GÖTTİNGEN UNİVERSİTETİ, G e o r q A v q u s t a d. – әn qәdim alman universitetlәrindәn biri. Əsası 1737 ildә, tәrkibindә hüquq, tibb, fәlsәfә vә ilahiyyat fakültәlәri olmaqla Göttingen ş-ndә qoyulmuşdur. Un-tin ilk layihәsi 18 әsrin әvvәllәrindә Q.V.Leybnits tәrәfindәn hazırlansa da, un-t әsasnamәsinin son redaksiyası elm hamisi olan nazir Q.A.Münxhauzenә mәxsusdur. 18 әs rin 2-ci yarısından rasionalist fәlsәfәnin mәrkәzi kimi tanınan un-tdә әsrin sonlarında hәmçinin neohumanizm ideyaları, 19 әsrin әvvәllәrindәn isә milli birlik ideyaları tәbliğ olunmuşdur. Un-tdә tarix (F.Dalman, A.L.Şlöser), filologiya (Y. vә V.Qrimm qardaşları, X.Q.Heyne, İ.M.Gesner), tәbiyyat (A. fon Haller) vә riyaziyyat (K.Gauss) elmlәri mühüm yer tuturdu. G.u.-nin muxtariyyәtinә vә akademik müstәqilliyinә zәmanәt verәn Hannover konstitusiyasının 1837 ildә kral Ernst Avqust tәrәfindәn pozulmasına etiraz әlamәti olaraq 7 görkәmli professorun (onların arasında Qrimm qardaşları, fizik V.Veber, şәrqşünas – H.Evald, F.Dalman vә b. olmuşlar) oranı tәrk etmәsindәn sonra un-t müvәqqәti tәnәzzülә uğradı. 19 әsrin 2-ci yarısı – 20 әsrin әvvәllәrindә un-t yenidәn riyaziyyat (B.Riman, F.Kleyn, D.Gilbert, H.Minkovski vә b.) vә fizika (G.K.Lixtenberq, H.R.Herts vә b.) elmlәri sahәsindә aparıcı yerlәrdәn birini tutdu. Tibb fakültәsi xüsusәn histologiya vә bakteriologiya sahәsindә әhәmiyyәtli rol oynayırdı. 1933 ildә, faşist diktaturası dövründә görkәmli alimlәr un-ti tәrk etdikdәn sonra o, iri elmi-tәdris mәrkәzi kimi әhәmiyyәtini itirdi. İkinci dünya müharibәsindәn sonra un-t yenidәn Almaniyanın әn iri ali tәhsil müәssisәsinә çevrildi. Un-tdә 44 Nobel mükafatı laureatı: fiziklәr M.Born, C.Frank, M.Plank, H.Krömer, kimyaçılar O.Vallax, V.Nernst, M.Eygen, R.Ziqmondi vә b. çalışmışlar. Un-tdә 13 fakültә, bir neçә tәdqiqat mәrkәzi fәaliyyәt göstәrir. Onun strukturuna klinika, muzeylәr, Almaniyada әn iri kitabxana (1734; 4,5 mln.-dan artıq kitab, 16 mindәn artıq dövrü nәşr, 3 mindәn artıq inkunabula, 340 әdәbi kolleksiya vә s.), Botanika bağı (1751) daxildir. Un-tdә 31 mindәn çox tәlәbә tәhsil alır (2018).

Göttingen Universitetinin kampusları.










