HÁAPSALU – Estoniyada şәhәr. Lyaenemaa maakondunun (qәzasının) inz. m. Əh. 9,4 min (2020). Baltika dәnizinin Haapsalu körfәzi sahilindә, Tallindәn 100 km c.-q.-dәdir. D.y. st. Toxuculuq f-ki, balıq, taxıl, әt kombinatı; ölkәşünaslıq muzeyi var. İqlim vә palçıqla müalicә kurortudur (1825 ildәn Hapsal adı ilә). Yayı mülayim isti (iyulun orta temp-ru tәqr. 17°C), qışı yumşaqdır (fevralın orta temp-ru tәqr. – 5°C). Yağıntının illik miqdarı 650 mm. İqlimlә yanaşı, әsas tәbii müalicәvi amil Haapsalu körfәzinin sulfidli lilli palçığıdır. Hәrәkәt vә dayaq orqanları, periferik sinir sistemi xәstәliklәri müalicә olunur. Sanatoriya, kurort poliklinikası, su-palçıq müalicәxanası vә digәr müәssisәlәr var. H. әsası 1264 ildә qoyulmuş yepiskop qәsrinin әtrafında salınmışdır. 1279 ildә şәhәr statusunu almışdır. Livoniya müharibәsi (1558–83) zamanı Danimarka, İsveç vә Rusiya arasında şiddәtli mübarizә meydanına çevrilmişdir. 1583 ildә imzalanmış Plyussa barışığının şәrtlәrinә görә İsveçin mülkü olmuşdur. 1710 ildә Şimal müharibәsi (1700–21) gedişindә yenidәn Rusiya tәrәfindәn işğal edilmişdir. 1918 ilin fevralında alman qoşunları tәrәfindәn tutulmuş, almanların geri çәkilmәsindәn sonra müstәqil Estoniya Resp.-nın qәza mәrkәzi olmuşdur. 1940 ildә şәhәr bütövlükdә Estoniya ilә birlikdә SSRİ-nin tәrkibinә qatılmışdır. Böyük Vәtәn müharibәsi (1941–45) zamanı almanların әlinә keçmiş (1941), Tallin әmәliyyatı (1944) gedişindә azad olunmuşdur. 1950 ildәn Estoniya SSR-in Haapsalu r-nunun mәrkәzi idi. 1990 ildәn Estoniya Resp.-nın Lyaenemaa qәzasının mәrkәzidir.

Haapsalu kurort şәhәrindәn görünüş.










