GÜLBANG (far. – “gül sәsi”) – tәriqәt ayinlәrindә, bәzi dini vә rәsmi mәrasimlәrdә oxunan dua. Adәtәn, hәr hansı bir işin xeyirli olması mәqsәdilә, yaxud uğur, salamatlıq vә sağlamlıq dilәyi ilә oxunan kanonik mәtnlәrdir. Allah, Mәhәmmәd, Əli vә tәriqәt şeyxinin adının zikri ilә başlayan G.-ın sonunda hamı birlikdә “Hu” (Allahın adı) zikrini edirdi. G.-ın yayılmasında tәsәvvüfün başlıca rolu olmuşdur. Mövlәviyyә, bәktaşilik vә xәlvәtiyyәnin bәzi qollarında, yeniçәri ocaqlarında, fütüvvәt vә әxilik mәrasimlәrindә mühüm yer tutmuşdur. Əsasәn, türk dilindә qafiyәli nәsrlә oxunan bir sıra yeniçәri G.-ları mehtәr (Osmanlı dövründә hәrbi ansambl) mәrasimlәri vasitәsilә bugünәdәk gәlib çatmışdır; adi günlәrdә (“әyyami-adiyyә G.-ı”) vә müharibә әrәfәsindә (“cәng G.-ı”) oxunan mehtәr G.-ları fәrqlәndirilir. G.-ların müәlliflәri anonimdir. Hazırda Türkiyәdә “Qırx pınar” gülәş yarışmalarının әvvәlindә G. oxunur.










