HAAQA KONFRANSI (1922) – beynәlxalq siyasi vә maliyyә-iqtisadi konfransı. Genuya konfransının (1922) qәrarı ilә çağırılmışdır. İyunun 15-dәn iyulun 19-dәk Haaqada (Niderland) keçirilmişdir. Konfransda Avropanın 28 dövlәti (Almaniya tәmsil olunmamışdı) vә 5 Britaniya dominionu iştirak etmişdir. Avropa nümayәndә heyәtlәrinin tәrkibinә hökumәt ekspertlәri, dövlәt xadimlәri, hәmçinin RSFSR-dәki mülkiyyәtlәri müsadirә olunmuş iri sahibkarlar daxil idi. Sovet nümayәndә heyәtinin başçısı M.M. Litvinov idi. RSFSR-in әsas mәqsәdi dağılmış iqtisadiyyatını bәrpa etmәk mәqsәdilә kredit almaq [iqtisadiyyatın dağılmasının әsas sәbәbi kimi Vәtәndaş müharibәsi (1917–22) zamanı xarici müdaxilә göstәrilirdi], digәr dövlәtlәrin әsas mәqsәdi isә onların vәtәndaşlarının RSFSR-dә millilәşdirilmiş mülkiyyәtlәrinin mәsәlәsini hәll etmәk idi. Avropa dövlәtlәri nümayәndәlәrinin bәzilәri mülkiyyәtlәrin qeyd-şәrtsiz keçmiş sahib karlarına qaytarılmasını tәlәb etsәlәr dә (Belçika, Fransa vә s.), digәrlәri bunun müqabilindә pul kompensasiyası almaqla kifayәtlәnmәyә hazır idilәr (B.Britaniya, İtaliya vә s.). Onlar RSFSR-ә kredit ayrılması mәsәlәsinә baxılmasını yalnız mülkiyyәt mәsәlәsinin hәllindәn sonra mümkün hesab edirdilәr. Keçmiş sahibkarların restitusiya hüquqlarını tanımaqdan imtina edәn sovet nümayәndә heyәti onlara mülkiyyәtlәrinin haqqını hissә-hissә ödәmәk, yaxud fәrdi qaydada konsessiyalar vermәk tәklifini irәli sürdü. Bundan başqa, sovet nümayәndә heyәti ilk növbәdә Antantaya daxil olmuş dövlәtlәrin tәbәәlәri olan ayrıayrı şәxslәrә Rusiya imperiyasının Birinci dünya müharibәsinәdәk olan borclarını hissә-hissә ödәmәyә razılıq verdi. Sovet nümayәndә heyәti dövlәt borcunun ödәnilmәsi mәsәlәsinin müzakirәsinә yalnız kredit ayrılması ilә bağlı qәrarın qәbul edilmәsindәn sonra razı olacağını bildirdi. Lakin danışıqlar dolaşığa düşdüyündәn sovet nümayәndә heyәti konfransı tәrk etdi. H.k. başa çatdıqdan dәrhal sonra Avropa dövlәtlәri sahibkarları, hәtta әn әlverişli şәrtl әrlә RSFSR-dәn konsessiyalar almamağa çağıran qәtnamә qәbul etdi (qәtnamәyә riayәt olunmadı).










