GÜRCÜSTANIN ƏRAZİ İDDİALARI – 1918 il mayın 26-da elan olunmuş Gürcüstan Resp.-nın Azәrbaycan Xalq Cumhuriyyәtinә (AXC) qarşı irәli sürdüyü әrazi iddiaları. Gürc.-da yeni yaranmış dövlәtin әrazisi vә sәrhәdlәrinin müәyyәnlәşdirilmәsinә başlanıldı. Gürc. hökumәti vaxtilә çar Rusiyasının xüsusi mәqsәdlә Tiflis qub.-nın tәrkibinә daxil etdirdiyi tarixi Azәrb. torpaqlarına iddialarını irәli sürdü. Bu mәqsәdlә hәm müvafiq xәritәlәr tәrtib olunur, hәm dә әmәli addımlar atılırdı. Gürc. Sığnaq qәzasının c.-ş. hissәsinә, Tiflis qәzasının Qarayazı düzünә, Borçalı qәzasının mәrkәzi hissәsinә, hәmçinin Zaqatala dairәsinә әrazi iddiaları qaldırdı. Statistik mәlumata görә, Gürc.-ın iddiasında olduğu әrazilәrin ümumi әhalisinin (147 min 362 nәfәr) 135 min 898 nәfәrini (92,3%) azәrb.-lar, 6 min 526 nәfәrini isә gürcülәr tәşkil edirdi. AXC hökumәti mürәkkәb tarixi şәraitdә özünün tarixi-coğrafi torpaqlarında suveren hüquqlarını bәrpa etmәk üçün fәal siyasәt yeritdi. Zaqatala dairәsi әhalisinin arzusu nәzәrә alınaraq orada AXC idarәçiliyi yaradıldı. Digәr torpaqlar uğrunda da diplomatik fәaliyyәt davam etdirilirdi.










