GÖMRÜK – gömrük sәrhәdindәn malların, nәqliyyat vasitәlәrinin, әşyaların vә digәr predmetlәrin (o cümlәdәn baqajın vә poçt göndәrişlәrinin) keçirilmә qaydalarını vә prosedurlarını, gömrük nәzarәti vә gömrük rәsmilәşdirilmәsini, gömrük rüsumları vә vergilәrinin tutulmasını hәyata keçirәn dövlәt orqanı. G.-lәr ayrı-ayrı sәrhәd mәntәqәlәrindә (portlarda), ölkәnin iri mәrkәzlәrindә yerlәşir. G. ölkәnin gömrük qanunlarının vә gömrük qaydalarının yerinә yetirilmәsini yoxlayır; idxal vә ixrac edilәn malları hesaba alır; yüklәri müvәqqәti saxlanc üçün qәbul edir; idxalı vә ixracı qadağan, yaxud mәhdudlaşdırılan mәmulatların sәrhәddәn keçirilmәsinin qarşısını alır, qaçaqmalçılıqla mübarizә aparır, yükün yoxlanılmasını hәyata keçirir; gömrük rüsumu vә vergisini, hәmçinin müәyyәn olunmuş qaydaların pozulmasına görә cәrimәlәri tutur (bәzәn yükü müsadirә edir); gömrük rәsmiyyәtinin riayәt olunmasına nәzarәt edir. Sonuncuya bunlar aiddir: zәruri sәnәdllәrin – yük haqqında müәyyәn mәlumatları bәyan edәn gömrük bәyannamәsinin, hesabın, malın mәnşәyi haqqında şәhadәtnamәnin, idxal, yaxud ixrac lisenziyasının, sanitar vә baytar şәhadәtnamәlәrinin G.-yә tәqdim olunması. G.-ün yerlәşdiyi yerdә nәqliyyatı saxlamama; sahilә özbaşına yanalma; zәruri sәnәdlәri tәqdim etmәmә; G.-ün icazәsi olmadan hansısa predmetlәrin alınması, yaxud ötürülmәsi; yükün açılması; gömrük ödәnişlәrini ödәmәkdәn yayınma vә s. gömrük qaydalarının pozulması sayıllır. Əksәr ölkәlәrdә G. Maliyyә Nazirliyinin tәrkibindә olur. Azәrb. Resp.-nda G. işini Azәrb. Resp.-nın Dövlәt Gömrük Komitәsi (DGK) hәyata keçirir. G. orqanları “Azәrbaycan Respublikası Dövlәt Gömrük komitәsi haqqında” Əsasnamә (1998), hәmçinin “Gömrük orqanlarında xidmәt haqqında” Əsasnamәyә (1999) uyğun fәaliyyәt göstәrir. Azәrb. Resp. 1992 ildәn Ümumdünya Gömrük Tәşkilatının (ÜGT) üzvüdür.










