GİROV – 1) mülki hüquqda öhdәliyin icrasını tәminetmә üsulu; bu zaman kreditora hәr hansı әmlak sәrvәti verilir. G.-la tәmin edilmiş öhdәlik üzrә kreditorun hüququ var ki, borclunun hәmin öhdәliyi icra etmәdiyi halda G. qoyulmuş әşyanın dәyәrindәn hәmin әşyanın mәnsub olduğu şәxsin digәr kreditorlarına nisbәtәn üstün qaydada tәminat alsın.
G. müqavilәsi hәlә Roma hüququna mәlum idi, lakin G.-u bildirәn vahid termin yox idi: G.-un müxtәlif növlәri üçün müxtәlif adlar (fidusiya, piqnus, ipoteka) mövcud olmuşdu. Borclunun öz öhdәliklәri qarşısında mәsuliyyәti G.-un bütün növlәri üçün ümumi cәhәt idi; bu mәsuliyyәt әşya tәminatı, “әşya mәsuliyyәti” (res obligata) ilә möhkәmlәndirilirdi.
Daşınar vә daşınmaz әmlakın G.-u fәrqlәndirilir; G.-un xüsusi növü daşınmaz әmlakın G.-u – ipotekadır. İpoteka predmeti olan әşyalar, habelә mülki dövriyyәdәn çıxarılmış әşyalar vә kreditorun şәxsiyyәti ilә qırılmaz bağlı olan tәlәblәr, o cümlәdәn alimentlәr, hәyata vә ya sağlamlığa vurulmuş zәrәrin әvәzinin ödәnilmәsi haqqında tәlәblәr vә digәr şәxsә güzәşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istәnilәn әşyalar vә tәlәblәr G. predmeti ola bilәr. Bölünmәz әşyalar hissә-hissә G. qoyula bilmәz. Əşyanın mülkiyyәtçisinin razılığı olmadan icarә hüququnun G. qoyulmasına yol verilmir. Azәrb. Resp.-nın dövlәtә mәxsus aktivlәri, onun beynәlxalq ehtiyatları vә gәlәcәkdә yarana bilәcәk aktivlәri dövlәt borcu vә ya dövlәt tәrәfindәn zәmanәt verilmiş borc üzrә öhdәliklәrinin yerinә yetirilmәsinin tәminatı mәqsәdilә G. qoyula bilmәz.
G. aşağıdakı növlәrdә ola bilәr: saxlanc; әşyanın lombardda G.-u; hüquqların G.-u; pul vәsaitinin G.-u; sabit G.; dövriyyәdәki malların G.-u. Əgәr müqavilәdә ayrı qayda nәzәrdә tutulmayıbsa, G. qoyan G. predmetindәn onun tәyinatına uyğun istifadә edә bilәr, o cümlәdәn ondan bәhәr vә gәlir götürә bilәr.
G. müqavilәsi yazılı formada bağlanmalı vә notariat qaydasında tәsdiqlәnmәli, G. hüququ isә dövlәt qeydiyyatına alınmalıdır. Müqavilәdә tәrәflәrin adı vә yaşayış yeri (olduqları yer), G.-un predmeti, G.-la tәmin edilәn öhdәliyin mahiyyәti, ölçüsü vә icra müddәti göstәrilmәlidir. Bu qaydalara riayәt edilmәmәsi G. müqavilәsinin etibarsızlığına sәbәb olur.
G. Azәrb. Resp.-nın Mülki Mәcәllәsinin 276–306 maddәlәrindә nәzәrdә tutulmuşdur.
2) Cinayәt-prosessual qanunvericiliyindә şәxsin azad edilmәsi üçün ödәnilәn mәblәğ. G. qismindә qәtimkan tәdbiri böyük ictimai tәhlükә törәtmәyәn vә ya az ağır, habelә ehtiyatsızlıq üzündәn ağır cinayәtlәri törәtmәkdә ittiham olunan şәxsin hәbsdәn azad edilmәsi, lakin onun cinayәt prosesini hәyata keçirәn orqanın sәrәncamında qalmasını tәmin etmәk mәqsәdilә mәhkәmә tәrәfindәn müәyyәn edilmiş pul mәblәğini (qiymәtli kağızı) vә ya digәr qiymәtli әşyaları dövlәt bankında mәhkәmәnin depozitinә qoymaqdan ibarәtdir (Azәrb. Resp.-nın CPM, maddә 164). Mәhkәmәnin qәrarı ilә G. qismindә daşınmaz әmlak da qәbul edilә bilәr. G.-un qәtimkan tәdbiri qismindә seçilmәsi mәsәlәsinә mәhkәmә tәrәfindәn yalnız müdafiә tәrәfinin vәsatәti әsasında hәbs qәtimkan tәdbirinin seçilmәsi haqqında qәbul olunmuş qәrarın әvәz edilmәsi kimi baxıla bilәr. G.-un qoyulması hәm tәqsirlәndirilәn şәxsin әmlakı vә vәsaiti, hәm dә onun yaxın qohumlarının vә ya digәr fiziki vә hüquqi şәxslәrin әmlakı vә vәsaiti hesabına hәyata keçirilә bilәr. G.-un dәyәrini sübut etmә vәzifәsi G. qoyanın üzәrinә düşür.