GÖRKƏMSİZ (Aphanes) – gülçiçәklilәr fәsilәsindәn bitki cinsi. Yarpaqlarının hamısı gövdә yarpaqlarıdır, yelpikvarı, qısa saplaqlı, yaxud oturaqdır. Çiçәklәri qoltuq yumaqcıqlarında yerlәşmiş, yarpaqaltlığı ilә örtülüdür. Hipantisi (çiçәk yatağı) kasavarıdır. Kasacığının 4 xarici vә 4 daxili kasa yarpağı var. Lәçәklәri yoxdur. Erkәkciklәr 1–3 әdәddir, kasa yarpağının qarşısında yerlәşir. Yan sütuncuqlu bir dişiciyi var. Avropa vә Aralıq dәnizi ölkәlәrindә yayılmış növündәn Qafqazda, o cümlәdәn Azәrb.-da 1 növü, çöl G.-i (A. arvensis) bitir.

Çöl görkәmsizi (Aphanes arvensis).










