Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İCARƏDAR)
    HİNDUİZM
    HİNDUİZM – Hindistan әrazisindә meydana gәlmiş vә onun әhalisinin әsas kütlәsinin (21 әsrin әvvәllәrindә 80%-dәn çoxunun); dünyada isә 1 mlrd.-dan artıq insanın etiqad etdiyi din qrupunun ümumi adı. H. Nepal, Şri-Lanka, Pakistan, Əfqanıstan, Banqladeş, Malayziya, Myanma, İndoneziya, Sinqapur, Kamboca, Keniya, CAR, BƏƏ, Mavriki a., Fici a-ları vә digәr regionlarda, әsasәn, Hindistan vә Şri-Lanka dan köçmüş insanlar arasında yayılmışdır. “H.” termini Sindhu (yun. ‘Iνδός, indiki Hind) çayının farsca variantı olan vә sonralar yalnız çayı vә ona bitişik ölkәni deyil, hәm dә orada yaşayan xalqı bildirәn “hindu” sözü әsasında yaranmışdır. Müsәlman fәthlәri vә Avropa işğalları dövründә yerli dinlәrә inanan bütün insanları “hindu” adlandırır, onları müsәlmanlara vә xristianlara qarşı qoyurdular. Hinduistlәrin özlәri ing. “hinduism” sözünü yalnız 19 әsrdә qәbul etmişlәr vә onunla yanaşı sanskritcә “sanatanadharma” (“әbәdi qanun”), “hindus dharma” (hinduistlәrin qanunu), “sadharana dharma” (ümumi borc, ümumi vәzifә) adlarını da işlәdirlәr.
    Meditasiyada olan Şivanın heykәli.
    Karnataka ştatı. Banqalor.
    H.-in ümumi xarakteri. H. üçün mәrkәzi ideya dharma (sanskritcә “dhar” – tutmaq; dünya düzәnini tutub saxlayan şey, elә şey ki, ondan tutmaq olar) konsepsiyasıdır. Dharma ali universal dәyәrlәri (canlı varlıqlara zәrәr yetirmәmә qismindә ahimsa, hәqiqәtә canatma, vicdanlılıq, tәmizkarlıq, kinli olmama) әks etdirәn ehkamlar kompleksi vә müәyyәn sosial qrupun, ilk növbәdә Hindistanda әn qәdim dövrlәrdәn mәlum olan dörd icmadan (kahinlәr, din xadimlәri olan brahmanlar, hәrbçilәr vә hökmdarlar olan kşatrilәr, sәnәtkarlar, tacirlәr vә әkinçilәr olan vayşalar, xidmәtdә, tabeçilikdә olan şudralar) ibarәt varnanın bir üzvü olaraq insanın riayәt etmәli olduğu norma vә qaydalar mәcmusu kimi başa düşülür. İlk üç varnadan olan insanları “iki dәfә doğulmuşlar” (dvica) adlandırırlar, çünki onlar uşaqlıqda ikinci, ruhani doğuluşlarını bildirәn Veda mәtnlәrinin öyrәnilmәyә başlanması vaxtı xüsusi “hәsredilmә” mәrasimi keçirlәr (mәrasim zamanı “hәsredilmiş” insana taxılan xüsusi hörülmüş bağ onun fәrqlәndirici әlamәtidir). Hinduistin hәyati mәqsәdlәr, dәyәrlәr vә vәzifәlәr sistemi yalnız onun cәmiyyәtdәki mövqeyindәn deyil, hәmdә onun hәyat yolunun hansı mәrhәlәsindә olmasından asılıdır. “İki dәfә doğulmuşlar” üçün dörd mәrhәlә (aşram) mövcuddur: ruhani müәllim qurunun rәhbәrliyi altında әnәnәvi tәhsil alan şagird (brahmaçarin); ailә quran, rifaha vә hәyat hәzzlәrinә can atan ev sahibi (qrihastha); özünü ruhani şücaәtlәrә (adәtәn meşәlәrdә) hәsr etmәk üçün evini tәrk etmiş tәrkidünya (vanaprastha); qәti olaraq dünyadan üz çevirmiş gәzәrgi asket (sannyasin). Varnalar sistemi peşәdәn, etnosdan, әnәnәlәrdәn, nikah әlaqәlәrindәn asılı olan qapalı sosial özәklәrdәn ibarәt mürәkkәb şәbәkәnin – kasta strukturunun bünövrәsidir. İnsanın bu vә ya digәr kastada doğulması onun sosial statusunu, hәyat yolunu vә H.-in bu vә ya digәr qoluna mәnsubluğunu şәrtlәndirir. Din insanın hәyat tәrzi ilә praktiki olaraq üst-üstә düşür, allahlar isә ana bәtnindәn başlayaraq ölәndәn sonra qәdim adәtә görә yandırılacağı tonqala qәdәr hinduisti müşayiәt edәn mәrasimlәrin uğurla hәyata keçirilmәsindә ona yardımçı olur. Adәtlәrlә bu cür möhkәmlәndirilmiş sistemdә insanın başlıca dini mәqsәdi şeylәrin әvvәlcәdәn müәyyәnlәşdirilmiş qaydasını, dünyanın nizamını vә cәmiyyәtin sabitliyini dәstәklәmәkdir. Bu sistemin dayağı ilk növbәdә әcdadlara sitayişdәn, nәsil artırmaqdan vә mәrasimlәri sözsüz hәyata keçirmәkdәn ibarәt borcunu yerinә yetirmәli olan ev sahibidir. Lakin H. özünü yanlış olaraq cismi ilә, onun istәk vә duyğuları ilә eynilәşdirәn vә buna görә dә әzab çәkәn fәrdi ölümsüz canın (atman, civa, puruşa) әzablardan qurtuluşunu da insan qarşısında vәzifә kimi qoyur. İnsan öldükdәn sonra karma qanununa әsasәn civa yeni doğulan bәdәnә keçir; karmaya görә, insanın bir doğuluşdakı әmәllәri sonrakı doğuluşdakı hәyatının xarakterini müәyyәnlәşdirir. Yeni dәndoğulmalar silsilәsi (sansara) H.-dә, bir qayda olaraq, qeyri-qәnaәtbәxş, әvәzlәnәn әzablardan ibarәt varlıq (duhkha) kimi mәnfi qiymәtlәndirilir, ona görә hinduistin idealı vә son mәqsәdi sansaranın sona çatması, yenidәndoğulmalar silsilәsindәn çıxmaq vә azadlığa (mokşa, yaxud mukti) qovuşmaqdır; H.-in müxtәlif cәrәyanlarında azadlığa qovuşmaq müxtәlif cür – allahla birlәşmә, Brahmanla ilkin eyniliyin dәrki, ali hәzzә nailolma vә s. kimi mәnalandırılır. Müvafiq olaraq, azadlığa qovuşmanın yolları da müxtәlifdir vә onlardan әn әsasları bunlardır: karma-marqa (әmәl yolu) – dharmanın, mәrasimlәrin icrası, allahlara vә әcdadlara sitayiş, fәaliyyәtin nәticәlәrinә bağlanmadan borcun yerinә yetirilmәsi; cnyana-marqa (bilik yolu) – hәqiqәtin axtarışı vә başa düşülmәsi, atman (ali fәrdi prinsip, әsl Mәn) vә Brahman vәhdәtinindәrki; bhakti-marqa (sәdaqәt yolu) – allaha sevgi, ona tәmәnnasız xidmәt, onun rәhminә ümidetmә. Azadlığa qovuşmanın digәr yollarını, mәs., insan bәdәninin, emosiyalarının vә ağlının vәziyyәtinin insan iradәsinә tam tabeçilik tәcrübәsini vurğulayan yoqanı tantrizmi tәklif edәn tәlimlәr dә mövcuddur. H.-in әn mühüm idealı mokşa olsa da, o, bütün hinduistlәr üçün mütlәq deyil. H.-in bәzi cәrәyanları (mәs., linqayatlar) karma qanununu vә müvafiq olaraq, azadolmanı qәbul etmir; dün yәvi ev sahiblәrinin әksәriyyәti üçün gündәlik vәzifәlәr azadolma ideyasını arxa plana keçirir vә onlar mәrasimlәri yerinә yetirmәk, mәbәdlәrә getmәk, әcdadları yad etmәk vә s.-lә kifayәtlәnirlәr. Onlardan yalnız bir qismi sonadәk getmәyә vә dharmanın tәlәb etdiyi kimi gәzәrgi asket olmağa qadirdir. Asket, sannyasin, yaxud sadhu H. üçün sәciyyәvi fiqurdur. Bütün sosial әla qәlәri nümayişkaranә şәkildә rәdd etsә dә, onu cәmiyyәtdәn tam ayrılmış saymaq olmaz; sәdәqә qәbul etmәklә (sәdәqә vermәk hәr bir hinduistin dini borcudur) insanların kömәyindәn istifadә etmәyә mәcburdur, әn başlıcası isә o, fәrdin azadolma idealına yaxınlığının әyani tәcәssümüdür vә müdrik mәslәhәt, xeyir-dua, bәzәn isә cәza, yaxud qarğış formasını alan nәsihәtçilik fәaliyyәtini hәyata keçirir. “Ev sahibi –asket” cütlüyü hinduist cәmiyyәti sistemindә H.-in praktiki-hәyati vә abstrakt-ruhani mәqsәdlәrini tarazlaşdıran әhәmiyyәtli struktur elementidir.
    H.-in tәşәkkülü. H. başlıca cәhәtlәri ilә eramızın 1-ci minilliyinin ortalarında, Hindistan әrazisindәki müxtәlif xalqların (bax Hindlilәr) dinlәrinә xas çoxsaylı elementlәri mәnimsәmәklә e.ә. 3–2-ci minilliklәrә aid Mohenco-Daro Harappanın hind sivilizasiyası dinindәn, veda dinindәn (e.ә. 2-ci minilliyin ortaları – 1-ci minilliyin ortaları) vә brahmanizmdәn (e.ә. 7 әsr – eramızın 4 әsri) keçәrәk formalaşmışdır. Harappa mәdәniyyәtinә aid mәskәnlәrdә aparılan qazıntılar zamanı aşkar edilmiş әşyalar vә tәsvirlәr orada H. üçün sәciyyәvi olan müxtәlif heyvan, ilan vә bitki kultlarının, kәl qurbankәsmәsinin mövcudluğundan danışmağa imkan verir; qurbangahların yanındakı hovuzlar su ilә tәmizlәnmә mәrasiminin göstәricisidir. Bu mәrasim H.-dә böyük әhәmiyyәt kәsb edәn “murdarlıqdan” tәmizlәnmә ayinlәrinin mühüm hissәsidir (hinduist mәbәdinin başlıca xüsusiyyәtlәrindәn biri dә hәyәtindә su hovuzunun olmasıdır). Hindistanın qәdim әhalisi kәl buynuzlu ata-allaha (Şivaya uyğunlaşdırılan), ana-ilahәyә (H.-dә Şivanın yaradıcı enerjisi vә arvadı olan Şakti ilә eyni lәşdirilәn Devi), Şivanın oğlu Skandanın proobrazı kimi qavranılan gәnc döyüşçüallaha (bәzi regionlarda bu altıbaşlı vә tovuz quşunun üstündә uçan müharibә allahını Kartikeya, yaxud Muruqan adlandırırlar) sitayiş edirdilәr. Hindistan y-a-nın cәnubunda dravidlәrin әcdadları olan protohindlilәri e.ә. 2–1-ci minilliklәrdә arilәr sıxışdırdılar. Ari tayfaları öz allahlarını, mәrasimlәrini vә ağızdan-ağıza ötürülәn müqәddәs mәtnlәrini gәtirdilәr; bunların әsasında himnlәr, nәğmәlәr, qurbanvermә zamanı oxunan dualar, andlar vә sehrlәrdәn ibarәt toplular – vedalar (Riqveda, Samaveda, Yacurveda, Atharvaveda) formalaşdı. Veda dini-mifoloji sisteminin mәrkәzindә gәnc allah-hökmdar İndranın iblisilan Vritra ilә mübarizәsi haqqında mif dayanır. İndra onu şimşәk dәyәnәyinin (vacra) zәrbәsi ilә öldürür vә nәticәdә Kainat әmәlә gәlir, xaos kosmik nizamla (rita) әvәzlәnir. Hind-Avropa xalqları mifologiyasındakı ilanla mübarizә mifinin bu variantı H. mifologiyası üçün dә әsas modellәrdәn birini tәşkil edirdi (allahların vә onların daimi düşmәnlәri olan asuraların mübarizәsi). İndra әn mәşhur veda allahı idi. O, sәma alәminә, ölәndәn sonra arilәrin (ilk növbәdә döyüşçülәrin) canlarının köçdüyü vә sәmavi musiqiçilәrin (qandharvaların) nәğmәlәrindәn vә gözәl pәrilәrin (apsarların) rәqslәrindәn hәzz aldığı özünәmәxsus cәnnәt olan “İndra alәmi” nә hökmranlıq edirdi. Dünyanın mәnşәyi haqqında qәdim veda mifinә görә, ilk kosmik insan olan Puruşa allahlar tәrәfindәn qurban gәtirilir: onun bәdәn hissәlәrindәn dünyanın müxtәlif hissәlәri vә sosiumun әsas komponentlәri – varnalar yaradılır. Dünyanın yaradılışının analoqu kimi düzgün hәyata keçirilmiş qurbanvermә mәrasiminin böyük sehrli gücü haqqında veda tәsәvvürlәri getdikcә böyük әhәmiyyәt kәsb edirdi (әn mühümlәri müqәddәs mәstedici içki olan Somanın qurban gәtirilmәsi vә atın qurban gәtirilmәsi – aşvamedha idi). İlkin olaraq allahların insanlarla ünsiyyәt, bir-birilәrinin nemәtlәri ilә qarşılıqlı mübadilә vasitәsi olan mәrasim tәdricәn allahlara magik tәsirgöstәrmә vә onları kahinlәrin iradәsinә tabeetmә alәtinә çevrildi. İnsanları kosmik proseslәrlә birlәşdirәn mәrasim qüvvәsi – allahlara tәsir göstәrә bilәn dualar vә andlar “brahman” adını aldı, hәmçinin müqәddәs mәtnlәrin bilicilәri vә mәrasimin icraçıları, yәni brahmana malik olan kahinlәr dә belә adlandırıldı. Onlar hind cәmiyyәtinin ruhani vә intellektual liderlәri zümrәsini tәşkil etdilәr, nüfuzları vә yüksәk sosial statusları ilә vedasonrası dövrdә sarsılmaz dәrәcәdә möhkәmlәndilәr, hәyatın vә mәrasimlәrin mürәkkәb tәnzimlәnmә şәbәkәsi isә onların tәsir gücünü daha da artırdı. Veda himnlәrindәn intişar tapan vә vedantada inkişaf etdirilәn vahid dünya başlanğıcı ideyası da Brahman adlanmağa başladı. Brahmanın transsendent mahiyyәtinin üzә çıxarılması Hindistanda dinin inkişafında növbәti mәrhәlә olan brahmanizmin әsas dini-fәlsәfi problemi oldu. Upanişad müdriklәri Brahmanın rasional dәrkedilmәzliyi vә müәyyәn olunmazlığını (“neti, neti”, yәni “bu deyil, bu deyil” mәşhur formulu әks etdirir) vә onun Atmanla vәhdәtini israr edirdilәr. Brahmanlarda vә upanişadlarda qurbanvermәnin rәmzi rolu, insan, onun hәyatı vә ölümü, allahların (azadolma yolu) vә әcdadların (yenidәndoğulmalar silsilәsi) yolu, karma qanunu, hәyat nәfәsi (prana), qeyri-adi qabiliyyәtlәrә yiyәlәnmiş riyazәt әhli – yoqlar haqqında tәsәvvürlәr ifadә edilir. Upanişadlarda Mütlәqә dair ikili (“qavranılan vә gizli olmayan” Brahman vә hәr şeyin daxilindәki şәxssiz ruhi başlanğıc olan Atman) tәsәvvür hәddәn artıq mücәrrәd, çәtin dәrk edilәn idi vә dini hisslәrin tәzahürünә imkan vermirdi. Brahmanizm dövründә ön plana çıxmış Pracapatiyә (varlıqların hökmdarı) pәrәstiş, әsas etibarilә brahmanlar arasında yayılmışdı vә onlar tәrәfindәn dә kifayәt qәdәr mücәrrәd, kainat qurbanının tәcәssümü kimi başa düşülürdü. Bu cür allah mükәmmәl kütlәvi sitayiş törәdә bilmәzdi. Bundan başqa, brahmanların sәrt strukturlaşmış sosial sistem yaratmaq vә orada özlәrinin hәqiqәt üzәrindә inhisarını möhkәmlәndirmәk sәylәri cәmiyyәtdә, xüsusilә kşatrilәr arasında etiraza sәbәb oldu. E.ә. 1-ci minilliyin ortalarında Hindistanda fikir hәrcmәrcliyi güclәndi, çoxlu mәktәblәr, gәzәrgi vaizlәr, müәllimlәr meydana gәldi. Brahmanların idealları vә konsepsiyaları şübhә altına alınmağa başlandı, hәqiqәtә çatmanın vә sansaradan azadolmanın digәr yolları tәklif edildi. H.-dә vedaların ali hәqiqәt vә dәyәr mövqeyi qazanmış mәnası tәdricәn itirildi, onların nüfuzu isә bu dövrdә kşatrilәr arasında yaranmağa başlayan yeni dinlәr – buddizm caynizm tәrәfindәn rәdd edildi; Vedaların әhәmiyyәtini qәbul edәn vә etmәyәn tәlimlәrin (astika-nastika) qarşıdurması yarandı. Brahmanizm daxilindә meydana gәlmiş böhrandan әsas çıxış yollarından biri dә yeni kultların yaradılması oldu. “Şvetaşvatara Upanişad”da deyilir ki, veda allahları Aqni, Pracapati, Vişvakarman tәk allahın – dünyanın yaradıcısı Rudranın, yaxud Şivanın aspektlәridir. Digәr upanişadlarda sonrakı dövrlәrdә Vişnu ilә birlәşdirilirәn Narayana xatırlanır. Şiva vә Vişnu Brahman ilә eynilәşdirilir vә Kainatın ali başlanğıcını tәcәssüm etdirәn böyük allahlara çevrilir. Veda dini-mifoloji sisteminin baş fiqurları öz әhәmiyyәtlәrini itirmәyә başladı, digәrlәri isә ümumiyyәtlә yaddaşlardan silindi, yaxud az әhәmiyyәtli allahlara çevrildi. Bir çox anlayışlar yeni mәnalar qazandı: tapas insanın askeza, tәrki-dünyalıq, özünә әziyyәtvermә yolu ilә әldә etdiyi vә әtrafa sehrli tәsir göstәrmәk imkanı verәn xüsusi psixi enerji kimi anlaşılmağa başlandı; allahların yaradıcı qüvvәsi olan mayya maddi dünyanı yaradan Brahmanın yaradıcı potensiyası kimi mәnalandırıldı; kosmik nizam (rita) haqqında tәsәvvür dharma anlayışına çevrildi. Buddizm vә caynizmin tәsiri altında ahimsa – zor işlәtmәmә ideyası getdikcә daha geniş yayılır vә qanlı qurban mәrasimlәri qansız keçәn mәrasimlәrlә әvәzlәnir di; H.-in mәrasim tәcrübәsindә atları vә inәklәri onların rәmzi tәsvirlәri, bәzәn isә allah tәsviri önündә parçalanan kokos qozası ilә әvәzlәmәyә başladılar. H.-in başlıca mәrasimi hamı üçün әlçatan olan puca – allaha güllәrin, meyvәlәrin, südün vә s. hәdiyyә gәtirilmәsi oldu, lakin H.-in bәzi sektalarında heyvanları vә quşları qurbankәsmә saxlanılmışdır.
    H.-in әsas cәrәyanlarının formalaşması. H. dininin yayılması prosesi e.ә. 1-ci minilliyin ortalarından eramızın 1-ci minilliyinin sonlarınadәk formalaşmış, müxtәlif növ sutraları vә şastraları (Manu qanunları kimi normativ qaydalar topluları), Brahma, Vişnu, Şiva, ana-ilahә Devi vә digәr personajlar haqqında mif vә rәvayәtlәri (bax Puranalar) ehtiva edәn smriti (“yadda saxlanmış” dini rәvayәt) mәtnlәrindә әks olunmuşdur. Smritiyә daxil olan “Mahabharata” “Ramayana” eposlarında (hәr iki poema kşatri mühitinin mәhsulu idi) vedalarda tәsvir olunandan fәrqli dünya mәnzәrәsi – әsas hissәsi Hindistan torpağı Aryavartadan (Arilәr ölkәsi) ibarәt insanlarla yanaşı, yarımallahların, iblislәrin, zahidlәrin, tәrki-dünyaların vә b. Yaşadıqları özünәmәxsus H. kainatı tәqdim edilir. Allahlar Himalaylardakı Meru dağında yaşayırlar vә çox zaman xoşagәlmәz әmәllәrtörәtmәklә insanların işlәrinә daim qarışırlar. Epik panteon veda panteonu ilә әlaqәsini saxlasa da, Brahma, Vişnu vә Şiva ön plana çıxmışlar. Onlar arasındakı münasibәtlәr rәqabәt vә münaqişәlәrlә doludur, eyni zamanda bu obrazların inkişafı prosesindә onların triadası formalaşmış, әsas kosmik funksiyalar aralarında bölüşdürülmüşdür: alәmlәrin yaradılması ilә Brahma, kosmik düzәnin qorunub saxlanması ilә Vişnu, alәmlәrin dağıdılması vә sansaranın mәhvi ilә Şiva mәşğul olur. Bu zaman Brahma yalnız nominal olaraq yaradıcıallah kimi qalmışdır, onun kultu praktiki olaraq mövcud deyil. Vişnu vә Şiva isә әnәnәvi funksiyalarını saxlamaqla bәrabәr, öz kultları – H.-in iki әsas cәrәyanına çevrilmiş vişnuizm şivaizm daxilindә ali allah statusunu qazanmışlar. H.-in müxtәlif cәrәyanlarının tәşәkkülü prosesi Hindistandakı yerli әhalinin sitayiş, mәrasim vә inanclarının veda dini vә brahmanizm mәcrasında intişar tapmış ideyalar vә praktikalarla sintezindәn ibarәtdir. Ümumi tendensiya monistik ideyanın möhkәmlәndirilmәsinә vә kosmosun, transsendent yaradıcı başlanğıcın vahid tәcәssümü olmaqla, hәm dә tanınan, әlçatan, cazibәdar allah fiqurunun yaradılmasına doğru gedirdi. İlk belә allah özünün vedadakı prototipi Rudranın әlamәt vә xarakterini mәnimsәmiş Şiva oldu. Riqvedadakı Vişnu isә mühüm olsa da, inkişaf etmәmiş mifologiyaya malik mücәrrәd fiqurdur; Vişnu kultu formalaşdıqca eynilәşdirildiyi digәr allahların (Narayana, Sankarşana, Vasudeva) kultlarınıda mәnimsәmәyә başladı. “Mahabharata” nın 6-cı kitabına daxil olan “Bhaqavatgita” (hәrfi mәnası “Allah nәğmәsi”) dini-fәlsәfi poeması vişnuizmin tәşәkkülündә mühüm mәrhәlә oldu. Bu poemanın qәhrәmanlarından biri allah Krişna kşatri Arcunanı bhakti – sevgi vә şәxsi sadiqlik әsasında allaha xidmәt yoluna sövq edir. Bu yol sansaradan azadolma üçün әn ali vә әn effektiv üsul elan edilir. Bhakti ideyası yerli allahlara ekstatik sitayiş formalarından (rәqs, nәğmә, trans) ibarәt dini tәcrübә ilә birlәşәrәk H.-in inkişafında böyük rol oynadı vә belәliklә yerli әhali tәbәqәlәrindәn çoxsaylı tәrәfdarları H.-ә cәlb etdi vә onun caynizm vә buddizm üzәrindә qәlәbәsini müәyyәnlәşdirdi. Eramızın 1-ci minilliyinin ortalarında Hindistanın cәnubunda tamillәr arasında H.-in yeni forması meydana gәldi; burada allahla ünsiyyәt üçün insanın allahı sevmәsi, ona yaxınlığı arzulaması, rәhminә ümid bağlaması kifayәt idi. 6–12 әsrlәrdә bhakti vaizlәri, şivaçılar vә vişnuçular tamil dilindә yaratdıqları dini-poetik külliyyatlarda bhakti yolunun әsas ideya vә ehkamlarını işlәyib hazırladılar. Tәqr. 1-ci minilliyin sonunda Vişnu tәmayüllü bhaktinin әsaslarından birinә çevrilәn sanskrit mәtni “Bhaqavata-purana” yaradıldı. Bir neçә әsr müddәtindә regiondan vә dövrdәn asılı olaraq spesifik cәhәtlәr qazanan bhakti cәrәyanı Hindistanın bütün әrazisinә yayıldı. H.-in daxilindә yaranan çoxsaylı yeni cәrәyanlar arasında әn nüfuzlusu krişnaizm idi. Krişna Vişnunun tәcәssümlәrindәn biri, onun kultu vişnuizmin bir qolu olsa da, qәdimliyi, geniş yayılması sәbәbindәn ayrıca cәrәyan kimi nәzәrdәn keçirilir. Benqaliyada icmanın әsasını qoymuş, sankirtanadan (rәqs vә nәğmәlәrlә müşayiәt olunan bhaktilәr yürüşü) başqa kultun bütün zahiri tәrәflәrini rәdd edәn 16 әsr mistiki vә vaizi Çaytanyanın islahatçı fәaliyyәti krişnaizmin inkişafında mühüm rol oynadı. Bhaktilәrin bir çox digәr lideri kimi, Çaytanya kasta fәrqlәrini tanımır vә insanların allah qarşısında bәrabәrliyini tәbliğ edirdi. Bu prinsip bhakti ideologiyasının әsaslarından birinә çevrildi. Quptalar imperiyası dövründәn (4–6 әsrlәr) etibarәn H. sәrt rәqabәt şәraitindә buddizmi vә caynizmi sıxışdırmağa başladı. Müxtәlif sülalә hökmdarlarının himayәsi ilә iri mәbәdlәrin tikintisi başladı, hinduist tәmayüllü poeziya, rәngkarlıq, musiqi inkişaf etdi. Mәbәd mәrasimlәrindәn, bayramlardan, ikonoqrafik kanondan ibarәt sistem yarandı. Hinduist monastırları meydana gәldi, müqәddәslәr kultu formalaşdı vә böyük zәvvar kütlәsini cәlb edәn müqәddәs yerlәr – Hindistanın “müqәddәs coğrafiyası” müәyyәnlәşdi (Benares, Badrinath, Puri, Şriranqam, Tirupati vә s. yerlәr ümumhind әhәmiyyәti qazandı). Purana korpusu: Kainatın vә allahların mifik tarixindәn, hökmdar nәsillәrinin hәyatından, müqәddәs yer vә mәbәdlәrin coğrafiyasından vә s. bәhs edәn mәtnlәr kanonlaşdırıldı. Yerli kultların H.-ә daxil edilmәsi 2-ci minilliyin başlanğıcında bir sıra regional allahların ümumhind sәviyyәsinә yüksәlmәsi ilә nәticәlәndi (mәs., Puridә Caqannath). H. kasta sisteminә dini mahiyyәt verәrәk, ictimai hәyatın bütün sәviyyәlәrinә nüfuz etdi vә mahiyyәtcә cәmiyyәtlә qaynayıb qarışdı. Altı ortodoksal fәlsәfi sistemin – nyaya, vayşeşika, sankhya, yoqa, vedanta vә mimansanın formalaşması H.-in konsoli dasiyasına yardım etdi. Hindistanın müsәlmanlar vә avropalılar tәrәfindәn 700 ildәn çox davam edәn fәthi dövründә H. yadellilәrә qarşı daxili vә xarici müqavimәti ilhamlandırırdı. Əvvәl müsәlman, sonra isә Avropa mәdәniyyәtinin tәsirilә hinduist cәmiyyәtinin dini normalarında әhәmiyyәtli dәyişikliklәr baş verdi: bir çox hinduist adәtlәrinin әtalәti vә amansızlığı (dul qadınların özünü yandırması, uşaq nikahları, qadınların hüquqsuzluğu vә s.) H.-dә islahatlara ehtiyac yaratdı. 19 әsrin әvvәllәrindә meydana gәlmiş islahatçı hәrәkatlardan bәzilәri H., xristianlıq vә islam dininin ideyalarını birlәşdirәn universal dinin yaradılmasına istiqamәtlәndi (mәs., Brahmo Samac cәmiyyәti). Arya Samac cәmiyyәtinin tәmsil etdiyi digәr cәrәyan “Geriyә, Vedalara doğru!” şüarını elan etdi vә diqqәti dini әnәnәnin tәkmillәşdirilmәsinә yönәltdi. Hind müdrikliyinin Qәrbdә yayılması ilә bağlı olan üçüncü cәrәyanın әsasını Ramakrişna vә onun şagirdi Vivekananda qoymuşlar. Vivekanandanın irәli sürdüyü vә H.-in daxilindәki tәriqәtlәrarası münasibәtlәri, hәmçinin H.-in digәr dinlәrlә münasibәtini izah edәn “vәhdәt rәngarәnglikdәdir” prinsipi sonralar müstәqil Hindistanın dövlәt ideologiyasının bir hissәsinә çevrildi. Neohinduizmdә H.-ә qoşulma etnik mәnsubiyyәtlә mәhdudlaşdırılmadı (o zamana qәdәr yalnız hinduist doğulan hinduist ola bilәrdi), Avropa vә Amerikada hinduist icmalar yaranmağa başlandı. Öz ömrünü başa vurmuş dini vә sosial institutların aradan qaldırılması uğrunda mübarizә aparan digәr islahatçılar (Mahatma Qandi, Aurobindo Qhoş) eyni zamanda müstәmlәkәçiliyә etiraz ideologiyasını dinlә әlaqәlәndirir, H. prinsiplәrini siyasi mübarizәdә istifadә edirdilәr. 1947 ildә müstәqillik әldә edildikdәn sonra Hindistan dünyәvi dövlәt elan olundu, lakin 21 әsrdәdә bu ölkәdә H.-in mövqeyi çox güclüdür. H. bir çox halda siyasi hәyatı, hüquqi normaları, sosial stratifikasiyanı, әksәr hindlilәrin identikliyini, mentalitetini vә hәyat tәrzini müәyyәnlәşdirmәklә mәdәniyyәtin sistemyaradıcı elementi olaraq qalır.
    H.-in panteonu. H. çox vaxt bir-birini qarşılıqlı inkar edәn ideya vә praktikalara әsaslanan dini tәsәvvür vә kultların, cәrәyan vә tәriqәtlәrin geniş vә xeyli dәrәcәdә yayğın kompleksidir. H.-dә monoteizm bütpәrәstliklә yanaşı çıxış edir; burada hamı üçün vahid allah yoxdur, lakin ayrıayrı tәlim yaradıcılarının vә ruhani müәllimlәrin – quruların güclü inkişaf etmiş kultu var; vahid müqәddәs vәhy kitabı yoxdur, lakin hәr bir cәrәyanın tanıdığı başlıca dini mәtnlәrin vә әsatirlәrin nüfuzu çox yüksәkdir; dini rәmz, yaxud hamının qәbul etdiyi doktrina yoxdur, lakin H.-in bütün cәrәyanları öz aralarında sıx әlaqәlidir, bir-birini tamamlayır, ümumi, yaxud oxşar tәsәvvür vә obrazlardan yararlanır. Yad elementlәr, bir qayda olaraq, H.-dәn çıxarılmır, yenidәn işlәnәrәk özününkü kimi mәnimsәnilirdi (mәs., buddizm, xristianlıq vә islam dini ilә tәmaslar nәticәsindә). H.-dә Qәrbin әnәnәvi kilsә tәşkilatlanmasına, yaxud iyerarxiyasına bәnzәr heçnә yoxdur, lakin özünün daxili birgәyaşayış qrupları var ki, bunlardan әn böyüyü kasta strukturudur (hәrçәnd, onun da әhәmiyyәti hәr yerdә, hәmişә eyni deyil vә hinduistlәrin bir hissәsi tәrәfindәn inkar edilir). H.-in bu dәyişkәnliyi vә çox şaxәliliyinә görә, bәzi tәdqiqatçılar onu vahid din deyil, ayrı-ayrı bir-birinә yaxın dinlәrin (şivaizm, vişnuizm, klassik brahmanizm vә s.), yaxud din növlәrinin (mәbәd, ev, kahin H.-i; kәnd, yaxud xalq H.-i; tayfa H.-i vә s.) birlәşmәsi hesab edirlәr. H.-in cәrәyanları vә tәmayüllәri öz növbәsindә fәrdi sәciyyәli çoxsaylı dini qruplara – sampradayalara bölünür (adәtәn, hәr qrup üçün müәyyәnlәşdirici cәhәt qurunun olmasıdır). Vişnuizmin daxilindә әsas cәrәyan krişnaizm vә ramaizm sayılır. Şivaizm dә әn çox tanınan Hindistanın şimalındakı paşupatlar icması, Hindistanın cәnubundakı vә şimal-qәrbindәkı viraşayvlar (linqayatlar) icması, tamil şivaizmi (şayva-siddhanta) vә Kәşmir şivaizmidir. H.-dә sitayiş obyektlәri olduqca müxtәlifdir. Qәdim hindlilәr kosmosun hissәlәrini (yer, göy, Günәş, Ay), tәbiәt hadisәlәrini (yağış, tufan, sübh şәfәqi), mәrasim atributlarını (mәrasim iştirakçılarını ekstaz vәziyyәtinә gәtirәn müqәddәs soma içkisi, od, qurbangah dirәyi), mücәrrәd anlayışları (inam, nitq, qonaqpәrvәrlik) vә s. ilahilәşdirirdilәr. H. panteonu praktiki olaraq saysız-hesabsız allahlardan ibarәtdir vә onların әksәriyyәti daha böyük allahların yerli tәcәssümlәridir. Ağaclarda, daşlarda, meşәliklәrdә, su hövzәlәrindә, yolayrıcılarda vә s. yerlәrdә mәskunlaşan ruhlara vә varlıqlara sitayiş edirlәr. Yerli allahlar arasında yeraltı sәrvәtlәrә vә mәhsuldarlığa cavabdeh olan ruhlar – çox vaxt kök cırtdan, yaxud cazibәdar qadın görkәmindә tәsvir edilәn yakşi vә yakşinilәrә rast gәlinir. Bütün bu cür varlıqları ümumilәşdirilmiş şәkildә “devata”, yaxud “qramadevata” (allahlar, kәnd allahları) adlandırırlar. Onlar kәndlәrin әrazisini qoruyur, demonlarla mübarizә aparır, yağışın yağmasını vә bol mәhsuldarlığı tәmin edir, mal-qaranı nәzarәtdә saxlayır, xәstәlәri müalicә edir vә s. Daha yüksәk sәviyyәli, özlәrinin inkişaf etmiş mifologiyası olan vә böyük әrazilәrә cavabdehlik daşıyan fövqәltәbii personajlara, hәmçinin qәhrәmanlara, әcdadlara pәrәstiş edilir. Şәr ruhlara da – rakşaslara (adәtәn, meşәdә yaşayan qulyabanılar vә adamyeyәnlәr), pişaçlara (qәbiristanlıqda yaşayan adamyeyәn xortdanlar), dakinilәrә (eybәcәr ilahә ali vә onun zalım, çirkin yolçuları) vә s.-lәrә da qurbanlar gәtirilir ki, onlar zәrәr yetirmәsin. Hindlilәrin canlı tәbiәtә sitayişi ahimsa tәcrübәsindә vә heyvanların ilahilәşdirilmәsindә tәcәssümünü tapmışdır. İnәk, fil, meymun, ilan kultları qәdimdәn mәlumdur. İnәyә pәrәstiş hinduist cәmiyyәtindә xüsusilә sәciyyәvidir: o, hifz edәn, qida vә rifah verәn ana kimi müqәddәsdir. İnәyin verdiyi mәhsul – süd, yağ, hәtta saflaşdırıcı vә müalicәvi xüsusiyyәtlәrin aid edildiyi inәk sidiyi vә peyini dә müqәddәs sayılır. İnәyin öldürülmәsi әn ağır günahlardandır. H. allahlarının hәr şeyә qüdrәti çatmır (mәs., asket yoqa praktikası sayәsindә әldә etdiyi gücün kömәyilә allahları onun iradәsini yerinә yetirmәyә mәcbur edә bilәr), çox vaxt onlar ölәri varlıqlar kimi göstәrilir; mәs., alәmlәrin yaradıcısı Brahma 100 il yaşayır, sonra onu digәr Brahma әvәz edir. Brahma ili Brahma günlәrindәn, kalpadan ibarәtdir, kalpanın hәr biri isә Yerdәki 4 mlrd. 320 mln. ilә bәrabәrdir. Dünya bir Brahma günü әrzindә mövcud olur, sonra dağılır vә müddәtcә hәmin günә bәrabәr olan Brahma gecәsi gәlir. H.-in vişnuizm vә şivaizm kimi teist cәrәyanlarında atributsuz Brahma konsepsiyası dünya düzәni, cәmiyyәt vә fәrd üçün cavabdehlik daşıyan konkret allah obrazı ilә birlәşmişdir. Bu әnәnәlәrin baş allahları hissi qavranılan vә buna görә dә inanclı insana yaxın olan personalar, tәcәssüm olunmuş kosmos vә dәrkedilmәz tәk Brahmanın rәmzlәridir. Digәr allahlara kömәkçi rol ayrılır: mәs., vişnuizm mifologiyasında dünyanı yaradan Brahma Vişnunun göbәyindә bitәn lotosdan doğulur, yәni o, ali allahın istifadә etdiyi vasitәdir. Eyni zamanda, Vişnu öz “qoruyucu” funksiyasını hәyata keçirәrkәn, dünya düzәninә tәhlükә yarandığı vaxt yerüstü dünyada “özünü doğurmaq” bacarığına malikdir; Rama, Krişna, Budda onun tәcәssümlәridir. Vişnuizm tәrәfdarları onun axırzamanda dünyanın xilaskarı Kalki şәklindә sonuncu dәfә tәcәssümünü gözlәyirlәr. Ali allah hәm “әn lәyaqәtli”, hәm dә ambivalent ola bilәr; mәs., Şivaya hәm böyük asket, hәm dә böyük mәşuq kimi pәrәstiş edilir; o, Nataradca (rәqsin şahı) görkәmindә öz rәqsi ilә dünyanı yaşamağa sövq edir, sonra isә onu mәhv edir; heybәtli görkәmdә (Bhayrava) xaos vә tәhlükә ilә assosiasiya olunaraq hәr kәsә qorxu aşılayır, rәhmdil görkәmindә (Şankara) isә canların xeyirxah hamisi, yoqları bu dünyanın illüziya vә әzablarından xilas edәndir. Hinduistin gündәlik hәyatında allah rifahı tәmin edәn yardımçı vә himayәçi kimi çıxış edir. H.-in müәyyәn bir cәrәyanına mәnsub olan dindar baş allaha dua edәrkәn digәr allahları da unutmur. Demәk olar ki, bütün hinduistlәrin sevdiyi allahlar mövcuddur: Şivanın insanlar vә allahlar arasında vasitәçi rolunu oynayan filbaşlı oğlu Qaneşa, “Ramayana”nın mәşhur qәhrәmanları Rama vә Hanuman. Çox vaxt allahlar insanın hәyat fәaliyyәtinin müxtәlif sahәlәrinә cavabdehlik daşıyırlar; mәs., hansısa işin uğur gәtirmәsi üçün, yaxud sәyahәtә başlayanda Qaneşaya müraciәt edilir, ilahә Lakşmi var-dövlәt toplanmasına yardım edir, lazım olan vaxt yağışın yağmasını vә bol mәhsulu isә İndradan istәyirlәr. mifologiyasında kişi personajları üstünlük tәşkil etsә dә, qadın obrazları da az әhәmiyyәt daşımır. Bәzi ilahәlәr baş allahların arvadı kimi onlarla sıx әlaqәdә olsa da, müstәqil әhәmiyyәt dә daşıyır. Xoşbәxtlik vә uğur ilahәsi Lakşmi, yaxud Şri Vişnunun arvadıdır. Brahmanın arvadı müdriklik ilahәsi Sarasvatidir. Himalayların ilahi hökmdarının qızı vә Şivanın arvadı Parvati, yaxud Uma çoxlu, hәm dә kifayәt qәdәr qorxunc görkәmlәrә malikdir. Bu obrazlarda o, Durqa, Kali vә digәr adlar daşıyır vә böyük ilahә Devinin müstәqil statusunu qazanır. Bu obraz әn qәdim anailahә kultları әsasında meydana gәlmiş qadın başlanğıcına pәrәstişlә bağlıdır vә Şivanın yaradıcı enerjisi kimi başa düşülәn qadın enerjisi Şaktinin tәcәssümüdür. Ona pәrәstiş H.-dә şivaizmә yaxın olan vә bütün Hindistanda yayılan ayrıca şaktizm cәrәyanı kimi fәrqlәndirilir. Hind cәmiyyәti müstәqillik uğrunda mübarizә dövründә düşmәnlәri mәhv edәn Kalinin cizgilәrini Ana-Hindistan obrazına şamil etmiş vә şaktizm vәtәnpәrvәrlәrin özünәmәxsus dininә çevrilmişdi. Tantralar vasitәsilә qurtuluşa çatma yolunu işlәyib hazırlamış tantrizm mәktәbi şaktizmә yaxındır. Hәr iki cәrәyanın yerli tayfaların qәdim inanc vә kultları ilә әlaqәsi şübhәsizdir.
    Dini praktika. Hinduistin dinipraktikası ilk növbәdә pucinin – әziz vә mötәbәr qonaq kimi qәbul edilәn allahla insan canının qovuşmasına yönәlmiş mәrasimin icrasından ibarәtdir. Mömin şәxs allaha çiçәkdәn hazırlanmış boyunbağılar, yemәk, yuyunmaq üçün su, әtriyyat tәklif edir, onun tәsviri qarşısında dualar oxuyur, ona vә onun rәmzlәrinә baş әyir, qarşısında od yandırır vә s. Allahın tәsvirinә yaxınlaşdırılaraq ona tәqdim olunan qidanın bir hissәsi allah tәrәfindәn yeyilmiş sayılır, digәr hissәsi isә tәqdis olunmuş şәkildә (prasad) adeptә qayıdır. Mәrasim çox vaxt evdә keçirilir vә bunun üçün kiçik ibadәt otaqları, yaxud mehrablar düzәldilir. Hәyat dövrü mәrhәlәlәri arasında keçidlәrә (adqoyma, vedaların öyrәnilmәsinә başlama, toy vә s.) hәsr olunmuş vә adәtәn dәvәt edilmiş qonaqların iştirakı, hәmçinin brahmanın kömәyi ilә evdә keçirilәn mәrasimlәrdә (sanskaralar) hinduistin hәyatında mühüm rol oynayır. Zәrәrverici qüvvәlәrin tәsirini kәnarlaşdırmaq vә allahları öz tәrәfinә çәkmәk mәqsәdilә hәyata keçirilәn bir çox digәr ev mәrasimlәri dә mövcuddur. Hazırda hinduistlәrin çox az hissәsi bütün dini göstәrişlәri vә mәrasimlәri yerinә yetirir (tәkcә sәhәr mәrasimlәri üçün әn azı üç saat vaxt tәlәb olunur). H.-dә mәbәd allahın doğulduğu vә yaşadığı yerdir; tikili bütövlükdә vә onun ayrı-ayrı hissәlәri rәmzi mәnalar daşıyır. Daş konusu, yaxud piramidanı xatırladan mәbәd Kainatın tәcәssümü vә eyni zamanda onun mәrkәzi, mehvәri olan kosmik Meru dağını tәmsil edir. Mәbәdin әn müqәddәs yerinә – allahın әsas tәsviri saxlanılan hissәsinә aparan mağara haqqında tәsәvvürlәr bu dağla bağlıdır. Mağara dağın mәrkәzinә, rәmzi olaraq köklәrә, başlanğıca, ilkin rüşeymә doğru aparır; mәbәdin әn müqәddәs yeri ana bәtni kimi anlaşılır vә “qarbhaq riha” (“ilk rüşeymin evi”) adlanır. Hinduist mәbәdinin forma vә ölçülәri müxtәlifdir. Kiçik, primitiv tikililәrlә yanaşı, nәhәng bürcvarı tikililәr vә çox vaxt hündür divarla әhatәlәnmiş, daxilinә yalnız hinduistlәrin girmәsinә icazә verilәn böyük komplekslәr dә mövcuddur. Mәbәdlәr adәtәn daş üzәrindә oyma vә heykәltәraşlıq nümunәlәri ilә bәzәdilmişdir, allahların tәsvirlәri yalnız mәbәdin içindә deyil, xaricindә dә yerlәşdirilir. Çoxsaylı obrazlar vә kompozisiyalarda mәbәdin hәsr olunduğu allahla vә onu müşayiәt edәn personajlarla bağlı miflәr әksini tapmışdır. İnanclı insanın mәbәdә getmәsi vacib әmәl olmasa da, o, vaxtaşırı tәk, yaxud ailәsi ilә birlikdә darşanı – mәbәdgahdakı allahın heykәlini seyr etmәk üçün ora gedir. O, kahinlәrin keçirdiklәri mәrasimlәrdә iştirak edir, dini nәğmәlәrә qulaq asır. Allaha “xidmәt göstәrmә” ayinlәri onun oyadılması, yuyundurulması, geyindirilmәsi vә s.-dәn ibarәtdir. Bәzәn allahlarla ünsiyyәtdәn әvvәl mürәkkәb tәmizlәnmә ayinlәri icra olunur. Brahmanlar vә digәr “iki dәfә doğulmuşlar” ayinlәri yerinә yetirәrkәn dini mәtnlәr, himnlәr oxuyur, dualar edirlәr. İbadәt dili әksәr hallarda sanskritdir; hesab edilir ki, onun bәzi hecaları, xüsusilә mәrasim mәtnlәrinin әvvәlindә vә sonunda sәslәnәn, reallığın vәhdәtini Brahmanda simvolizә edәn әsas H. mantrası – “om” (“aum” kimi tәlәffüz olunur) hecası magik qüvvәyә malikdir. Mәrasimin sonunda brahman möminә allahla ünsiyyәtdә olmasının nişanәsi kimi alnına sürtmәk üçün ağ vә qırmızı toz verir. Ruhani praktika (sadhana) istәnilәn yerdә vә istәnilәn vәziyyәtdә hәyata keçirilә bilәr. Dini praktikanın mühüm mәqamlarından biri meditasiya – müәyyәn obyekti (allahın obrazı, yaxud adı) seyr etmәklә diqqәti onda cәmlәmәk sayılır. Samadhiyә – öz hәqiqi mahiyyәtinin tam dәrkinә, Brahma ilә vәhdәt yaşantısına can atan yoqlar bununla kamillәşirlәr. Meditasiyanın geniş yayılmış metodu capa – әksәr hallarda allahların adlarından ibarәt olan müqәddәs mantraların çoxsaylı tәkrarlanması, yaxud oxunmasıdır (asta sәslә, yaxud sәssiz); bunlardan әn mühümü Riqvedadan olan Qayatridir. Kәnd yerlәrindә yerli kahinlәr şaman tipli nәğmә vә rәqslәrdәn ibarәt tamaşalar göstәrir, bu zaman “allahı özünә qәbul edir” vә onun adından insanlara qeybdәn xәbәr gәtirir, şәfa verir, yağış yağdırır vә s. H.-dә әxlaqi mövzuda vәzlәrә vә müxtәlif öyüd-nәsihәtlәrә әmәl etmәk hinduistin başlıca mәziyyәtidir (punya). İnsanı bu yoldan sapdıran hәr şey, o cümlәdәn şәhvәt, qәzәb, tamahkarlıq, nadanlıq, tәkәbbür vә hәsәd günah (papa) sayılır. Qәdim “Manu qanunları” traktatına görә, xüsusilә ağır olan beş günah var: brahmanın öldürülmәsi, inәyin öldürülmәsi, brahmanın әmlakının oğurlanması, spirtli içkilәrin qәbulu, daha yüksәk kastaya mәnsub qadınla, yaxud qurunun arvadı ilә әlaqә dә olmaq. Qadınlar üçün zina, aşağı kastaya mәnsub kişi ilә әlaqә vә abort әn ağır günahlardır. H.-dә böyük әhәmiyyәt verilәn ayini tәmizliyin pozulması ciddi günahlardan biridir. Tәmizlik – natәmizlik qarşıdurması hind cәmiyyәtinin varna-kasta bölgüsünün әsasında durur: ayin baxımından brahmanlar әn tәmiz; ölüm, çirkab vә bәdәn tullantıları ilә bağlı olan peşә sahiblәri (zibildaşıyanlar, qәssablar, dabbağlar, dәllәklәr vә b.) isә әn natәmiz sayılırlar. Yüksәk kasta nümayәndәlәri onlarla tәmasdan qaçırlar, buna görә bu sosial qruplar toxunulmazlar adlanırlar. Natәmizlik anlayışı insanın fiziki natәmizliyi ilә bağlı vәziyyәtlәrinә (ölüm, doğuş, aybaşı, tәbii ehtiyacların görülmәsi vә s.) dә aiddir. Bütün natәmizliklәr tәhlükәli sayılır vә onlardan qorunmaq üçün insan hәr kastaya dair tәfәrrüatı ilә tәsvir olunan tәmizlik ayinlәrini (yuyunma, orucluq, mantraların oxunması, allahlara vә brahmanlara bәxşişetmә vә s.) icra etmәlidir. Müqәddәs Qanq çayında yuyunma xüsusilә әhәmiyyәtli sayılır.
    Kumbha Mele dini bayramı. Uttarakhand ştatının Haridvar şәhәri. 2021 il.
         Qida ilә bağlı qayda vә qadağalar sistemi müfәssәl işlәnmişdir. Yüksәk kasta üzvlәri, xüsusilә brahmanlar üçün yemәkdә kimin iştirak etmәsi, onun harada baş vermәsi, yemәyin kim tәrәfindәn vә hansı әrzaqlardan hazırlanması çox mühümdür. Hinduist cәmiyyәtindә vegeterian qidası başlıca qida növü sayılsa da, veda, epik vә digәr mәtnlәrә әsasәn qәdimdә hindlilәr qidalanmada әtdәn, hәtta mal әtindәn dә istifadә etmişlәr. H.-dә ahimsa ideyası möhkәmlәndikcә, bitki qidasına keçid baş vermişdir; әksәr brahman kastaları üçün әt yeyilmәsi murdarlıq sayılsa da, kasta statusu aşağı düşdükcә bütün qadağalar kimi, qida qadağaları da öz sәrtliyini itirir. H.-dә çoxsaylı bayramlar insan kütlәlәrinin axışdığı mühüm dini hadisәyә çevrilir. Mifoloji süjetlәrlә bağlı olan bayramlar әksәr hallarda işıqlı ilahi qüvvәlәrin qaranlıq şәr qüvvәlәr üzәrindә qәlәbәsinә hәsr edilir. Bayramların keçirilmә vaxtı ay tәqvimi ilә hesablanır. 5 gün davam edәn vә yağışlar mövsümünün bitmәsini, qışın başlanğıcını bildirәn od bayramı Divali, krişnaitlәrin üçgünlük yaz bayramı Holi vә s. geniş yayılmışdır. H.-dә müqәddәs yerlәrә ziyarәt vacib әmәl sayılmasa da, çox geniş yayılmışdır. Hәr il 30–80 mln. insan bu cür mәkanlara üz tutur vә ziyarәti qurtuluşa çatmaq üçün lazım olan dini xidmәtlәrin әn әlçatanı hesab edir. Yuyunma ziyarәtin әsas atributlarından biri sayılıdığına görә, ziyarәt yerlәri әksәr hallarda su ilә bağlı olur vә tirtha (“çayın dayaz yerdәn keçidi”) adlanır. Müqәddәs sayılan suyun özü vә bu su ilә tәmizlәnәrәk başqalarını da tәmizlәmәk bacarığı әldә etmiş insan da tirtha adlanır. Ziyarәtә piyada vә ayaqyalın getmәk lazımdır (qocalara vә xәstәlәrә güzәştlәr edilir). Ayodhya, Mathura, Dvarka, Varanasi, Rameşvaram, Udcayn ümumhind ziyarәtgahlarıdır. Dünyanın әn qәdim vә böyük dini bayramlarından olan (2001 ildә tәqr. 50 mln. iştirakçı) vә 12 ildәn bir keçirilәn Kumbha Mela (“bardaq yığıncağı”) hәm dә әn böyük kollektiv ziyarәtdir. H.-i n m u s i q i ә n ә n ә l ә r i veda mәtnlәrinin (Riqveda, Samaveda) reçitasiyalı oxunması ilә bağlıdır. Hind klassik musiqisindә sәsin vә sәslәnmәnin nәzәriyyә vә estetikası H.-in kosmoqoniyası vә fәlsәfәsi ilә sıx bağlıdır: bu, mütlәq ruhani başlanğıcla (Brahmanla) assosiasiya olunan mütlәq sәs (nada) metafizik konsepsiyasıdır. H.-in varlığın mәkan-zaman formalarına aid formalaşdırdığı tәsәvvürlәr rasa, raqa tala nәzәriyyәlәrinә әsaslanan hind klassik musiqisinin bünövrәsini tәşkil edir. Hinduist panteonunun allahları tamaşaları musiqi ilә müşayiәt olunan sanskrit dramının (Kalidasanın vә digәrlәrinin pyeslәri) personajlarıdır. H.-in musiqi әnәnәlәri әn parlaq әksini bhakti cәrәyanında tapmışdır. Bhaktilәrin Şivaya, Vişnuya vә xüsusilә Krişnaya pәrәstişlә bağlı olan dini nәğmәlәri Hindistanın cәnubunda vә şimalında geniş yayılmış ayrıca “sitayiş musiqisi” kateqoriyasını tәşkil edir. Benqal şairi Cayadevanın (12 әsr) “Gita Qovinda” poeması bunun әn erkәn nümunәlәrindәndir. Şimali Hindistan bhakti vaizlәrinin (Surdas, Tulsidas, Mira Bai) dini nәğmәlәri mәzmunlarına görә tәsnif olunur vә musiqi alәtlәrinin müşayiәti ilә oxunur. Şimali Hindistanın hindustani әnәnәsinә aid klassik vokalkom pozisiyalarının mәtnlәri dә çox vaxt Krişna kultu ilә bağlı olur. H. musiqisinin xüsusi qolunu baulların musiqi-poetik әnәnәsi tәşkil edir. Cәnubi Hindistan qolu mәtnlәri H. panteonunun allahlarına vә müqәddәslәrinә hәsr edilәn kriti vә kirtana dini nәğmәlәri ilә tәmsil olunur. Hindustan y-a regionlarının dini festivallarında sәslәnәn әnәnәvi mahnı-instrumental musiqisindә, hәmçinin regional rәqs vә teatr әnәnәlәrindә (bharatnatyam, cәnubi hind kathakali teatrı, şimali hind odissi, manipuri vә s. rәqs formaları) olduqca geniş әks olunmuşdur.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İCARƏDAR