HACI DAVUD (1680, Şirvandakı Müşkür mahalı, Dәdәli k. – 1735/36, Kipr a.) – 18 әsrin әvvәllәrindә Sәfәvilәrin zülmünә qarşı Şirvan üsyanının başçılarından biri. Şimal-Şәrqi Azәrb.-da nüfuzlu sünni ruhanilәrindәn olan H.D. yerli әhalinin şahüsuli-idarәsinә qarşı mübarizәsinә dini rәng verib şiәliyә qarşı mübarizә adı altında Şirvanda hakimiyyәti әlә keçirmәyә çalışırdı. Qaraqaytaqlı Əhmәd xan vә qazıqumuxlu Surxay xanla ittifaqa girmişdi. Lakin 1719 ilin sonlarında Sәfәvilәrin vә yerli hakimlәrin qoşunları Şirvanda baş verәn üsyanı yatırmağa nail oldular. H.D. tutulub Dәrbәnd hәbsxanasına salındı. Surxay xan şaha xidmәt edәcәyinә söz verәrәk, yüzbaşı rütbәsini aldı vә şahın Dağıstandakı etibarlı adamlarından birinә çevrildi. H.D. hәbsdәn qaçaraq yenidәn Şirvan üsyançılarına başçılıq etmәyә başladı vә Surxay xanı muzdlu qoşunları ilә birlikdә öz tәrәfinә çәkmәyә nail oldu. Şirvanda müstәqil dövlәt yaratmaq niyyәtindә olan H.D. güclü ordu yaratmaq üçün rus çarına müraciәt etdi. Lakin I Pyotr Sәfәvi şahı ilә mövcud olan “dostluğa” әsaslanaraq “şaha kömәk” adı ilә Şirvana vә Xәzәrboyu әyalәtlәrә qoşun yeritmәk vә Xәzәr dәnizini Rusiya imperiyasının daxili dәnizinә çevirmәk niyyәtindә idi. H.D. 1721 ildә Şamaxını tutdu: şәhәrdәki әcnәbi tacirlәr, o cümlәdәn 400 min tümәn dәyәrindә malları olan 300 nәfәrdәn çox rus taciri öldürüldü. Bundan sonra üsyançılar Dәrbәnd vә Bakı qalalarına uğursuz hücumlar etdilәr, Gәncәni mühasirәyә aldılar. Hadisәlәrin şahidi Yesayi Hәsәn Cәlal “Alban ölkәsinin müxtәsәr tarixi”ndә üsyançıların ara-sıra Xaçın, Dizaq vә Vәrәndә mahallarında göründüklәrini yazır. Mәnbәlәrdә H.D.-un dәstәlәrinin Ərdәbilә yaxınlaşması haqqında mәlumat var. I Pyotr Şirvanda rus tacirlәrinin qarәt edilmәsi hadisәsindәn istifadә etmәyә çalışdı. Onun Azәrb. dilindә yazılmış manifestindә çar qoşunlarının hücumuna bu sәbәb göstәrilirdi. Rusiya tәrәfindәn cәzalandırılacağından ehtiyat edәn H.D. 1722 ildә İstanbula gedәrәk Türkiyәnin vassallığını qәbul etdi. Türkiyә sultanı III Əhmәd H.D.-a xan titulu verәrәk onu Şirvan xanlığının hakimi kimi tanıdı. 1723 ilin yazında H.D., saxurlu Əli Sultan, qaraqaytaqlı Əhmәd xan, Tәrki şamxalı Adil Gәray vә carlılar Kaxeti çarı II Konstantini (Mәhmәdqulu xan) müdafiә etmәklә Tiflisi aldılar. Kartli çarı VI Vaxtanq 60 min tümәn xәrac ödәdi. Sonralar Rusiya ilә gizli danışıqlar apardığı üçün 1728 ildә H.D. ailәsi ilә birlikdә Gәncәyә çağırıldı vә osmanlılar tәrәfindәn Kipr a-na sürgün edildi.










