GÜZGÜ o p t i k – cila lanmış sәthә malik düzgün formalı optik element; düşmә vә qayıtma bucağının bәrabәrliyi saxlanmaqla işığı әks etdirir vә әşyaların optik tәsvirini yaradır. G.-nün әksetdirәn sәthi adәtәn, metaldan (gümüş, qızıl, alüminium vә s.) vә ya dielektrikdәn hazırlanır. Sәth çox kiçik ölçülü kәlәkötürlüyә (işığın dalğa uzunluğunun yüzdә birinә yaxın) malikdir. Dielektrik G.-nün tәsiri, işığın nazik qatlarda interferensiyası hadisәsinә әsaslanır. Bunun nәticәsi olaraq dielektrik G.-lәr işığı dar spektral diapazonda әks etdirir. Ən çox müstәvi G.-dәn istifadә edilir, lakin optik sistemlәrdә sferik, silindrik, paraboloidal qaytarma sәthinә malik qabarıq vә çökük G. dә tәtbiq olunur. Müstәvi G.-dә aberrasiyasız (hәqiqi görünüşü dәyişmәyәn) xәyali tәsvirlәr alınır. Qeyri-müstәvi G.-dә tәsvir aberrasiyaya mәruz qalır. Əksetdirәn sәth simmetriya oxuna malik olarsa, әşyanın özünün vә xәyalının vәziyyәti bir-birilә 1/S′ + 1/S = 2/r düsturu ilә bağlı olur, burada r – G.-nün tәpә nöqtәsindә әyrilik radiusu, S – әşyadan G.-nün tәpәsinә qәdәr mәsafә, S′ – G.-nün tәpәsindәn xәyala qәdәr olan mәsafәdir. Bu düstur işıq şüası ilә simmetriya oxu arasındakı bucaq çox kiçik olduqda doğrudur. Əgәr әşya G.-nün tәpәsindәn çox uzaq mәsafәdә yerlәşәrsә, s′ = f ′ = r/2 düsturundan istifadә edilir. f ′ – G.-nün fokus mәsafәsidir. Metal örtüklü G.-lәrin әksetdirmә keyfiyyәti dielektriklәrә nisbәtәn çox yüksәkdir. G.-lәr astronomik teleskoplarda, lazerlәrin optik rezonatorlarında vә başqa cihazlarda tәtbiq edilir. Projektorlar vә güzgülü-linzalı optik sistemlәrdә arxa hissәsi әks etdirәn linzalardan istifadә edilir. Ehtimal ki, G. rolunu oynayan tunc disklәr Eneolit dövrünün sonundan (Suz I mәzarlığı; İran, e.ә. 5-ci minilliyin sonu) vә Erkәn Tunc dövründәn (mәs., Qafqazda Maykop mәdәniyyәti) mәlumdur. G. olması şübhә doğurmayan dәstәli G. isә Anadolu әrazisindәn e.ә. 3-cü minilliyә aid mәzarlıqlardan (Alacahöyük vә s.) tapılmışdır. Son Tunc dövründәn etibarәn G. Avrasiyanın bir çox mәdәniyyәtlәrindә (etrusklar, “skif-Sibir dünyası”, sarmatlar, alanlar vә b. G.-yә xüsusi әhәmiyyәt verirdilәr) geniş yayılmışdır. Çindә e.ә. 12–11 әsrlәrdәn mәlum olan vә ehtimal ki, Cәnubi Sibir mәdәniyyәtlәrindәn mәnimsәnilmiş G. Vuruşan çarlıqlar dövründәn (e.ә. 453/403 – e.ә. 221) kütlәvi yayılmağa başlamışdır. Qәrbi Xan dövrünә aid Çin G.-lәri vә onların bәnzәrlәri Avropaya aparılan әsas ixrac әşyası olmuş, Roma dövründә vә erkәn orta әsrlәrdә bir sıra G. növünün yaranmasına tәsir göstәrmişdir. Mezoamerikada antrasitdәn düzәldilәn G.-lәr mәlum idi. Gümüşü vә ya qızılı folqada düzәldilmiş şüşә G.-lәr Roma imperiyasında eramızın 1 әsrindәn mәlum idi. 1516 ildә Venesiyada bütöv şüşәdәn iri G. düzәltmәk texnologiyası yarandı. 16 әsrdәn Qәrbi Avropada qalaylı amalqama yayılmağa başladı, 17 әsrdә tökmә üsulu ilә hazırlanmış şüşә G.-lәr meydana gәldi. 1665 ildә Paris yaxınlığındakı Sent-Antuan kommunasında G. fabrikinin әsası qoyuldu. G.-nün reallığı “ikiqat artırmaq” xüsusiyyәti onun әnәnәvi mәdәniyyәtlәrdә rәmzi vә sehirli rolunu müәyyәnlәşdirir. G., adәtәn, axirәt dünyası ilә әlaqәlәndirilir: ondan dәfn mәrasimindә (o cümlәdәn dәfn avadanlığı kimi) vә falabaxmalarda, ölümlә bağlı ayinlәrdә (vәfat etmiş adamın evindәki G.-lәrin üstünün örtülmәsi; qәbirlәrdә sınıq G. vә s.) istifadә olunur. G. bir tәrәfdәn tәhlükәli әşya (hamilә qadınların, körpәlәrin G. ilә tәmasına qoyulan qadağalar vә s. geniş yayılmışdır), digәr tәrәfdәn hәmail kimi qәbul edilir. Miflәrdә G.-dә (yaxud onu әvәz edәn parlaq sәthdә) әksolunma qәhrәmanı ziyanverici sehirli tәsirdәn qoruyan vasitәlәrdәn (mәs., Perseyin qorqona Meduza ilә döyüşmәsindә) biridir. G. şimal buddizmindә seyretmәnin sәkkiz cavahirindәn biri, yapon imperatorlarının 3 müqәddәs rәmzindәn biri hesab edilir. G.-nün “reallıqda reallıq” yaratmaq kimi illüzionistik xüsusiyyәti 15 әsrdәn Avropa boyakarlığında (Y. van Eykin “Arnolfini cütlüyünün portreti” vә s.) istifadә olunur. Qәhrәmanın “başqa dünyaya” (“Güzgü arxası dünya”) düşmәk vasitәsi kimi G. Avropa әdәbiyyatında әn mühüm fantastik motivlәrdәn biridir.










