GÜLÜŞ – insanın hәyatdakı vә incәsәnәtdәki komik vәziyyәtlәri aşkarlamaq qabiliyyәtinin ifadә olunduğu mәdәni-psixoloji fenomen. Emosional vә rasional mәqamların birlәşdiyi G.-dә ağılın analitik işi ilk baxışda hәlledilmәz kimi görünәn ziddiyyәtin hәllinә görә spesifik mәmnunluq ifadә edәn xüsusi sevincli emosiya kimi çıxış edir. G. ikilidir. Onun hәr iki forması (sadә vә ali) zahiri mimiki ifadәnin vәhdәtini saxlayaraq eyni kökdәn gәlir: sağlam, inkişaf edәn vә zövq alan bәdәnin sevincini vә vәcdini ifadә edәn “vital G.”, yaxud “bәdәn G.-ü” vә bilavasitә insana xas olan “ağıl G.-ü”, yaxud “komik G.”. İki G. formasını ayıran sәrhәdlәrdәn biri şәxsiyyәtin emosional-dәyәr quruluşu vә mәdәniyyәt çәrçivәsindә onların oriyentasiyasıdır. Vital G.-ün antitezası ağlamaq, komik G.-ünkü isә xәcalәtdir. Bu baxımdan G. vә xәcalәt insanın dünyaduyumunun üç әsas koordinatının (intellekt, hissiyyat vә әxlaq) kәsişmә nöqtәsindә meydana çıxan mәna birliyi yaradır. Hәr iki forma mәdәniyyәtdә vә gündәlik hәyatda yanaşı mövcud olur. Onlar bir-birinә qarışaraq hәr dәfә mәdәniyyәt vә fәrdi psixologiyanın konkret tiplәri ilә әlaqәlәndirilmiş çoxüzlü tamı ifadә edәn vә şәrti olaraq “G. mәdәniyyәti” adlandırılan bir sfera yaradır (M.Baxtin). Tarixәn “müәyyәn edilmiş” G. növlәri arasında “Homer gülüşü” (qarşısıalınmaz qәhqәhәli G.), “sardonik” (әvvәllәr ayini-öldürücü, sonralar qәzәbli, tәhqiredici), “әdәbsiz”, yaxud “kinik” (ifşaedici-aşağılayıcı), “sarkastik” (zәhәrli), “ironik” G. (mahiyyәti dәyişdirәn, ortaya tam başqa bir şey qoyan), “Rable G.-ü” (hәrzәçi, nikbin) vә s. fәrqlәndirilir. G.-dәki aqressivliyin vә estetik kәnarlaşmanın dәrәcәsinә müvafiq olaraq G.-ün janrlarını da ayırmaq olar. G. daima fәlsәfi fikrin diqqәtini çәkmişdir. Aristotel dövründәn o, insan mahiyyәtinә xas xüsusiyyәt kimi qiymәtlәndirilirdi. Aristotel insanın danışmaq (düşünmәk) vә gülmәk qabiliyyәti haqqında yazırdı. Orta әsrlәr ilahiyyatçısı vә yazıçısı Notker Labeo hәr üç elementi vahid tәrifdә birlәşdirirdi: “insan şüurlu, ölümlü, gülә bilәn varlıqdır” (“Homo est animal rationale, mortale, risus capax”). İfadә vәhdәti daxilindә G.-ün ikili xarakteri özündә başa düşülmәsi tәlәb olunan böyük dialektik ziddiyyәt ehtiva edirdi. Burada başlanğıc nöqtә kimi çox vaxt G.-ün emosiya olaraq müsbәt xarakteri ilә istehzaya mәruz qalan şeylәrdәki qәzәb “dәrәcәsi” arasında aşkar, yaxud ehtimali uyğunsuzluq çıxış edirdi (Aristotel). İ.Kanta görә, G. hәyәcanlı gözlәntilәrin puç olması nәticәsindә yaranan affektdir. A.Şopenhauer G.-ü bizim dünya haqqında tәsәvvürlәrimizlә dünyanın gerçәk vәziyyәti arasındakı uyğunsuzluğun aşkarlanmasının nәticәsi kimi qiymәtlәndirirdi. F.Nitsşeyә görә, G. insana azadlıq bәxş edә bilәn qüvvәdir. A.Berqson G.-ün mәnbәyini hәyatın müxtәlif anlarında insanın yaşadığı “avtomatizm”dә, yaxud durğunluqda görürdü. Z.Freydә görә, G. hissi mәdәniyyәtin fәrdin psixikasında qurduğu maneәlәrin dәf edilmәsi nәticәsindә әmәlә gәlir. Etoloq K.Lorens hesab edirdi ki, G. aqressiya ilә bağlıdır vә “ilkin tәbii” aqressivliyi yüngüllәşdirәn davranış formalarının insana xas variantıdır. A.Kestler G.-ә “bisosiasiyanın” mәhsulu, yәni iki müxtәlif istiqamәtli psixorasional intensiyanın toqquşması kimi baxırdı. 20 әsrdә G. mövzusu G.K.Çesterton, Y.Heyzinqa, H.Plessner, M.İstmen, M.Qrotjan, J.Batay, J.Delez, U.Eko vә b.-nın fәlsәfi düşüncәlәrinin predmeti olmuşdur. Son dövrdә G. geniş fәnlәrarası tәdqiqatların predmetini tәşkil edir: M.Minskinin koqnitiv yanaşması, V.Raskinin G.-ün semantik nәzәriyyәsi, V.Frayın arxitektonik konsepsiyası, P.Derksin yumorun daxili mexanizminin tәhlili, K.Devisin G. vә yumorun etnolinqvistik tәdqiqatları vә s. Hazırda Fransada (Association fran caise pour le developpement des Recherches sur le Comique, le Rire et l`Humour) vә ABŞ-da (International Society for Humor Studies) iki beynәlxalq elmi cәmiyyәt G.-ün tәdqiqi ilә mәşğul olur. Hәr iki cәmiyyәt illik konqreslәr vә kollokviumlar keçirir, öz tәdqiqatlarının nәticәlәrini “Humoresque” (Paris) vә “Humor” (N.Y.–Berlin) jurnallarında dәrc etdirir.










