GÖY MEXANİKASI – astronomiyanın bölmәsi; göy cisimlәrinin hәrәkәt qanuna uyğunluqlarını, yәni göy cisimlәrinin vә onlarla bağlı olan sistemlәrin zamana görә fәzada qarşılıqlı vәziyyәtlәrini vә oriyentasiyalarını tәdqiq edir. “G. m.” termini P.Laplas tәrәfindәn 1799 ildә elmә daxil edilib. Tәxminәn eyni mәnada “nәzәri astronomiya”, “dinamik astronomiya”, “mexaniki astronomiya”, “riyazi astronomiya” terminlәrindәn dә istifadә olunur. G.m.-nın tarixi köklәri antik dövrә gedib çıxır. Belә ki, 2 әsrdә Ptolemey tәrәfindәn yaradılmış dünyanın geosentrik sistemi 7 göy cisminin (Günәş, Ay, Merkuri, Venera, Mars, Yupiter vә Saturnun) görünәn hәrәkәtlәrinin kinematik sxeminә әsaslanır. G. m.-nın tәşәkkülündәki ikinci mühüm mәrhәlә 17 әsrdә İ.Keplerin planetlәrin hәrәkәtini izah edәn üç empirik qanunu kәşf etmәsi ilә bağlıdır. 1687 ildә İ.Nyutonun çap etdirdiyi “Natural fәlsәfәnin riyazi әsasları” kitabı klassik G. m.- nın yaranması tarixi kimi qәbul edilә bilәr. Bu kitab da o, diferensial vә inteqral hesablamalarının әsaslarını, mexanikanın üç qanununu vә ümumdünya cazibә qanununu şәrh etmişdi. Sonrakı dövrlәrdәn indiyә qәdәr hәm riyazi metodların inkişafı, yeni fiziki konsepsiyaların yaranması (mәs., relyativistik G. m.) vә hәm dә elektron hesablama sistemlәrinin sürәtli inkişafı G. m.-nın imkanlarını daha da artırmışdır. Klassik G. m.-nın әsas mәsәlәsi N cisim mәsәlәsidir, yәni ümumdünya cazibә sahәsindә sonlu sayda maddi nöqtәlәrin hәrәkәt qanunlarının tәyin edilmәsi mәsәlәsidir. Bu mәsәlә indiyә qәdәr praktiki olaraq inteqrallana bilmәyәn (indiyә qәdәr fәza vә zaman simmetriya xassәlәrindәn alınan yalnız 10 ilk klassik inteqral mәlumdur) tәnliklәrә gәtirib çıxarır. Yeganә mәlum funksiyalar şәklindә tam dәqiq hәlli olan iki cisim mәsәlәsidir. Bu hәllә әsaslanaraq G.m.-da klassik hәyәcanlanma nәzәriyyәsi inkişaf etdirilәrәk bütün nәzәri fizikanın әsas konsepsiyalarından birinә çevrilmişdir. Müasir dövrdә G.m. göy cisimlәrinin hәrәkәtlәrinin ümumi problemi ilә yanaşı, konkret obyektlәrin (planetlәr vә onların peyklәri, asteroidlәr, kometlәr vә s.) hәrәkәt nәzәriyyәsi dә işlәnib hazırlanmışdır. 20-ci әsrin 2-ci yarısından başlayaraq Yerәtrafı vә planetlәrarası fәzanın intensiv tәdqiqi, kosmik aparatların vә raketlәrin uçuşlarının yüksәk dәqiqliklә idarәedilmә zәrurәti G.m.-nın yeni bölmәsinin – astrodinamikanın inkişafına tәkan verdi. Klassik G.m.-dan fәrqli olaraq, astrodinamikada qeyri-qravitasiya tәbiәtli qüvvәlәrin tәsirlәri dә nәzәrә alınır. Bu tipli qüvvәlәrә raket mühәrriklәrinin dartı qüvvәlәrini, Günәş sistemindә göy cisimlәrinin formalarının qeyri-sferikliyi vә daxili quruluşunun qeyri-simmetrikliyindәn irәli gәlәn vә qravitasiya sahәlәrinin mәrkәzdәnkәnarlığına sәbәb olan qüvvәlәri misal göstәrmәk olar. Müasir G.m. optik müşahidәlәrin vә elәcә dә kosmik aparatlardan aparılan ölçmәlәrin dәqiqliyi artdıqca, kosmik obyektlәrin hәrәkәtlәrindә relyativist effektlәrin [(υ/c)2 tәrtibdә; υ – cismin surәti, c – işıq sürәti)] dә nәzәrә alınmasını zәruri edib. Astronomiyanın intensiv inkişaf edәn sahәsi olan G.m. kainatın müasir elmi mәnzәrәsinin formalaşmasında önәmli rol oynayır.










