GÜMÜŞXANA – Türkiyәnin şm.-ş.-indә şәhәr. Gümüşxana ilinin inz. m. Əh. 52,6 min (2014). Pont d-rının c. әtәklәrindә 1100–1200 m yüksәklikdә, Trabzonu Şәrqi Anadolu bölgәsi vә İranla birlәşdirәn avtomobil yolu üzәrindә yerlәşir. Trabzon ş.-ndәn 113 km c.-dadır. Bizans dövründә “Αργυρόπολις” (yun. αργυρός – gümüş, πολις – şәhәr) adlandırılan şәhәr dәfәlәrlә әrәblәr tәrәfindәn tutulmuş, Malazgird döyüşündәn (1071) sonra türklәrin әlinә keçmiş, mәrkәzi Ərzincan olan Mәngücüklü bәyliyinә qatılmışdır. 1204–1461 illәrdә Trabzon imperiyasının tәrkibindә olmuşdur. II Mehmedin Trabzon sәfәri (1461) zamanı Osmanlı әrazilәrinә daxil edilәn şәhәr әvvәlcә Cunca, sonra buradakı gümüş mәdәnlәri ilә әlaqәdar G. adlandırılmışdır. 19 әsrin әvvәllәrindә G. Trabzona bağlı sancağın mәrkәzi idi. 19 әsrdә Türkiyә-Rusiya müharibәlәri vә mәdәnlәrin zәif işlәmәsi sәbәbindәn şәhәrin әhalisi azaldı. 1916 il iyulun 19-da ruslar tәrәfindәn işğal olunan şәhәr, 1918 il fevralın 28-dә dağıdılmış vәziyyәtdә geri alındı. Birinci dünya müharibәsinin sonunda yenidәn qurulan G. Türkiyә Cümhuriyyәti dövründә il mәrkәzi oldu. Şәhәrin yerlәşdiyi ilçәdә Roma vә ya Bizans dövrlәrinә aidliyi ehtimal edilәn tәqr. 25 qalanın qalıqları aşkar olunmuşdur (Canca, Ağcaqala, Qov, Keçi, Ədirә, yaxud Ədrә, Kodilqalaları). Köhnә G.-dakı Süleymaniyyә camesi (Ulu came) Sultan Süleyman Qanuni dövrünә aiddir. Dağınıq halda olan Kiçik came, ehtimal ki, 12 әsrdәn sonra Danişmәndilәr dövründә tikilmiş -dir. G.–Trabzon yolu üzәrindәki Ziqana karvan sarası yastı kәrpicdәn olan tağ örtüklәrinә görә osmanlı dövrünә aid edilir. Şәhәrdә klassik osmanlı hamamları planında inşa edilmiş bir neçә hamamın qalıqları var. G.–Ərzurum yolu üzәrindәki ikiaşırımlı Toxum oğlu körpüsü Sәlcuqilәr dövründәn qalmışdır.

Qaraca karst mağarası. Gümüşxana ili (Torul ilçәsi).

Gümüşxana şәhәrindәn görünüş.










