HACI BAYRAM VƏLİ, N u m a n i b n Ə h m ә d (14 әsrin 1-ci yarısı, Ankara –1430, Ankara) – türk sufi şeyxi. Tәriqәt silsilәsi Şeyx Sәfiәddinә çatır. Hәyatı haqqında mәlumat azdır. Dini elmlәrә yiyәlәnmiş, bir müddәt Ankarada müdәrrislik etmişdir. Sonralar müdәrrisliyi buraxaraq mürşidi Hәmidәddin Ağsarayinin rәhbәrliyi altında “seyrü süluk”u (sufi praktikası) tamamlamış, “Bayram” tәxәllüsünü dә ondan almışdır. Mürşidi ilә birgә hәcc ziyarәtini icra etmişdir. Əxiliyin dәrin kök saldığı Ankaraya qayıtdıqdan sonra tezliklә әsnaf vә sәnәtkarlar arasında böyük hörmәt qazanmışdır. Sultan II Muradın [1421–44] әmri ilә Ədirnәyә çağırılmış, burada sultanın tәklifilә vәzlәr etmişdir. Sultanın tәkidinә rәğmәn Ankaraya qayıtmış şeyxin müridlәri vergidәn azad edilmişdirlәr. H.B.V. Hacı Bayram mәscidinin (1428) yanında dәfn olunmuşdur. Türbәsi Ankarada mühüm ziyarәtgahlardan biridir. Xorasan mәlamәtiyyә mәktәbinin davamçısı kimi formallığın әleyhinә olan H.B.V. rәsmi tәriqәt, tәkyә vә vәqf tәsis etmәmişdi. Azәrb.-dakı sәfәviyyә ocağı ilә sıx әlaqәdә olmuşdur. Mәnbәlәrdә yüksәk erudisiyaya vә natiqlik mәharәtinә malik şәxs kimi sәciyyәlәndirilir. H.B.V.-nin irsindәn heca vәznindә sadә dillә yazdığı dörd şeiri qalmışdır. Onun vәfatından sonra müridi, Sultan II Mehmedin müәllimi Ağşәmsәddin sәfәviyyәyә aid elementlәri çıxardaraq bayramiyyә tәriqәtini şәmsiyyә adı ilә rәsmilәşdirmişdir. H.B.V.-nin formallığın әleyhinә olan vә dәrvişanә hәyat tәrzini seçәn ardıcılları isә onun digәr müridi Əmir Sikkininin әtrafında birlәşәrәk bayramiyyәnin mәlamiyyә qolunu tәşkil etmişlәr. H.B.V.-nin bir çox müridi İstanbulun fәthindә (1453) iştirak etmiş, Osmanlı mәdәni hәyatının inkişafında mühüm rol oynamışlar. İstanbulda mәskunlaşan Buxuri Şeyx Yaqub, Durmuş Dәdә, Şeyx oğlu Ədhәm Baba kimi bayrami dәrvişlәri Orta Anadolu vә Bursadan İstanbula köçmüş müsәlman әhali arasında fütüvvәt әnәnәlәrini yaymışlar. Sәfәviyyә silsilәsini davam etdirdiklәrinә, xalq kütlәlәri içәrisindә böyük nüfuz sahibi olduqlarına vә rәsmi mәzhәblә fikir ayrılıqlarına görә 16– 17 әsrlәrdә tәqiblәrә mәruz qalmışlar.










