HABSBURQLAR (Habsburger) – 1282– 1918 illәrdә Avstriyada, 1526–1918 illәrdә Çexiya vә Macarıstanda (1867 ildәn Avstriya-Macarıstanda), 1516–1700 illәrdә İspaniya vә onun mülklәrindә, İtaliyanın bir hissәsindә (16 әsrdәn 1866 ilәdәk), Niderlandda hökmranlıq etmiş sülalә. 1452–1806 illәrdә (1742–45 illәr istisna olmaqla) “Müqәddәs Roma imperiyası”nın imperatorları. Əcdadlarından ilk tarixi şәxsiyyәt Yuxarı Elzasın Şvabiya zadәganlarından Varlı Quntram (10 әsrin ortaları) hesab olunur. H. 1090 ildәn Yuxarı Reynin vә İsveçrәnin Arqau vil.-nin qrafları, 1135 ildәn landqrafları idi. Sülalәnin adı 1020 ildә Arqauda inşa edilmiş Habixtsburq (sonralar Habsburq adlanırdı) qәsri ilә bağlıdır. 1273 ildә qraf Rudolfun “Roma kralı” (I Rudolf Habsburq) seçilmәsindәn sonra H. kral sülalәsi oldu. II Prjemısl Otokarla mübarizәdә Rudolf Karintiya vә Krayna (1335), Tirol (1363) vә Triyest (1383) ilә birlikdә Ştiriyanı vә Avstriyanı mülklәrinә qatmaqla әrazisini genişlәndirdi. Bu әrazilәr H.-ın Avstriyadakı irsi torpaqlarının özәyini tәşkil etdi. H. 1282 ildәn Avstriya hersoqları, 15 әsrdәn isә Avstriya ershersoqları titulunu daşıyırdılar; hәmin vaxtdan Avstriya evi (Casa d¢Austria) anlayışı yarandı. 1452 ildә III Fridrix Habsburq Müqәddәs Roma imperiyasının imperatoru olduqdan sonra H.-ın, demәk olar ki, hamısı imperator taxtına sahib idilәr. 14–15 әsrlәrdә onlar İsveçrәdәki nәsli mülklәrini itirdilәr. 1379 ildә III Albrext [1358–95] vә III Leopold [1358–86] qardaşları nәsillәrinin Albert (Aşağı vә Yuxarı Avstriya) vә Leopold (Ştiriya, Karintiya, Krayna vә Tirol) qollarına ayrılması haqqında Noyburqda müqavilә imzaladılar. III Fridrix Habsburqun hәrbi gücü, hәmçinin onun zamanında bağlanmış sülalәni kahları nәticәsindә H. Avropada hakim qüvvәyә çevrilirdi. Onun oğlu I Maksimilian Habsburq Cәsur Karlın qızı Burqundiyalı Mariya ilә evlәnәrәk (1477) H.-ın mülklәrinә Niderlandı birlәşdirdi. Onun varislәri isә müstәmlәkәlәri ilә birlikdә İspaniyanı (1516), Bohemiya vә Macarıstanın bir hissәsini (1526), İtaliyanın bir hissәsini mülklәrinә qatdılar. 1521–22 illәrdә V Karl Avstriyadakı irsi torpaqları kiçik qardaşı I Ferdinand Habsburqa vermәklә H.-ın Avstriya qolu (1918 ilәdәk mövcud olmuşdur) ayrıldı. 1556 ildә V Karl taxt-tacdan imtina etdikdәn sonra İspaniya müstәmlәkәlәri ilә birlikdә onun oğlu II Filippә keçdi, H.-ın İspaniya qolu ayrıldı, imperator titulu isә Avstriya H.-ına keçdi. Sıx siyasi vә sülalә ittifaqında olan H.-ın hәr iki qolu katolisizmin müdafiәçilәri kimi Avropada siyasi ağalığa iddialı idi. 1555 ildә I Ferdinand katolik kilsәsinin mövqeyini qorumaqla Auqsburq reyxstaqının işindә hәlledici rol oynadı. Onun oğlu imperator II Maksimilian Habsburqun [1564–76] ölümündәn sonra H.-ın irsi mülklәrindә Kontrreformasiya genişlәndi. İspaniya irsi uğrunda müharibәnin (1701– 14) nәticәsindә Cәnubi Niderland (1797 ilәdәk Avstriya Niderlandı adlanırdı) vә H.-ın İtaliyadakı mülklәri Avstriya H.-ına keçdi. H. sülalәsindәn sonuncu imperator olan VI Karlın varisi yox idi. H. evinin vahidliyini qoruyub saxlamaq mәqsәdilә sülalәnin әsas qanununa çevrilәn, qadınlara varislik hüququ verәn vә mülklәrin bölünmәzliyini tәsdiqlәyәn Praqmatik sanksiya (1713) qәbul edildi. VI Karlın qızı Mariya Tereziya Avstriya taxtına oturdu. Lakin onun hüquqlarının mübahisәli olması Avstriya irsi uğrunda müharibәyә (1740–48) gәtirib çıxardı. H. imperator hakimiyyәtini müvәqqәti itirdilәr. 1745 ildә Mariya Tereziyanın әri Lotaringiyalı Frans Stefan I Frans adı altında imperator oldu vә Habsburq-Lotaringiya sülalәsinin әsasını qoydu. Onun oğlu II İosif Avstriya dövlәt maraqlarını imperiya ideyasından üstün tuturdu. Onun irsi torpaqlarda apardığı islahatlar H. monarxiyasının әhәmiyyәtli dәrәcәdә modernlәş dirilmәsinә gәtirib çıxardı. H. üçün mühüm nәticәlәrdәn biri II Fransın Müqәddәs Roma imperiyasını lәğv etmәsi oldu. 1804 ildә o, I Frans adı ilә Avstriya imperatoru [1804–35] titulunu qәbul etdi, H.-ın mülklәri isә Avstriya imperiyası adlandı. Vyana konqresinin (1814–15) qәrarları Avstriyanın Alman İttifaqında (1815–66) vә Şimali İtaliyada üstünlüyünü tәmin etdi. Liberal vә milli hәrәkatın yüksәlişi imperator I Frans İosifi Macarıstana bәzi güzәştlәrә getmәyә mәcbur etdi. 1867 ildә Avstriya imperiyası dualist konstitusiyalı Avstriya-Macarıstan monarxiyasına çevrildi. 1918 il noyabrın 11-dә Avstriyada respublika elan olundu, Habsburq-Lotaringiya sülalәsindәn sonuncu imperator I Karl devrildi. Az sonra bütün H.-ın ölkәdәn qovulması vә onların mülkiyyәtinin müsadirә olunması haqqında qanun qәbul edildi.
Habsburqlar sülalәsindәn Almaniya kralları vә imperatorları. I Rudolf Habsburq, kral [1273–91]; I Albrext, kral [1298–1308]; Gözәl Fridrix, kral [1314–30]; II Albrext, kral [1438–39]; III Fridrix Habsburq, kral [1440 ildәn], imperator [1452–93]; I Maksimilian Habsburq, kral [1486 ildәn], imperator [1508–19]; V Karl, kral [1519 ildәn], imperator [1519–56]; I Ferdinand Habsburq, kral [1531 ildәn], imperator [1556–64]; II Maksimilian Habsburq, kral [1562 ildәn], imperator [1564–76]; II Rudolf Habsburq, kral [1575 ildәn], imperator [1576–1612]; Mattias, kral vә imperator [1612–19]; II Ferdinand Habsburq, kral vә imperator [1619–37]; III Ferdinand Habsburq, kral [1636 ildәn], imperator [1637–57]; IV Ferdinand, kral [1653–54]; I Leopold, kral vә imperator [1658–1705]; I İosif, kral [1690 ildәn], imperator [1705–11]; VI Karl, kral vә imperator [1711–40].
Habsburq-Lotaringiya sülalәsindәn Almaniya kralları vә imperatorları: I Frans Stefan, kral vә imperator [1745–65]; II İosif, kral [1764 ildәn], imperator [1765–90]; II Leopold, kral vә imperator [1790–92]; II Frans, kral vә imperator [1792– 1806].
Habsburq-Lotaringiya sülalәsindәn Avstriya imperatorları: I Frans, imperator [1804–35]; I Ferdinand, imperator [1835–48]; I Frans İosif, imperator [1848–1916]; I Karl, imperator [1916–18].
Habsburqlar sülalәsindәn İspaniya kralları: I Filipp Habsburq, Kastiliya kralı [1504–06]; I Karl, V Karl adı ilә imperator [1516–56]; II Filipp [1556–98]; III Filipp [1598–1621]; IV Filipp [1621–65]; II Karl [1665–1700].
Habsburqlar sülalәsindәn Portuqaliya kralları: I Filipp, hәmçinin II Filipp adı ilә İspaniya kralı [1556–98]; II Filipp, hәmçinin III Filipp adı ilә İspaniya kralı [1598–1621]; III Filipp, hәmçinin IV Filipp adı ilә İspaniya kralı [1621–40].
Habsburq-Lotaringiya sülalәsindәn Toskana böyük hersoqları: Frans Stefan [1737–65]; I Leopold, hәmçinin imperator II Leopold [1765–90]; III Ferdinand [1790–1801, 1814–24]; II Leopold [1824–59]; IV Ferdinand [1859–60].
Habsburq-Lotaringiya sülalәsindәn Modena hersoqları: IV Frans [1814/15–46]; V Frans [1846–48, 1849–59].
Habsburq-Lotaringiya sülalәsindәn Parma hersoginyası: Mariya-Luiza [1814/15–47].
Habsburq-Lotaringiya sülalәsindәn Meksika imperatoru: I Maksimilian [1864–67].










