HAAQA SÜLH KONFRANSLARI (1899 vә 1907) – Haaqada (Niderland) keçirilmiş beynәlxalq konfransların mәqsәdi silahlanmanı mәhdudlaşdırmaq, beynәlxalq mübahisәlәrin dinc hәlli yollarını işlәyib hazırlamaq, hәmçinin silahlanmanın mәhdudlaşdırılmasına, müharibәnin yaranması vә aparılmasına dair normaların mәcәllәlәşdirilmәsi idi. 1-ci sülh konfransı Rusiyanın tәşәbbüsü ilә 6(18).5–17(29).7.1899 ildә çağırıldı. Konfransda Avropa, Asiya vә Amerikanın 26 ölkәsindәn 109 nümayәndә iştirak edirdi. Üç konvensiya imzalanmış vә üç bәyannamә qәbul edilmişdi. 2-ci sülh konfransı ABŞ-ın tәşәbbüsü ilә 2(15).6 – 5(18).10.1907 ildә çağırıldı. Konfransda 44 dövlәt (o cümlәdәn 19 Amerika dövlәti) tәmsil olunurdu. 1899 ildә imzalanmış konvensiyalara yenidәn baxıldı vә 10 yeni konvensiya qәbul edildi, lakin konfransda minalanma, möhkәmlәndirilmәmiş şәhәrlәrin bombardmanı, xarici borcların alınması üçün gücdәn istifadә kimi mәsәlәlәrlә bağlı müxtәlif mәhdudiyyәtlәr tәtbiq edilmәsinә, hәrbi әmәliyyatlar dövründә bitәrәf dövlәtlәrin hüquqlarının müәyyәnlәşdirilmәsinә, beynәlxalq münsiflәr mәhkәmәsinın yaradılmasına, döyüş әmәliyyatlarının başlanmasından әvvәl formal müharibә elanının zәruriliyi haqqında razılaşma әldә olunmasına baxmayaraq, tәrk-silah haqqında ümumi saziş qәbul edilmәdi. H.s.k. aşağıdakı konvensiyalarda әksini tapmış müharibә hüququnun başlıca müddәalarının işlәnib hazırlanmasına yardım etdi: “Beynәlxalq toqquşmaların dinc yolla hәlli haqqında”, “Müqavilәdәn törәyәn borc öhdәçiliklәrinin alınması üçün güc yoluna müraciәtin mәhdudlaşdırılması haqqında”, “Quruda müharibә aparılmasının qanunları vә adәtlәri”, “Quruda müharibә aparılan zaman bitәrәf dövlәtlәrin vә şәxslәrin hüquq vә vәzifәlәri haqqında”, “Hәrbi әmәliyyatlar başlanan zaman düşmәn ticarәt gәmilәrinin vәziyyәti haqqında”, “Ticarәt gәmilәrinin hәrbi gәmilәrә çevrilәmәsi haqqında”, “Avtomatik tәmaslı sualtı minaların quraşdırılması haqqında”, “Müharibә zamanı dәniz qüvvәlәri ilә bombardman haqqında”, “Cenevrә konvensiyalarının (10 avqust 1864 il) dәniz müharibәsinә tәtbiq edilmәsi haqqında”, “Dәniz müharibәsindә әlәkeçirmә hüququndan istifadәnin bәzi mәhdudiyyәtlәri haqqında”, “Dәniz müharibәsindә bitәrәf dövlәtlәrin hüquq vә vәzifәlәri haqqında”. Belәliklә, H.s.k. müharibә aparılmasının vasitә vә üsullarının beynәlxalq-hüquqi mәcәllәlәşdirilmәsi ideyalarını reallaşdırdı. Konfranslarda hüquqi cәhәtdәn möhkәmlәndirilmiş müharibә aparma qaydaları öz aktuallığını qoruyub saxlayır vә bu günәdәk fәaliyyәt göstәrir. Onlar hәrbi münaqişәllәrdә hәrbi qüvvәdәn istifadәni tәnzimlәyәn hüquqi normaların sonrakı inkişafı üçün baza rolunu oynayır. Konfranslarda BMT-nin daimi Beynәlxalq mәhkәmәsinin vә Beynәlxalq cinayәt mәhkәmәsinin sәlәfi olan daimi arbitraj mәhkәmәsinin yaradılması real yenilik idi.










