GÖDEL Kurt [28.4.1906, Brünn (indiki Brno) – 14.1.1978, ABŞ, Prinston] – Avstriya mәntiqçisi vә riyaziyyatçısı, London Kral Cәmiyyәtinin üzvü (1968). Vyana Untini bitirdikdәn (1930) sonra orada işlәmişdir (1933–38 illәrdә privat-dosent vәzifәsindә). 1940 ildә ABŞ-a mühacirәt etmiş, Prinstonda Perspektiv Tәdqiqatlar İntunda işlәmişdir (1940 ildәn, 1953 ildәn prof.). Əsas elmi işlәri riyazi mәntiq vә çoxluqlar nәzәriyyәsi sahәsindәdir. G.-in tamlıq haqqında teoremi (1930) tәsdiq edir ki, predikatların hesablanması istәnilәnriyazi nәzәriyyәnin ifadә edilmәsi üçün adekvat vasitәdir. Onun natamamlıq haqqında teoreminә (1931) görә, elementar hesab (toplama vә vurma әmәliyyatları) daxil olan istәnilәn nәzәriyyәdә tәsdiqi elә formulә etmәk olar ki, nә onun özü, nә dә onun inkarı isbatedilәn olar. Xüsusi halda, baxılan nәzәriyyәnin özünün ziddiyyәtsiz olması haqqındakı hökm dә belәdir. Natamamlıq haqqında teorem göstәrir ki, riyaziyyatın tam ifadә edilmәsi haqqında D.Hilbert proqramının reallaşdırılması ciddi çәtinliklәrlә üzlәşir. G.-in araşdırmalarından sonra çoxlu sayda tәtbiqlәrә malik riyazi mәntiq riyaziyyatın sәrbәst bölmәsi oldu.










