GÜRCÜ YAZISI – gürcü dili üçün müstәqil fonetik yazı sistemi. Gürcü salnamәsi “Kartlis sxovreba”da onun yaradılması yarımәfsanәvi çar Farnavaza (e.ә. 4–3 әsrlәr) aid edilsә dә, alimlәrin çoxu G.y.-nı bir sıra Şәrq xalqlarının yazılarının yarandığı şәrqi arami yazısının növü vә Gürcüstanda xristianlığın yayılması (4 әsr) nәticәsindә yunan yazısının tәsirilә arami әsasın sonrakı transformasiyası (yazının istiqamәti, әlifbada hәrflәrin sırası dәyişmiş, saitlәri qeyd etmәk üçün qismәn yunan dilindәn alınan işarәlәr daxil edilmişdir) ilә әlaqәlәndirirlәr. Gürcü әlifbasında hәrflәrin sırası yunan әlifbasına yaxındır. G.y. gürcü dilinin fonem tәrkibini әks etdirir: hәr fonemә müәyyәn bir qrafem uyğun gәlir. Qәdim gürcü dilindә 37 (sonralar 38) hәrf olmuşdur, müasir gürcü dilindә isә 33 hәrf var (5 sait, 28 samit). Böyük hәrflәr yoxdur. İnkişaf prosesindә G.y.-nın bir-birindәn fәrqlәnәn 3 әsas forması yaranmışdır. M r q l o v a n i (dairәvi) – qәdim gürcü әlyazmaları (5–7 әsrlәr) onunla yazılmış, 9–10 әsrlәrә qәdәr istifadә edilmişdir. Ondan n u s x u r i (sәtri) yaranmışdır, ilk nümunәsi 864 ilә aiddir, 9–11 әsrlәrdә geniş yayılmışdır. 10 әsrdә ondan m x e d r u l i (mülki vә ya dünyәvi yazı; hәrfi mәnada döyüşçü yazısı) yaranmışdır. 17 әsrdә mxedruli müasir görünüş almış, bütün sahәlәrdә yayılmış, kitab çapının yaranması ilә (1629) qәti olaraq möhkәmlәnmişdir. G.y.-nın dövrümüzәdәk gәlib çatan ilk nümunәlәri Fәlәstindә gürcü monastırındakı (tәqr. 433 il), Bolnisi Sionundakı (493–494) vә Msxeti monastırındakı (6 әsrin sonu – 7 әsr) kitabәlәrdir.
Əd.: Ц е р е т е л и Г.В. Армазское письмо и проблема происхождения грузинского алфавита // Эпиграфика Востока. М.; Л., 1948–49. Кн. 2–3; y e n ә o n u n, Древнейшие грузинские надписи из Палестины. Тбилиси, 1960; А б у л а д з е И. Образцы грузинского письма. Палеографический альбом. 2-е изд. Тбилиси, 1973.











