GİZO (Guizot) Fransua Pyer Giyom (4.10.1787, Nim – 12.9.1874, Val Rişe) – Fransanın dövlәt xadimi (mühafizәkar liberal), tarixçi. Mötәbәr burjua protestant ailәsindә doğulmuşdur. Vәkil işlәyәn atası 1794 ildә edam olunduqdan sonra G.-nun ailәsi Cenevrәyә köçmüşdü. 1805 ildә Fransaya qayıtmışdır. Sorbonnada hüquq fakültәsindә tәhsil alan G. әqidәli liberal vә konstitusiyalı monarxist olmuşdur. Sorbonna Un-tindә müasir tarixdәn dәrs demişdir (1812 ildәn). 1814 ildәn dövlәt qulluğunda çalışmışdır: Müvәqqәti hökumәtin baş katibi, Daxili İşlәr Nazirliyi vә Ədliyyә Nazirliyi katibliklәrinin rәhbәri, Dövlәt Şurasının әmәkdaşı. 1820 ildә liberal müxalifәtlә yaxınlaşmış, dövlәt qulluğunu tәrk etmiş vә pedaqoji fәaliyyәtә qayıtmışdır. Hәmin illәrdә onun ilk tarixi әsәrlәri – “İngiltәrә inqilabının tarixi” (c. 1–2, 1826–27), “Avropada sivilizasiyanın tarixi” (1828), “Fransada sivilizasiyanın tarixi” (c. 1–4, 1830) vә s. nәşr olunmuşdur. G. Britaniya konstitusiyalı monarxiyasını ideal dövlәt quruluşu hesab edirdi. Sinfi mübarizәnin tarixi hadisәlәrin әsas hәrәkәtverici qüvvәsi olması haqqında nәzәriyyәni formulә etmişdir. Fransa tarixini әvvәlcә Qalliyanı işğal etmiş germanlarla onların әsarәtinә düşmüş qall-romalılar arasında, sonra isә germanların nәsillәri olan feodallarla qallromalıların nәsillәri olan 3-cü silk nümayәndәlәri arasında mübarizәnin tarixi kimi göstәrmişdir (sonralar bu konsepsiyadan imtina etmişdir). 1830 ildә parlamentә seçilmiş, mötәdil liberal müxalifәtin liderlәrindәn biri olmuşdur. İyul inqilabında (1830) vә Lui Filippin hakimiyyәtә gәtirilmәsindә mühüm rol oynamışdır. İyul monarxiyası (1830–48) dövründә dәfәlәrlә nazir vәzifәlәrini (daxili işlәr naziri, 1830; xalq maarifi naziri, 1832–36, 1836–37; xarici işlәr naziri, 1840–48, baş nazir, 1847–48) tutmuşdur. 1840–48 illәrdә hökumәtә faktiki rәhbәrlik etmiş, inqilabi vә demokratik hәrәkatı yatırmaq siyasәti yürütmüşdür. Əxlaqi vә Siyasi Elmlәr Akademiyasının (1832), Fransa Akademiyasının (1836) üzvü seçilmişdir. Fransada 1848 ilinqilabı G.-nun siyasi karyerasına son qoymuş, o, yenidәn tәdqiqat vә pedaqoji fәaliyyәtә qayıtmışdır. Bu dövrdә G.-nun dünyagörüşündә xeyli dәyişikliklәr baş vermişdir: sinfi mübarizә nәzәriyyәsindәn imtina edәn G. ümumi sinfi barışığa çağırmışdır.










