibarәtdir. İş prinsipinә görә markşeyder girokompasına analojidir, –40°C-dәn 40°C-yәdәk temp-rlarda işlәyә bilir. Şaquli ox әtrafında hәrәkәt edәn uçuş aparatının, gәminin dönmә bucaqlarını vә kursun dәyişmәsini tәyin edәn cihaz g i r o y a r ı m kompas adlanır. Avtopilotlarda istifadә edilir, maqnit kompasının göstәricilәrinin etibarsız olduğu hallarda kompası әvәz edә bilir.