GÜLÇÜLÜK – bağlarda, parklarda, bağçalarda әkilәn, binaların daxilindә bәzәk işlәrindә istifadә edilәn, buketlәrin hazırlanması üçün kәsilәn gül vә çiçәklәrin, gülbәzәk bitkilәrinin yetişdirilmәsi ilә mәşğul olan bitkiçilik sahәsi. Bitkilәrin istifadә mәqsәdi vә çeşidindәn asılı olaraq açıq vә bağlı (istixana, oranjereya, parnik) qrunt G.-ü ayırd edilir. Açıq qruntda yerli şәraitә uyğunlaşmış çoxillik vә birillik çiçәk bitkilәri (floks, pion, süsәn, alabәzәk bәnövşә, ada çayı, firәngotu, petuniya) becәrilir. Bağlı qruntda istisevәn bitkilәr (qızılgül, qәrәnfil, dağnovruzu), otaq bitkilәri (palma, kaktus, әzvay, qulançar), qışda yasәmәn, zanbaq vә b. bitkilәr yetişdirilir. G.-lә çox qәdim zamanlardan mәşğul olurlar. Qәdim Yunanıstanın müqәddәs meşәlәri qızılgül, qәrәnfil, nәrgizgülü, lalә, qız çiçәyi, novruzçiçәyi vә s. çiçәk bitkilәri ilә zәngin idi. Qәdim Misir vә Mesopotamiya bağbanlarında il boyu qızılgül, inciçiçәyi, lalә becәrirdilәr; papiruslarda misirlilәrin sevimli çiçәklәri olan şanagüllә, zanbaq, mәrsin, mәhәbbәt çiçәyi qeyd olunmuşdur. Qәdim Romada gözәl çiçәkaçan (qızılgül, iriçiçәkli şәbbugüllü, qәrәnfil vә b.) bәzәkli baglara çox böyük hәvәs var idi. Romalılar çiçәklәri Yunanıstan, Misir, Karfagen vә Hindistandan gәtirirdilәr. Azәrb.-da G.-lә 8–12 әsrlәrdәn Bәrdә vә Gәncә ş.-indә mәşğul olmağa başlamışlar. 17 әsrdә isә artıq Şamaxıda da G. inkişaf etmişdi. 1920-ci illәrdәn sonra yaşayış mәntәqәlәrinin abadlaşdırılmasında çiçәklәrdәn istifadә olunurdu. 1934-cü ildә Bakı Nәbatat bağının tәşkil olunması ölkәdә G.-yü daha da inkişaf etdirdi. Abşeron (Şüvәlan) G. s-zunda qәrәnfil, qızılgül, dağ lalәsi, nәrgiz vә s. becәrilirdi. G.-ün elmi mәsәlәlәri ilә AMEA-nın Mәrkәzi Nәbatat bağı vә Botanika İn-tu mәşğul olur. Bakı ş.-nin Xәzәr r-nunda ümumi sahәsi 18 ha olan vә 6 hissәdәn ibarәt Zirә Gülçülük Kompleksi tәşkil olunmuşdur. Burada 350-dәn çox bitki növü yetişdirilir. Bir çox Avropa ölkәlәrindә dә G. geniş inkişaf etmişdir. Almaniya, Niderland, İtaliya, Fransa, Bolqarıstan, Danimarka, Polşa vә s. ölkәlәrdә G. iqtisadiyyatın mühüm sahәsidir. Burada G. sahәsindә Dames Plant, Mark Flowers, Hans Visser, Fachja kimi tanınmış markalar var. Yaponiya, ABŞ, Hindistan, Meksika vә b. ölkәlәrdә dә G.-yә böyük әhәmiyyәt verilir.










