GÜL Abdullah (d. 29.10.1950, Kayseri) – Türkiyә dövlәt vә siyasi xadimi, Türkiyәnin on birinci prezidenti. İstanbul Un-tinin iqtisadiyyat fakültәsini bitirmiş (1974), London vә Ekseterdә tәcrübә keçmişdir. Türkiyәyә qayıtdıqdan sonra Sakarya Un-ti nin sәnaye mühәndisliyi bölmәsinin tәsis olunmasında iştirak etmiş, hәmin un-tdә iqtisadiyyatdan mühazirәlәr oxumuşdur. 1983–91 illәrdә İslam İnkişaf Bankının iqtisadiyyat üzrә müşaviri vәzifәsindә çalışmış, 1991 ildә Rifah Partiyasından Türkiyә Böyük Millәt Mәclisinә (TBMM) deputat seçilmiş, 1991–95 illәrdә parlamentin plan vә maliyyә komissiyasının üzvü olmuşdur. 1993 ildә Rifah Partiyası sәdrinin xarici işlәr üzrә müavini seçilmişdir. 1995 ildә yenidәn millәt vәkili seçilmiş, parlamentin xarici işlәr komissiyasının üzvü (1995– 2001), 54-cü hökumәtdә dövlәt naziri vә hökumәtin rәsmi nümayәndәsi (1996–97) olmuşdur. Rifah Partiyasının qadağan edilmәsindәn sonra, 1999 ildә üçüncü dәfә Fәzilәt Partiyasından deputat seçilmişdir. Fәzilәt Partiyasının buraxılmasından sonra “Yenilikçi hәrәkat”ın liderlәrindәn, Ədalәt vә İnkişaf Partiyasının (Adalet vә Kalkınma Partisi; AKP) tәsisçilәrindәn (2001) biri, AKP sәdri R.T.Ərdoğanın siyasi vә hüquqi işlәr üzrә mәsul müavini olmuşdur. 2002 ildә yenidәn TBMM-ә seçilmiş, baş nazir kimi 58-ci hökumәti formalaşdırmışdır. 2003 ildә R.T.Ərdoğanın başçılıq etdiyi yeni hökumәtdә baş nazirin müavini vә xarici işlәr naziri idi. 2007 ildә prezident seçilmişdir. 2014 ildә sәlahiyyәtlәrini R.T.Ərdoğana tәhvil verәrәk prezident postundan uzaqlaşmışdır. G. Türkiyә ilә Azәrb. arasında dostluq vә әmәkdaşlıq әlaqәlәrinin inkişafındakı xidmәtlәrinә görә Heydәr Əliyev ordeni ilә tәltif edilmişdir (2013).











