GİROTROPİYA (yun. – γΰρος çevrә, fırlanma vә trópos - dönmә, istiqamәt) o p t i k – әn azı bir istiqamәtdә yayılan dalğaya malik olan vә әks istiqamәtdә yayılan dalğaya ekvivalent olmayan mühitin optik xassәlәrinin mәcmusu. D.F.Araqo tәrәfindәn 1811 ildә kәşf edilmişdir. Bu xassәlәrә malik әn çox mәlum olan tәbii optik aktivlik vә elliptik dixroizm hadisәlәridir. G. ayrıca götürülmüş molekulun daxili quruluşu (molekulyar G.) vә ya molekullararası qarşılıqlı tәsirin xüsusiyyәtlәri (kristallik G.) ilә bağlıdır. G. ilә bağlı xәtti vә qeyri-xәtti optik hadisәlәr qazlarda, mayelәrdә, molekulyar vә ion yarımkeçiricilәrindә vә hәmçinin, maye kristallarda müşahidә olunur. Şәffaf girotrop mühitdәn keçәn elliptik polyarlaşmış işıq şüası elliptik ikiqat sınma hadisәsinә mәruz qalır. Bu hadisә zamanı işığın elliptik polyarizasiyasının parametrlәri dәyişir vә bu dәyişmәnin qiymәti dalğanın intensivliyindәn, mühitdә yayılma mәsafәsindәn vә s. asılıdır. İşığın uducu girotrop mühitlәrdә yayılması zamanı dixroizm hadisәsi baş verir vә hәmçinin udulma zolaqları yanında yeni dalğaların da әmәlә gәlmәsi mümkündür. G. ilә bağlı effektlәrdәn molekulların quruluşunun tәdqiqindә, polimerlәrin konformasiyasında, kristalların simmetriyasının tәyinindә vә s. istifadә olunur.