GÖYHÜNDÜR MİS-PORFİR YATAĞI – Azәrb. Resp. Ordubad r-nu (Nax.MR) әrazisindә, Pәzmәri k.-ndәn 2 km şm.-ş.-dә, Vәnәndçayın yuxarı axınında, dәniz sәviyyәsindәn 2150–2600 m hünd.-dәdir. Eyni adlı filiz sahәsinin mәrkәzi hissәsini tutur. Geol. quruluşunda diorit, qabbrodiorit, qranodiorit, kvars-siyenit-diorit intruziv süxurları, hәmçinin qranodiorit porfir daykaları iştirak edir. Mis-molibden filizlәşmәsi damar vә damar zonaları tiplidir; 300–330° şm.-q. istiqamәtli pozulmalarla әlaqәdardır. Yataqda 6 kvars-mismolibden damarı vә damar zonası aşkar edilmişdir; onların qalınlığı 5,6–15 m-dir vә 550–1050 m mәsafәdә izlәnir. Damarlarda vә damar zonalarda misin vә molibdenin yayılması qeyri-bәrabәrdir vә mis 0,44–1,33%, molibden 0,001–0,5% tәşkil edir. Əsas filiz mineralları: pirit, xalkopirit, molibdenit, kovellin, bornit, kuprit vә malaxit. Tekstur әlamәtlәrinә görә filizlәr lәkәli vә zolaqvarı tiplidir.










