GÜMRÜ MÜQAVİLƏSİ (1920) – Türkiyә ilә Ermәnistan Resp. arasında dekabrın 2-dә Gümrü ş.-ndә imzalanmışdır. Müqavilәni Türkiyә hökumәti tәrәfindәn Fәrid Kazım Qarabәkir paşa, Ərzurum valisi Hamid bәy, Ərzurumdan deputat Süleyman Nicat bәy, Ermәnistan tәrәfindәn baş nazir A.Xatisyan, maliyyә naziri A.Gülxәndanyan, daxili işlәr nazirinin müavini S.Qordanyan imzalamışlar. 18 maddәdәn ibarәt müqavilәnin 2-ci maddәsi ilә Türkiyә ilә Ermәnistan Resp. arasında sәrhәd dәqiqlәşdirildi, Ermәnistan Resp.-nın әrazisi İrәvan vә Göyçә gölü bölgәlәrindәn ibarәt olmaqla әvvәlki sәrhәdlәrinә (1918, 21 iyun) qaytarıldı. Hәmin maddәnin ikinci hissәsindә deyilirdi: “Kükü dağı, Hәmәsur dağı, Qurdqulaq kәndi, Sayat dağı, Arpaçay evlәri, Kömürlü dağı, Saraybulaq, Arazdәyәn stansiyası, Araz çayı yaxınlığındakı Aşağı Qarasunun töküldüyü yerdәn keçәn zolağın cәnubundakı (Naxçıvan, Şahtaxtı, Şәrur) әraziyә, daha sonra referendumla tәyin olunacaq idarә formasına vә bu idarәnin әhatә edәcәyi torpaqlara Ermәnistan qarışmayacaq, hәmin әrazidә hәlәlik Türkiyәnin himayәsindә yerli idarә yaradılacaqdır”. 4- cü maddәyә görә, Ermәnistan hökumәti “daxili tәhlükәsizliyini qorumaq üçün lazımi sәviyyәdә yüngül silahlı jandarm qüvvәsi vә ölkәni qorumağa ayrılan 8 dağ vә ya sәhra topu ilә 20 pulemyota malik 1500 muzdlu әsgәrdәn ibarәt birlikdәn artıq hәrbi qüvvәyә malik olmayacağını öhdәsinә götürürdü”. Ermәnistan Resp. hәrbi mükәllәfiyyәt keçirә bilmәzdi. 5-ci maddәyә görә, müqavilә şәrtlәrinin yerinә yetirilmәsinә nәzarәt Türkiyәnin İrәvandakı siyasi nümayәndәsi vә ya sәfirinә hәvalә olunurdu. Bunun müqabilindә Türkiyә hökumәti Ermәnistan Resp.-nın istәyinә әsasәn ona silahlı yardım etmәyi öhdәsinә götürürdü. Ermәnistan Resp. әrazisindәn Türkiyә üçün tәhlükә yarandıqda, Türkiyә hökumәti Ermәnistana qoşun yeridә bilәrdi. Müqavilәnin 6-cı vә 7-ci maddәlәri köçkünlәrlә bağlı idi. Hәr iki tәrәf, müharibә zamanı düşmәn ordusu tәrәfinә keçәrәk, öz dövlәtinә qarşı silah işlәdәnlәrdәn vә ya işğal olunmuş torpaqlarda kütlәvi qırğınlarda iştirak edәnlәrdәn başqa, qalan köçkünlәrin әvvәlki sәrhәd daxilindәki yurdlarına dönmәlәrinә razılıq verirdi. Müharibәnin әsas sәbәbkarı olan Ermәnistan Resp.-dan tәzminat almağa tam haqqı çatan Türkiyә hökumәti humanizm prinsiplәrinә hörmәtlә yanaşaraq bundan imtina etdi (8-ci maddә), habelә 2-ci maddәdә göstәrilәn sәrhәdlәr daxilindә suverenliyini bütünlüklә inkişaf etdirmәk vә güclәndirmәkdә ermәnilәrә yardım göstәrmәyi öhdәsinә götürdü. 10-cu maddәyә әsasәn Ermәnistan hökumәti Antanta dövlәtlәrinin Türkiyә Böyük Millәt Mәclisi tәrәfindәn qәti surәtdә rәdd edilmiş qarәtçi Sevr müqavilәsini (1920, 10 avqust) etibarsız saydı vә bununla da özünün Batum müqavilәsi (1918, 4 iyun) ilә nәzәrdә tutulan әrazi hüdudlarında mövcudluğunu tәsdiqlәdi. 11-ci maddәyә görә, Ermәnistan hökumәti öz әrazisindә yaşayan türk-müsәlman әhalinin mәdәni vә dini inkişafı üçün şәrait yaratmağı öhdәsinә götürdü. 12-ci maddәyә әsasәn Türkiyә hökumәti Şәrur, Naxçıvan, Şahtaxtı vә Culfa yolu ilә tranzit әlaqәlәrinin sәrbәstliyinin tәminatını öz üzәrinә götürdü. Türkiyә hökumәti Ermәnistan Resp. daxilindә müvәqqәti olaraq hәrbi qüvvә saxlamaq hüququ әldә edirdi (13-cü maddә). Ermәnistan hökumәti hәr hansı bir dövlәtlә bağlanan müqavilәlәrin Türkiyәnin mәnafeyinә zidd olan maddәlәrini etibarsız saymağı qәbul edir vә bunu öhdәsinә götürürdü (14-cü maddә). Sonrakı maddәlәrdә iqtisadi-siyasi münasibәtlәrin nizama salınmasından vә müqavilәnin tәsdiqindәn bәhs olunurdu. G.m.-nin Naxçıvan mahalına münasibәtdә müәyyәn әdalәtsiz müddәaları (Uluxanlı, Qәmәrli kimi yaşayış mәntәqәlәrinin vә Böyük Vedi әtrafındakı bir çox Azәrb. kәndinin Ermәnistana verilmәsi) nәzәrә alınmazsa, bu müqavilә Nax. MR-in indiki sәrhәdlәrinin müәyyәnlәşdirilmәsindә mühüm rol oynadı. 1920 il noyabrın 29-da Ermәnistanda sovet hakimiyyәti qurulduğundan, daşnaklar isә öz hakimiyyәtini bәrpa edә bilmәdiyindәn, G.m. qüvvәyә minmәdi. Regiondakı münasibәtlәri tәnzimlәmәk mәqsәdilә 1921 ildә Moskva vә Qars müqavilәlәri imzalandı.










