GÜRCÜSTAN-İMERETİYA QUBERNİYASI – Cәnubi Qafqazda Rusiya imperiyasının inz.-әrazi vahidi. 1840 il aprelin 10-da çar I Nikolay tәrәfindәn tәsdiqlәnmiş “Zaqafqaziya diyarının idarә olunması üçün tәsisat” adlı qanuna uyğun olaraq yaradılmış, tәrkibinә lәğv edilmiş Gürcüstan quberniyası, Ermәni vilayәti vә İmeretiya vilayәtinin әrazilәri daxil edilmişdi. Mәrkәzi Tiflis ş. idi. Aleksandropol, Axalsıx, Balakәn, Qori, Quriya, Yelizavetpol, Kutais, Naxçıvan, Telavi, Tiflis, İrәvan qәzalarından ibarәt olmuşdur. G.-İ. q. 1846 il dekabrın 14-dә I Nikolay tәrәfindәn tәsdiq edilmiş “Zaqafqaziya diyarının bölünmәsi haqqında әsasnamә”yә uyğun olaraq lәğv edilmiş, onun әrazisindә Tiflis vә Kutais quberniyaları yaradılmışdı










