GÖMRÜK RÜSUMLARI – әmtәәnin gömrük әrazisinә daxil (idxal), yaxud bu әrazidәn xaric (ixrac) edildiyi zaman gömrük orqanları tәrәfindәn tutulan icbari rüsum. Bütün ölkәlәrdә G.r.-nın böyük hissәsini milli istehsalçıları xarici rәqabәtin mәnfi tәsirindәn qorumaq (o cümlәdәn әmtәәnin istehsal vә istehlakının milli strukturunun tәkmillәşdirilmәsi üçün şәrait yaratmaq), hәmçinin ölkәnin ticarәt vә tәdiyә balansının tәlәblәri mövqeyindәn idxal vә ixrac arasındakı nisbәti optimallaşdırmaq mәqsәdilә tәtbiq olunan idxal rüsumları tәşkil edir. İxrac rüsumları, әsasәn, milli iqtisadiyyat üçün zәruri olan әmtәәlәrin, xammal vә ilkin emal mәhsullarının ölkәdәn aparılmasını mәhdudlaşdırma vә yüksәktexnoloji әmtәәlәrin hazırlanma sәviyyәsi yüksәk olan mәhsulların idxalını stimullaşdırma mәqsәdilә tәtbiq olunur. G.r. ölkә büdcәsinin mәdaxil hissәsinin doldurulması üçün әhәmiyyәtli vasitәdir. G.r. tarifinin üç tarif növü var: advalor – әmtәә qiymәtindәn faizlә hesablanan; spesifik – fiziki xarakteristikadan asılı olaraq natural formada ifadә olunan; kombinasiyalı (birlәşdirilәn). Dövlәtin iqtisadi maraqlarının qorunması mәqsәdilә xüsusi, antidempinq vә kompensasiyalı G.r. tәtbiq olunur.










