GÖYSÜR KOMPLEKSİ – Tәcәn çayının qәdim deltası olan Göysür vahәsindә e.ә. 4-cü – 3-cü minilliyin әvvәllәrinә aid yaşayış mәskәnlәri. Tәcәn ş.-ndәn (Cәnubi Türkmәnistan) 20 km ş.-dә yerlәşir. 1939 ildә A.A.Maruşşenko tәrәfindәn kәşf edilmiş, 1955–57, 1960, 1962–65 illәrdә V.İ.Sarianidi burada qazıntılar aparmışdır. I Göysür vә vahәnin digәr yaşayış mәskәnlәrinin stratiqrafiyası әsasında 1962 ildә V.M.Masson Cәnub-Şәrqi Türkmәnistanın erkәn әkinçilik mәdәniyyәtinin inkişaf mәrhәlәlәrini müәyyәnlәşdirmişdir. Bu mәrhәlәlәr I Namazqanın son tәbәqәlәrinә – III Namazqanın erkәn tәbәqәlәrinә uyğundur: Daşlıca (10–8 qatlar, Erkәn Eneolitin son mәrhәlәsi, 4-cü minilliyin birinci yarısı), Yalanqaç (7–4 qatlar, Orta Eneolit, e.ә. 4-cü minilliyin ortaları – ikinci rübü), Göysür (3–1 qatlar, Orta Eneolitin sonu – Son Eneolitin әvvәllәri, e.ә. 4-cü minilliyin dördüncürübü – e.ә. 3-cü minilliyin әvvәllәri) tәbәqәlәri. G.k. üçün “Göysür üslubu”nda saxsı qablar (içәrisi qırmızı boyalı, üzәri iri xaçvarı, düzbucaqlı, üç bucaqşәkilli qırmızı vә qara fiqurlardan, bәzәn isә stilizә olunmuş keçi tәsvirlәrindәn ibarәt haşiyә ilә bәzәdilmiş); mürәkkәb saç düzümü vә digәr detalları yapmalar vә batıqlar, bәzәn isә boya vasitәsilә verilmiş oturmuş qadınların gil heykәlciklәri; bәzәnmәk üçün dәst (dairәvi mis güzgü vә kosmetik әşya, gәc qab) sәciyyәvidir. G.k.-nin prototiplәri Cәnub-Qәrbi İranın e.ә. 5–4-cü minilliklәrә aid mәdәniyyәti (Cәfәrabad, Bakun A) ilә bağlıdır. “Göysür üslubu”nda keramika Zәrәfşan vadisindә (Sәrәzm), İranın Sistan ostanında (Şәhrisuxtә) mәlumdur. G.k.-nin mәdәniyyәti әsasında e.ә. 3-cü minillikdә Orta Asiyanın Tunc dövrü erkәn şәhәr mәdәniyyәti formalaşmışdır. G.k.-nin әn iri yaşayış mәskәni (tәll; sah. 12 ha, hünd. 10 m) I Göysürdür. Göysür mәrhәlәsinә aid mәskәn çiy kәrpicdәn biri-birinә bitişik şәkildә tikilmiş 2 otaqlı düz bucaqlı evlәrin әmәlә gәtirdiyi daxili hәyәti, elәcә dә ocaq-mehrab ilә birlikdә ayini tikililәri olan mәhәllәlәrdәn ibarәtdir. Mәskәnin qәbiristanları pillәvarı hörgüsü qübbә şәklindә olan yerüstü dәfn kameralarından (2–10 nәfәrlik) ibarәtdir. Birnәfәrlik qәbirlәr dә mövcuddur.










