GÖLYERİ – Azәrb. Resp. Goranboy r-nunun Tatarlı k. әrazisindә Eneolit vә Erkәn Tunc dövrlәrinә (e.ә. 5–3-cü minilliklәr) aid arxeoloji abidә. Ümumi sah. 2,5 ha-dır. G.-nin tikililәri dәrinliyi tәqr. 60–70 sm olan yarımqazmalardan ibarәt olmuşdur. Yaşayış yerindә 50-dәn çox ikipillәli, yaxud üçpillәli tәsәrrüfat quyusuna vә 3 ocaq yerinә rast gәlinmişdir. Qazıntılar zamanı qırmızı, boz, qonur, qara rәngli darağızlı, genişağızlı, armudvarı küplәr, darboğazlı, genişağızlı, kürәşәkilli vә bikonik gövdәli küpәlәr, xeyrәlәr, kasalar, tavalar, qazanlar, manqallar, bitki qarışıq gildәn hazırlanmış diskşәkilli әşyalar, tәkәrlәr, dәn daşları, hәvәnglәr, sürtgәclәr, obsidian (dәvәgözü) vә çaxmaqdaşıdan düzәldilmiş oraq dişlәri vә kәsicilәr, sümük bizlәr, zoomorf fiqurlar, müxtәlif bәzәk әşyaları (ilan başı formalı gümüş sırğa) vә s. tapılmışdır. Ərazidәn Übeyd tipli gil qabların vә digәr saxsı mәmulatın aşkarlanması yaşayış yeri sakinlәrinin Qәdim Şәrq mәdәniyyәti ilә әlaqәlәrinin mövcudluğunu sübut edir. Tәdqiqatlar nәticәsindә Erkәn Tunc dövrünә aid torpaq qәbirlәr aşkar edilmişdir. Tәsәrrüfat quyularında dәfn adәtinә dә rast gәlinmişdir. 3 böyük tәsәrrüfat quyusunun birlәşdirilmәsindәn ibarәt qәbirlәrdә 2 meyit (hәr quyuda biri) sol böyrü üstә yarımbükülü vәziyyәtdә dәfn edilmiş, üçüncü quyuya isә saxsı qablar vә daş әmәk alәtlәri qoyulmuşdur.
Əd.: Azәrbaycanda arxeoloji tәdqiqatlar, 2009, s. 70–75; Azәrbaycanda arxeoloji tәdqiqatlar, 2010, s. 70–78; Azәrbaycanda arxeoloji tәdqiqatlar, 2011, s. 70; Azәrbaycanda arxeoloji tәdqiqatlar, 2012, s. 90; Azәrbaycanda arxeoloji tәdqiqatlar, 2013–2014, s. 103–110.

Gölyeri yaşayış yerindәn aşkar edilmiş saxsı qablar.










