GÖZ DİBİ – göz almasının daxili sәthi; buraya görmә siniri diski, damarlarla birlikdә damarlı vә tor qişa daxildir. G.d.-nin rәngi tor vә damarlı qişa piqmentinin sıxlığından asılı olaraq açıq qırmızıdan tünd qәhvәyiyә qәdәr dәyişir. Görmәsiniri diski tor qişanın mәrkәzi hissәsindәn içәri yerlәşir vә tәqr. 1500 mkm diametrdә dәqiq dairәyә alınmış solğun çәhrayı rәngli oval şәklindә olur. Diskin mәrkәzindә kiçik çuxur (diskin çalası) var vә orada qәfәsli lövhә görünür. Diskin mәrkәzindәn, yaxud ondan azacıq daxilә torqişasının mәrkәzi arteriyası vә eyni adlı venası çıxır. Tor qişanın sarı lәkәsi vә ya makula (sarı piqmenti olur) G.d.-nin mәrkәzi hissәsini tutur vә görmә itiliyini vә rәng duyğusunu yerinә yetirir. G.d.-nin dәyişmәsi gözdaxili proseslәrlә (tor qişanın vә görmә sinirinin anadangәlmә anomaliyaları, irsi vә yaş distrofiyaları, tor qişanın, görmә sinirinin damarlı qişasının iltihabi xәstәliklәri, şişlәr vә s.) vә ya ümumi xәstәliklәrlә (şәkәrli diabet, hipertoniya, qan xәstәliklәri, sistem xәstәliklәri, kәllәdaxili pozuntular vә s.) şәrtlәnir. G.d.-nin әsas müayinә üsulları: kontakt vә kontaktsız linzalardan istifadә etmәklә biomikroskopiya, düz vә әks oftalmoskopiya. G.d. patologiyalarının diaqnostikası angioqrafik müayinәlәrә; G.d.-nin struktur vәziyyәtinin klinik-funksional qiymәtlәndirilmәsinә–optik koherent tomoqrafiyaya vә elektro fizioloji müayinәlәrә әsaslanır.










