GÜNƏŞ-YER ƏLAQƏLƏRİ – Günәş faktorlarının (Günәş lәkәlәri, mәşәllәr, Günәş alışmaları, ultravәnövşәyi, rentgen vә korpuskulyar şüalanmaların güclәnmәsi vә s.) Yerin maqnitosferindә, ionosferindә, atmosferindә, hidrosferindә, litosferindә vә biosferindә baş verәn proseslәrә tәsiri. Günәş aktivliyinin sәviyyәsi 11 illik periodla dәyişir (bax Günәş aktivliyi). 11 illik dövr Yerdә bir çox hadisәlәrlә (maqnit qasırğaları, qütb parıltıları, uzaq mәsafәlәrdә radiorabitәnin pozulması, ağacların böyümә sürәtinin dәyişmәsi vә s.) müşayiәt olunur. Yerin Günәşdәn aldığı enerjinin sabitliyi Yerin istilik balansının stasionarlığını tәmin edir. Günәş aktivliyi bir planet kimi Yerin energetikasına әhәmiyyәtli dәrәcәdә tәsir göstәrmir, lakin xromosfer alışmaları şüalanmalarının vә aktiv oblastların ayrıayrı komponentlәri Yerdә bir çox fiziki, biofiziki vә biokimyәvi proseslәrә ciddi tәsir edә bilir. Ümumiyyәtlә, toplanmış geniş faktiki materiallar Günәş aktivliyinin Yerdәki bir çox proseslәrә tәsirinin olmasına şübhә yeri qoymur. Mәs., müәyyәn edilmişdir ki, Günәş aktivliyinin 11-illik dövrü ilә zәlzәlәlәr, göllәrin sәviyyәlәrinin qalxıb-enmәlәri, k.t. mәhsulları, hәşәratların çoxalması vә miqrasiyası, qrip epidemiyaları, tif, vәba, ürәk-damar xәstәliklәrinin sayı vә s. arasında asılılıq var. Buna görә dә G.-Y.ә.-nin mexanizmlәrinin açılması elmi vә praktiki cәhәtdәn böyük әhәmiyyәtә malikdir. Mәs., bu bilgi әsasında uzunmüddәtli hava proqnozlarının vә kosmonavtika üçün zәruri olan Yer әtrafındakı korpuskulyar axınların intensivliyinin proqnozlarının dәqiqliyini kifayәt qәdәr yüksәltmәk olar. G.-Y.ә.-nin fiziki proseslәrә tәsirini – helio geofizika, bioloji proseslәrә tәsirini – heliobiologiya, havaya tәsirini isә helio meteorologiya öyrәnir.










