GUAM – Gürcüstan, Ukrayna, Azәrbaycan vә Moldova tәrәfindәn demokratiya vә iqtisadi inkişaf naminә yaradılmış regional tәşkilat (adı üzv ölkәlәrin adlarının baş hәrflәrindәn әmәlә gәlmişdir). Tәşkilatın xartiyası 2001 ildә, nizamnamәsi 2006 ildә imzalanmışdır. Mәnzil-qәrargahı Kiyev ş.-ndә (Ukrayna) yerlәşir. 1999–2005 illәrdә Özbәkistanda tәşkilatın üzvü olmuşdur. GUAM 10 oktyabr 1997 ildә Strasburq ş.-ndә üzv ölkә başçılarının imzaladığı kommunike әsasında birlik kimi yaradılmışdır. Tәşkilatın 2001 ildә Yalta ş.-ndә (Ukrayna) keçirilmiş ilk zirvә toplantısı onun beynәlxalq struktur kimi formalaşmasında әhәmiyyәtli rol oynamışdır. Kişinyov ş.-ndә (Moldova) keçirilmiş ikinci zirvә toplantısında (22.5.2005) üzv ölkәlәr regional iqtisadi inkişaf, sabitlik vә tәhlükәsizlik mәsәlәlәrinә dair vahid mövqe nümayiş etdirmişdir. Kiyev ş.-ndә keçirilmiş üçüncü zirvә toplantısında (22.5.2006) 1997 ildәn mövcud olan birlik әsasında demokratiya vә iqtisadi inkişaf naminә GUAM tәşkilatı tәsis edilmiş, onun nizamnamәsi qәbul olunmuşdur. Tәşkilat demokratik dәyәrlәrin bәrqәrar olması, davamlı inkişafın tәminatı, beynәlxalq vә regional tәhlükәsizliyin güclәndirilmәsi, Avropaya inteqrasiya, üzv dövlәtlәrin iqtisadi, humanitar vә sosial sahәlәrdә әmәkdaşlığının genişlәndirilmәsi kimi mәsәlәlәri özünün başlıca mәqsәdi elan etmişdir. Zirvә toplantısında qәbul edilmiş Bәyannamәdә hәmçinin bütün dünya birliyinә tәhlükә törәdәn hәll olunmamış münaqişәlәrin nizamlanması, beynәlxalq terrorizm, ekstremizm, aqressiv separatizm vә bunlarla bağlı olan digәr mәnfi hallarla mübarizә, enerji tәhlükәsizliyi sahәsindә sәylәrin artırılması, üzv dövlәtlәrin beynәlxalq tranzit potensialından istifadә, Azad Ticarәt Zonasının yaradılması mәqsәdilә fәal әmәkdaşlıq fәaliyyәti nәzәrdә tutulmuşdur. Üzv dövlәt başçılarının imzaladıqları digәr Bәyannamәdә GUAM dövlәtlәrinin әrazilәrindәki münaqişәlәrin hәlli yalnız suverenliyin qorunması, әrazi bütövlüyü vә beynәlxalq sәviyyәdә tanınan sәrhәdlәrin toxunulmazlığı әsasında nәzәrdә tutulur, bu sahә GUAM çәrçivәsindә әmәkdaşlığın әsas prioritetlәrindәn biri hesab edilir. GUAM-ın Bakı ş.-ndә keçirilmiş dördüncü zirvә toplantısı (19.7.2007) tәşkilatın institusional möhkәmlәndirilmәsi, tәrәfdaş ölkәlәrlә “GUAM+” formatında әmәkdaşlığın genişlәndirilmәsi sahәsindә irәliyә doğru növbәti addım oldu. Dövlәt Başçıları Şurası tәşkilat daxilindә әmәkdaşlıq istiqamәtlәrini müәyyәnlәşdirәn “GUAM-ın sahәvi әmәkdaşlığının inkişafı strategiyası”nı qәbul etmiş, eyni zamanda növbәti müddәt (2007–2008 illәr) üçün sәdrlik Azәrb. Resp.-na verilmişdir. Bu müddәt әrzindә Nyu-York ş.-ndә GUAM Xarici İşlәr Nazirlәri Şurasının (XİNŞ) iclası (27.9.2007), Vilnüs ş.-ndә “GUAM+” formatında tәşkilatın 10-illik yubileyinә hәsr olunmuş zirvә toplantısı (10.10.2007), Vaşinqton ş.-ndә GUAM-ABŞ görüşü (30.10.2007), Madrid ş.-ndә GUAM XİNŞ-in iclası (29.11.2007), Tokio ş.-ndә GÜAM-Yaponiya görüşü (4–5.12.2007), GUAM-Avropa Şurası görüşü (19.3.2008), “GUAM dövlәtlәrinin әrazisindә münaqişәlәrin hәllinin prinsipial әsasları” (15–16.4.2008), “GUAM-tranzit” (29–30.4.2008), “GUAM-ın inkişaf strategiyası” (29–30.5.2008) adlı beynәlxalq konfranslar vә digәr tәdbirlәr baş tutmuşdur. GUAM-ın Batumi ş.-ndә (Gürcüstan) keçirilmiş beşinci toplantısı (2008) bu vaxta qәdәr baş tutmuş son zirvә toplantısıdır.










