GÖY CİSİMLƏRİNİN ORBİTLƏRİ – tәbii vә ya süni mәnşәli qüvvәlәrin tәsiri ilә cisimlәrin kosmik fәzada hәrәkәt trayektoriyası. Qüvvәlәrin birinci qrupuna cazibә tәbiәtli qüvvәlәr, ikinci qrupuna isә trayektoriyanın aktiv sahәlәrindә KA mühәrriklәrinin dartı qüvvәsi aiddir. G.c.o.-nin astronomik müşahidәlәrdәn tәyin edilmәsi göy mexanikasının әsas praktiki tәtbiqlәrindәn biridir. Burada tәtbiq edilәn modellәrdәn әn sadәsi iki cisim mәsәlәsidir, bu mәsәlәdә iki cismin nisbi hәrәkәtinә yalnız onların qarşılıqlı cazibә qüvvәlәri nәzәrә alınmaqla baxılır. Belә hәrәkәt sarsılmamış vә ya Kepler hәrәkәti, uyğun orbit isә sarsılmamış vә ya Kepler orbiti adlanır. Sarsılmamış orbit orbitin elementlәri (orbitin fәza oriyentasiyasını, onun ölçüsünü, formasını vә hәmçinin cismin orbitdәki vәziyyәtini tәyin edәn hәrәkәtin parametrlәri) ilә xarakterizә olunur. Orbitin bütün bu sadalanan elementlәri özünün tәbiәtinә görә hәndәsi xarakterә malikdir. Hәmçinin orbitin dinamik elementi – orbitin perisentrindәn obyektin keçmә anı da mövcuddur. Göy cisimlәrinin orbitlәrinin sarsılması müxtәlif sarsıdıcı (hәyәcanlandırıcı) faktorların, mәs., digәr göy cisimlәrinin cazibәsi, işığın tәzyiqi, mühitin müqavimәti vә s.-nin tәsiri nәticәsindә baş verir. Sarsılmış hәrәkәtlәrin tәdqiqi ciddi riyazi çәtinliklәrlә bağlıdır vә göy mexanikasında hәyәcanlanmalar nәzәriyyәsinin predmetini tәşkil edir. Göy cisimlәrinin hәrәkәtinin yüksәk dәqiqliklә proqnozlaşdırılması 3 mәrhәlәyә bölünür: 1) bir neçә (3– 4) müşahidәyә әsasәn orbitin tәxmini tәyini; 2) aparılmış bütün kompleks müşahidәlәr әsasında orbitin elementlәrinin dәqiqlәşdirilmәsi; 3) әn böyük sarsılma nәzәrә alınmaqla orbitin maks. dәqiq hesablanması. Bu yolla hesablanmış G.c.o. istәnilәn zaman anında obyektlәrin vәziyyәtini vә sürәtini tapmağa imkan verir, belә ki, orbitin elementlәrinin tәyini prosesindә obyektlәrin hәm hәcmi trayektoriyaları, hәm dә bu trayektoriyalar üzrә onların hәrәkәt qanunları mәlum olur.










