GÜNƏŞTƏPƏ – Azәrb. Resp. Füzuli ş.- nin şm.-ında, Köndәlәnçayın sağ sahilindә Eneolit vә Erkәn Tunc dövrlәrinә aid yaşayış yeri. Arxeoloji qazıntılar (1964) zamanı G.-dә Eneolit dövrünә aid bәsit formalı gil qab qırıqları vә daş alәtlәr tapılmışdır. Abidәnin Erkәn Tunc dövrünә aid mәdәni tәbәqәsinin qalınlığı 2 m-dir. Bu tәbәqәdә qaya parçaları vә çay daşlarından tikilmiş, gil mәhlulu ilә bәrkidilmiş dairәvi formalı, diametri 7 m olan yaşayış binasının qalıqlarına rast gәlinmişdir. Divarların әtrafında xeyli suvaq vә çiy kәrpic parçalarının qeydә alınması divarların daş tәmәl üzәrindә çiy kәrpicdәn tikildiyini göstәrir. Qazıntılar zamanı daş vә sümükdәn hazırlanmış әmәk alәtlәri, Kür-Araz mәdәniyyәti üçün sәciyyәvi olan cilalı qab nümunәlәri, gildәn düzәldilmiş ocaq yerlәri, heykәlciklәr aşkar edilmişdir. Tapıntılar vә tәdqiqatlar G.-nin e.ә. 5–3-cü minilliklәrdә oturaq әkinçi-maldar әhaliyә mәxsus olduğunu göstәrir. Tәdqiqatlar zamanı öküz, qoyun, keçi, ev donuzu, at vә it sümüklәri tapılmışdır. E.ә. 2-ci minillikdә G. qәbiristana çevrilmişdir. Aşkar olunan qәbirlәr tamamilә dağıldığından onların forması, hәmçinin dәfn adәti müәyyәnlәşdirilmәmişdir.










