HACIBABABƏYOV Hüseynağa Soltan oğlu (19.5.1898, Şamaxı – 10.11.1972, Bakı) – Azәrb. müğәnnisi (lirik tenor). Azәrb. SSR. xalq artisti (1938). Azәrb. Dövlәt Konservatoriyasını (1928) bitirmişdir. 1910 ildәn “Nicat” cәmiyyәtinin nәzdindәki xorda oxumuş, 1913 ildәn “Sәfa” cәmiyyәtinin dram trup pasının tamaşalarında çıxış etmişdir. 1916 ildәn Azәrb. musiqi truppası ilә Cәnubi Qafqaz, Orta Asiya vә İranın bir çox şәhәrindә qastrolda olmuş, әsasәn, qadın partiyalarını oxumuşdur: Leyli, Əsli, Gülçöhrә, Gülnaz (“Leyli vә Mәcnun”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, Ü.Hacıbәyli). 1920–60 illәrdә Azәrb. Opera vә Balet Teatrının solisti olmuşdur. Nadir tembrli gözәl sәsә, virtuoz vokal texnikasına malik olan H. milli tamaşalarda Mәcnun, Kәrәm, Əsgәr (“Leyli vә Mәcnun”, “Əsli vә Kәrәm”, “Arşın mal alan”, Ü.Hacıbәyli), Şah İsmayıl, Əlyar (“Şah İsmayıl”, “Nәrgiz”, M.Maqomayev), Qәrib (“Aşıq Qәrib”, Z.Hacıbәyov), Xosrov (“Xosrov vә Şirin”, Niyazi) partiyalarını oxumaqla yanaşı, klassik rus vә Qәrbi Avropa bәstәkar larının operalarında da çıxış etmişdir (Almaviva, “Sevilya bәrbәri”, C.Rossini). Müğәnninin yaradıcılığı xanәndәlik, aşıq sәnәtinә xas vokal ifaçılıq xüsusiyyәtlәri, improvizasiya mәharәti ilә fәrqlәnmişdir. Azәrb. xalq mahnılarının, Azәrb. bәstә karlarının vokal әsәrlәrinin ifaçısı kimi dә tanınmışdır. Qırmızı Əmәk Bayrağı, “Şәrәf nişanı” ordenlәri ilә tәltif edilmişdir.











