GÜNBƏZ – dairәvi, çoxbucaqlı vә ellipsşәkilli bina vә qurğuların yarımkürә, yaxud çevrilmiş kasa formalı örtüyü. G. oturacaqdan yuxarıya doğru hörgü sıralarının getdikcә daraldılması vasitәsilә yaradılır. Yerlәşgә çoxbucaqlı vә kvadrat şәkilli olduqda G.-in dairәvi oturacağına keçmәk üçün narus vә tromdan, elәcә dә guşә tağından istifadә edilir. G. qәdim dövrlәrdәn mәlumdur [Mikenada “Atrey sәrdabası”, e.ә. 14 әsr (?)]. Əvvәllәr gildәn, sonralar isә daş, bişmiş kәrpic, beton vә s. materialdan tikilmişdir. G. Qәdim Roma (Roma panteonu, tәqr. 125; G.-inin diametri 43 m) vә Bizans (Ayasofiya mәbәdi; G.-inin diametri 31,5 m) memarlığında geniş yayılmışdı. G. İntibah dövrü Qәrbi Avropa memarlığında şәhәrlәrin dominantına çevrilmişdi (Florensiyadakı Santa-Mariya del Fyore kilsәsinin G.-i, 1420–36, memar F.Brunelleski). G.-dәn Orta Asiya, Yaxın şәrq, o cümlәdәn Azәrb. memarlığında geniş istifadә edilmişdir (Marağadakı Göy günbәz, Bәrdә türbәsi, Gәncә cümә mәscidi vә s.). Mәrvdәki Sultan Sәncәr türbәsinin (12 әsr), Sәmәr qәnddә Bibi xanım (1399–1405), Gur-Əmir türbәsinin (1403–04) G.-lәri, Sultaniyyәdәki Ölcaytu Xudabәndә türbәsinin ikiqat G.-i (1305–13), İstanbuldakı Suleymaniyyә vә Sultan Əhmәd camelәrinin G.-lәri (16 әsr) mәşhurdur. 19 әsrdәn memarlıqda kәrpic vә daş G.-lәrlә (xüsusi çәkisinin ağırlığı vә tikintisinin çox әmәk tәlәb etmәsi mәnfi cәhәtlәridir) yanaşı metal karkaslı ağac vә dәmir-beton G.-lәr dә tәtbiq olunmağa başlanmışdır. 20 әsrdә nazik divarlı tağbәnd-qabıq, hәmçinin metal konstruksiyaların (Berlindәki Reyxstaq binasının yeni G.-i; 1994–99), monolit vә yığma dәmir-betonun inkişafı ilә G.-in konstruksiya vә formalarının müxtәlifliyi artdı: qabırğalı, qabırğalı-dairәvi, dalğavari daxili sәthli vә s. G.-lәr yaradıldı. 20 әsrin ortalarından polimer materiallardan, ikiqat qabıq kontsruksiyalı (Londondakı “Serpentayn” rәsm qalereyasının yay pavilyonu, 2006, memar R.Kolhas) vә s. yeni növ G.-lәr tikilir.










