GÜC – görülən işin sürətini göstərən skalyar fiziki kəmiyyət (N). Əgər iş bərabər sürətlə görülərsə, onda N = A/t, burada A – t zamanında görülən işdir. Ümumi halda ani güc Nani = dA / dt (dA – dt elementar zaman fasiləsində görülən elementar işdir), orta güc Nor =A/t. Mexanikada güc F qüvvəsi və bu qüvvənin təsiri ilə cismin aldığı υ sürəti vasitəsilə də təyin edilə bilər: N=(F υ)=Fυcosφ, burada φ – F və υ vektorları arasındakı bucaqdır. Sİ-də G.-ün ölçü vahidi vattdır; texnikanın bir çox sahələrində G.-ün sistemdənkənar vahidi - at qüvvəsi də işlədilir.










