GÜNÇEN, S z ü n ç e n – hun şanyuyu [e.ә. 161–126]. Laoşanın oğlu. Onun hakimiyyәt illәri hunnuların әn qüdrәtli dövrü idi. E.ә. 158 ildә Çinin Şansi vә Yunçjun vilayәtlәrinә hücüm etmiş, xeyli qәnimәt vә әsir götürәrәk geri qayıtmışdı. E.ә. 156 ildә G. tәslim olmaq tәklifi ilә gәlmiş Çjao vil.-nin hakimini qәbul etmişdi. E.ә. 154 ildә U vә Çu vilayәtlәrindә üsyan qaldırmış hakimlәr Çjao ilә birlәşәrәk hunnuların hakimiyyәtinә keçmәk niyyәtindә idilәr. Lakin Çin imperatoru Çjaoya qoşun göndәrmiş vә qiyamı yatırmışdı. Bundan sonra G. Çin imperatoru Xan Szin-di ilә sülh bağlamış, e.ә. 152 ildә Çin şahzadәsi ilә evlәnmiş vә nәticәdә hunnular çinlilәrlә sәrhәdyanı ticarәt aparmaq hüququ әldә etmişdilәr. E.ә. 140 ildә taxta çıxan Çin imperatoru U-di dә G.-lә sülh vә qohumluq münasibәtlәrini tәsdiqlәmiş vә ona hәdiyyәlәr göndәrmişdi. G. tәdricәn öz qәrargahını Böyük Çin sәddi yaxınlığına köçürmüşdü. E.ә. 138 ildә yueçjilәrlә danışıq aparmağa göndәrilmiş Çjan Syan sәfirliyi hunnuların әrazisinә çatmışdı. G. hunnuların sәfirliyinin Yueyә daxil olmasına icazә verilmәdiyini bәhanә gәtirәrәk sәfirliyi 10 il müddәtinә hәbs etdirmişdi. Çin hiylә ilә G.-i әlә keçirmәk üçün plan hazırlamışdı. Hökumәtin tapşırığına әsasәn Mai ş.-nin sakini Ne İ hunnularla qeyri-qanuni ticarәt etmәyә başlamış vә onlara şәhәr darvazasını açmağa söz vermişdi. Vәdә aldanan G. 133 ildә Uçjou tәrәfdә sәrhәdi keçmişdi. Lakin әtrafda xeyli sayda çobansız mal-qara görәn G. şübhәlәnmiş vә sәrhәd postuna hücum etmişdi. Əsir alınmış sәrhәd qoşunlarının komandanı pusqu planını G.-ә açmışdı vә hunnular geri qayıtmışdılar. E.ә. 129–126 illәrdәki toqquşmalar nәticәsindә isә çinlilәr Szyaoyan vil.-ni hunnulara vermişdilәr.










