GÜLAB, g ü l s u y u – qızılgüldәn xüsusi texnologiya ilә alınan әtirli duru maye. Azәrb.-da toy vә ziyafәt mәclislәrindә müxtәlif içkilәrә, hәmçinin isti günlәrdә, әsasәn, şәrbәtlәrә qatılan (susuzluğu yatırmaq üçün) G.-dan bir sıra mürəbbələrin, qənnadı məmulatlarının (paxlava və s.) vә xörәklәrin (südlü sıyıq vә s.) әtirli olması üçün dә istifadә olunur. Xalq tәbabәtindә (hәlә orta әsrlәrdәn başağrısı vә s.nin müalicәsindә), elәcә dә әtriyyatda işlәdilir. Yas mәrasimlәrindә, ehsan mәclislәrindә G. ayini sәciyyә daşıyır.










